https://www.zirve.edu.az/
24.01.2021 15:29
XXI Əsr Universitet modeli necə olmalıdır?-Etibar Əliyev

Bu yaxında XXI Əsr Universitet modeli mövzusunda keçirilən konfransda maraqlı məsələlərə toxunuldu. Həmin tədbirdə Təhsil naziri Emin Emrullayev, Təhsil nazirliyinin yanında İctimai Şuranın sədri professor Şahlar Əsgərov, UNEC rektoru, professor Ədalət Muradov. Texniki Universitetin rektoru, professor Vilayət Vəliyev və İstanbul Texniki Universitetinin rektoru professor İsmaıl Koyunçu maraqlı təqdimatlarla çıxış etdilər. Əsrimizin Universitet modelini qurmaq hamımız üçün böyük maraq kəsb edir. Bu necə olmalıdır? Dünya universitetləri bir neçə missiya yerinə yetirirlər. Birincisi təhsil, ikincisi tədqiqatlardır. Üçüncü missiya qloballaşma şəraitində universitetlərin vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqəsidir. Bunu ictimai missiya da adlandırmaq olar. Bura texnoloji funksiyanı da əlavə etsək yanılmarıq. Biz universitetlərin təhsil missiyasını həmişə önə çəkməyə çalışmışıq. Lakin son zamanlar “təhsildən-elmə” paradiqması çərçivəsində Universitetlərdə elmi tədqiqatların kəmiyyət və keyfiyyət kriteriyalarına diqqət artıb. Yaşadığımız əsrdə Universitetlərin üzərinə insan kapitalının inkişafı kimi mühüm vəzifə düşür. Bunun həyata keçirilməsi üçün ali məktəblər tədqiqatlara üstünlük verməlidrlər. “Tədqiqat universiteti” (research university) anlayışi ilk dəfə ABŞ da elmi dövriyyəyə buraxılıb. Və tədiqiqat işlərinin intensiv aparıldığı bir neçə universitetdə tətbiqini tapıb. İlk tədqiqat universiteti isə 1809-cu ildə Vilhelm fon Humbolt tərəfindən Berlində yaradılıb. Klassik tədqiqat Universitetinin mahiyyəti tədris prosesini fundamental elmi tədqiqatlara inteqrasiya etməkdir. 2012-cu ilə qədər ABŞ da 260, Almaniyada 70, Böyük Britaniyada 73 tədqiqat universiteti formalaşıb.
Fikrimcə:
-Universitetlər özünəməxsuluğu ilə seçilən mədəni, sosial-iqtisadi və fiziki əhatəsindən faydalanmalıdır.
-Distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində texnoloji və məzmun istiqamətində yeniliklərə imza atmalıdırlar.
-Universitetlər cəmiyyətə transformasiya olunmalı, sosial dəyişikliklərin katalizatoru funksiyasını daşımalıdırlar.
-Universitetlər akademik imbridinqi (öz məzunlarının işə götürülməsi) genişləndirməlidir.
-Universitetlər sahibkarlıq təşəbbüslərini dəyərləndirməli, öz bilik tutumlarını tətbiq etməli, innovasiyaları rəğbətləndirməlidir.
-Universitetlər tədqiqatları ilə paraktik məslələri həll etməli, elmin populayralşdırılmasında maraqlı olmalıdırlar.
-Tələbələrə uğurlarını təqdim etməyə imkanlar yaratmalı, hər bir tələbənin uğurunu qiymətləndirməlidir.
-Universitetlər elmi istiqamətləri birləşdirməli, Disiplinar sərhədləri aşmaqla yeni biliklər yaratmalıdır.
-Universitetlər Qlobal fəlaiyyətlə məşğul olmalıdırlar. Lokal, milli, və Beynəlxalq problemləri qavrama yönümündə əlaqələr yaratmalıdırlar.
ABŞ-ın Nüfuzlu Kolumbiya universitetində 2005-ci ildən “Bilməmə” kursları tədris olunur. Universitetə məşhur alimlər dəvət olunurlar ki, onlar nələri bilmədikləri haqqında danışsınlar. Müxtəlif sahələrin alimləri danışırlar ki, onlar nəyi bilmək istəyərdilər, onların düşüncəsinə görə daha vacib olanlar nədir, onlar zəruri bilikləri necə almalıdırlar? Bu kurslarda əsas diqqət ona ayrılır ki, məsələn, dərsliklərdə nələr çatışmır, tədris prosesində nələr yaddan çıxır, müəllimlər üzərlərində çalışırlarmı, bir sözlə tələbələrdə nəyi bilmədikləri və nəyi bilmək istədikləri haqqında düşüncələri oyadırlar.
Belə kursların təşkilinə bizdə də böyük ehtiyac var...

 

Etibar Əliyev