https://www.zirve.edu.az/
22.01.2021 14:43
Distant təhsil, zamanı itirməyək

Ümumbəşəri bəlaya çevrilməklə həyatın müxtəlif sahələrində dünya əhalisinin canlı ünsiyyətini məhdudlaşdıran yeni növ koronavirus pandemiyası adamları fərqli həyat tərzinə alışmaq məcburiyyətində qoyub. 

 

Ətrafında kifayət qədər müzakirələr aparılan məsafədən təhsil problemi bu gün aktuallaşmaqla yanaşı, həm də reallığa çevrilib.

 

Hazırda cəmiyyət üzvləri arasında distant münasibətlər yeni növ ünsiyyət modeli kimi bir çox fəaliyyət sahələrini əhatə etdir. 

 

Bütün dünyada olduğu kimi, ölkəmizdə də distant fəaliyyət növləri, o cümlədən distant təhsil yeni həyat tərzinin ayrılmaz tərkib hissəsidir.

 

Distant təhsilin səciyyəvi xüsusiyyətlərinə müəllimin tamamilə yeni rolu, tədrisin keyfiyyətinə daimi nəzarət, təlimdə fərqli vasitə və texnologiyalardan istifadə aid edilir. 

 

Distant, yəni müəyyən məsafədən həyata keçirilən təlim-tədris sistemi inkişaf etmiş ölkələrdə geniş yayılıb.

 

Dərslər, məşğələlər və təlimlər televiziya kanalları, multimedia diskləri, internet şəbəkəsinin imkanları vasitəsilə gerçəkləşir. 

 

Azərbaycanda distant təhsil “Təhsil haqqında” yeni Qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il sənədində təsbit olunur. Lakin bu növ təhsilin geniş tətbiqində ilk və kövrək addımlar yalnız indi, karantin rejimi səbəbindən yaranmış pandemiya şəraitində atılır.

 

Ölkənin Təhsil Nazirliyi məsafəli təhsil prosesinin bərqərar olması və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb, pedaqoji ictimaiyyət son aylar ərzində bu prosesin fəal iştirakçısına çevrilməyə səy göstərmiş, şagirdlər və tələbələr bu təhsil formasından bəhrələnməyə çalışıblar.

 

Son zamanlar distant təhsilin əsas xüsusiyyətləri, qarşıya çıxan çətinliklər, bu çətinliklərin dəf edilməsi yolları kimi aktual problemlər dövri mətbuat səhifələrində, televiziya efiri və sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.

 

İlham Əhmədov, Hümeyir Əhmədov, Şahrza Ağayev kimi alim və tədqiqatçılar, peşəkar mütəxəssislər mütəmadi olaraq mətbuat səhifələrində öz fikirlərini bölüşür, maraqlı və faydalı təkliflər irəli sürürlər. 

 

Distant təhsillə bağlı məsələlərin hərtərəfli müzakirəsində canlanma təkcə təhsil qurumlarını, təhsil prosesinin iştirakçılarını deyil, həm də bütövlükdə vətəndaş cəmiyyətini, gənc nəslin formalaşmasına dəstək göstərən qeyri-hökumət təşkilatlarını əhatə edir. 

 

Şübhəsiz ki, distant təhsilin təşkili ilə bağlı problemlər kifayət qədərdir. Bu problemlərin həlli beynəlxalq təcrübə öyrənilmədən, konseptual məsələləri konfrans və vebinarlar çərçivəsində dərindən müzakirə etmədən mümkün deyil. 

 

Xarici ölkələrdə illərdir tətbiq edilən və müsbət bəhrəsini verən distant təhsil forması ilə bağlı bilgiləri əldə etmək çətin olmasa da, nəticələri təhlil edib ümumiləşdirmək, müəyyən dərəcədə sistemləşdirib ölkəmizin təhsil sisteminə uyğunlaşdırmaq və pedaqoji ictimaiyyətə təqdim etmək peşəkar münasibət tələb edir.

 

Təcrübəsinə diqqət yetirilməsi məqsədəuyğun hesab edilən beynəlxalq təhsil qurumlarından biri də hər ay dünyanın müxtəlif ölkələrindən 20 milyon tələbənin bilik və savad əldə etmək üçün üz tutduqları Xan Akademiyasıdır (“Khan Academy”). 2008-ci ildə amerikalı mütəxəssis Salman Xan tərəfindən yaradılmış və çox qısa bir zamanda ümumdünya səviyyəsində böyük nüfuz qazanmış, təhsil sahəsində ianələrlə dəstəklənən sosial sahibkarlığın nümunəsinə çevrilmiş Khan Academy NASA, Modern Sənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla, Bill & Melinda Qeys və Leman fondları, Ann və John Doerr, Google kimi böyük təşkilatlarla əməkdaşlıq edir. Dünyada virtual təhsil üzrə ən geniş resursa və istifadəçiyə sahib olmuş Khan Academy internet resursu olaraq youtube-da ümumi baxış sayı 200 milyonu keçmiş 3000-dən çox videodərsə malikdir. Onlayn platformada yerləşdirilmiş dərsliklərə, videolara və mühazirələrə dünyanın istənilən yerindən 46 müxtəlif dildə baxmaq mümkündür. Təsadüfi deyildir ki, 2012-ci ildə Salman Xan “Times”in versiyasına əsasən, dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısına daxil edilib.

 

Bu gün dünyada geniş tələbə auditoriyasına malik olan bu cür beynəlxalq təhsil qurumlarının təcrübəsini öyrənməklə yeni reallığa qədəm qoyan milli təhsilimizin ilk addımlarını möhkəmlətmiş olarıq. 

 

Məsafəli təhsilin təşkilində bizdən uzaq məsafədə olan təcrübəyə yaxınlaşmaq zamanıdır. 

 

Zamanı ötürməyək...

 

Könül Quliyeva,