Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-30 12:37:00
Kolleclərə qəbul qaydalarında yenilik! – Bu ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcəklər

Bu ildən etibarən 9 illik bazada "Bədən tərbiyəsi və idman" və" Fiziki tərbiyə" müəllimliyi ixtisasları üzrə kolleclərə qəbul olmaq istəyən abituriyentlər Ümumi Fiziki Hazırlıqdan (ÜFH) qabiliyyət imtahanı verməlidirlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, həmin ixtisaslar üzrə qabiliyyət imtahanında iştirak etmək istəyən və müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 6-dan 16-dək DİM-in internet saytına daxil olub qəbul olmaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanında abituriyent aşağıdakı 3 hərəkət üzrə normativləri yerinə yetirməlidir:

  1. turnikdə dartınma (qızlar bu hərəkətin əvəzinə əllər gimnastika skamyasında olmaqla uzanaraq dayaq vəziyyətindən qolları büküb-açmaq hərəkətini icra edirlər);
  2. yerindən uzunluğa tullanma;
  3. 30 m məsafəyə qaçış.

ÜFH imtahanının hər bir hərəkəti üzrə toplanılan balların orta qiyməti hesablanaraq tam ədədə qədər yuvarlaqlaşdırılır və qabiliyyət imtahanı üzrə yekun bal çıxarılır.

Qabiliyyət imtahanında toplanılmış (10 ballıq şkala üzrə) 6 və daha yüksək bal “məqbul” qiymət hesab edilir.

Bu istiqamətin ixtisasları üzrə qabiliyyət imtahanına gələrkən abituriyentlər komissiyaya sağlamlıq haqqında arayış təqdim etməli və özləri ilə idman forması gətirməlidirlər.

Qeyd edək ki, bu haqda “Abituriyent” jurnalının 2018-ci il tarixli 3 nömrəli buraxılışında ətraflı məlumat verilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları