Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-22 10:17:00
Kaş ki brifinqdə hibrid tədrislə bağlı qərar verilməsin – Müəllimlərin narazılığı

 

 

Son günlər sosial şəbəkələrdə yanvarın 22-sində keçiriləcək brifinq müzakirə olunur. Müəllimlərin əksəriyyəri “nə olur, olsun, bircə hibrid təhsil olmasın” deyirlər.

 

Hibrid təhsili vaxt itkisi kimi qiymətləndirənlər də az deyil.

 

Mövzu ilə bağlı Azedu.az –a danışan müəllim Aynur Cavid hibrid dərslərin müəllimlər,   valideynlər, həm də  şagirdlər üçün faydası olmadığını bildirib:

 

“Hibrid dərslər mənə görə vaxt itkisidi. Virusa yoluxan bir gündə də  yoluxur. Təsəvvür edin ki, valideynlər məcburdur ki,  uşaqlarına geyim, ayaqqabı alsın,  uşaq 2 gün  məktəbə gəlsin və yenə məcburdur ki,  aylıq internet  paketi götürsün ki, uşaq evdə distant dərslərə qoşulsun.  Elə ailələr var ki, onlarda səhər, həm də günorta növbəsində  oxuyan şagird var. Valideyn uşağın birini məktəbə  gətirib, eyni zamanda o birini online qoşa bilmir”.

 

“Məktəblər  ya tam, açılsın ya da onlayn dərslər davam etsin”

 

Aynur müəllim qeyd edib ki, hibrid təhsil müəllimlərin bütün işlərini alt-üst edir. Onlar nə distant dərslərə, nə gündəlik fəaliyyətə, nə də repetitorluğa vaxt tapa bilmirlər:

 

“ Müəllim  uzaqda yaşayırsa, yol pulu ödəyib, məktəbə 2 saatlıq gəlib,  dərsini keçib qayıdır və zamanı yolda gedir, online dərsə çatdırmır.

 

Təsəvvür edin, başqa işdə işləyən və ya repetitorluqla məşğul olan  müəllimlər cədvəllərin qurub çörəyin qazana bilmir. Zəmanə çətindir,  maddi durumun  pis vaxtında bir az əlavə xərclər nəyə lazımdır ki?!

 

Üstəlik, müəllimlərin  hamısı  işlədiyi yerdə yaşamır.  Ucqar kəndlərdə H1, H2 ilə işləyənlər 4 saat dərsə görə ev kirayəsi verib yaşamalıdı, ya necə? Həmin kəndlərin çoxunda  internet də yoxdur ki, müəllim digər  dərsini distant apara bilsin.

 

Valideynlər , şagirdlər indi-indi onlayn dərslərə alışır, uşaqları telefonla , internetlə təmin edirlər. Ona görə ya tam açılsın, ya da onlayn qalsın”.

 

“Hibrid dərs yorucudur,şagird də, müəllim də   çaş-baş qalır: yarı məktəb,yarı distant

 

Müəllim Gülçöhrə Xəlilli də hibrid tədrisin tərəfdarı deyil. 

 

“Hibrid dərsin tərəfdarı deyiləm. Düzdür, hibrid təhsilin müsbət cəhətləri də var.Ancaq mən hibrid dərsdənsə,ya onlayn,ya da əyani dərsin  tərəfdarıyam. Onlayn dərs zamanı qarışıqlıq olmur,ancaq hibrid dərs yorucudur,uşaq çaş-baş qalır: yarı məktəb,yarı distant.

 

 Normal şəraitdə- maskasız,əlcəksiz dərs keçməyi heç nə əvəz edə bilmir.  Çox vaxt şagird   “müəllim, maska ilə danışa bilmirəm”- deyə müraciət də edir. Yəni bu kimi hallar yaranır və bunlar psixoloji olaraq uşaqları dərsdən yayındırır.

 

Tək müsbət cəhəti odur ki,distant  tədris zamanı bəzi mövzular vardır ki,uşaq tam mənimsəyə bilmir,bu zaman əyanidə həmin mövzu üzərində möhkəmlənmək olur. Yəni belə qeyd edim ki, humanitar fənlərdə çətinlik yoxdur, digər fənlər var ki,bu fənlər lövhəsiz mümkün deyil”.

 

Müsahibimiz müəllim Coşqun Dövlətov isə mərhələli olaraq tədrisin əyani davam etməsini istəyir:

 

“Distant təhsil bilik qazandırdığı halda, şagirdlər arasında sosiallığı aşağı salır. Məktəb təkcə bilik mənbəyi kimi qiymətləndirilməməlidir. Hibrid təhsil ən azı az günlər olsa belə şagirdlər cəmiyyətə çıxmış olar. Və ən əsası tədrisi mütləq əyani daha çox effekt verən fənlər var ki,distant təhsildə əhəmiyyət kəsb etmir. Məsələn, Riyaziyyat, Azərbaycan dili və s. Bu kimi fənlər əyaniliyi sevir. Çox istəyərdim ki mərhələli şəkildə tədris əyani olaraq davam etsin”.

 

 

Sonda qeyd edək ki, yanvarın 22-sində Təhsil nazirinin iştirakı ilə keçiriləcək brifinqdə tədrisin təşkili qaydaları açıqlanacaq.