Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-18 13:46:00
Təhsil Nazirliyindən diplomların tanınması ilə bağlı AzEdu-ya vacib açıqlama – Xaricdə təhsil

 

 

Hazırda  koronavirus  pandemiyası  səbəbi  ilə  əksər  dünya  ölkələrində  tədris  prosesi  distant  şəkildə  davam  etdirilir. 

 

Bu  hal  Azərbaycan  ali  təhsil  müəssisələrindən  verilən  diplomların  ölkəmizdə  tanınmasına  hər  hansı  bir  təsir  göstərməyəcək. Çünki  hazırda  ölkəmizdə  mövcud  olan  təhsil  forması  distant  deyil, sadəcə  tədrisin  təşkili  müvəqqəti  distant  olaraq  həyata  keçirilir.

 

“Təhsil  haqqında”  Qanunda  qeyd  edilib  ki, zəruri  hallarda, müasir  təhsil texnologiyalarından  istifadə  etməklə  müvafiq  icra  hakimiyyəti  orqanı tərəfindən  müəyyən  edilmiş  qaydada  distant  təhsilalma  forması  tətbiq  edilə bilər.

 

Bəs  bu  hal  xarici  ölkələrdə  təhsil  alan  tələbələr  üçün  də  keçərlidir? Pandemiya  səbəbi  ilə  təhsilini  distant  olaraq  davam   edirən  xarici  ali  təhsil  müəssisələrinin  diplomları  ölkəmizdə  tanınacaqmı?

 

Təhsil  Nazirliyi  AzEdu.az-ın  bu  mövzu  ilə  bağlı  sorğusuna  cavab  olaraq  bildirib  ki, bu  məqam  müəyyən  əsaslarla  nəzərə  alınacaq:

 

“Ölkəmizdə, eləcə də dünyanın bir çox ölkələrində  COVID-19  pandemiyasının  yayılmasının  qarşısının alınması  məqsədi  ilə  ali  təhsil  müəssisələrində  tədris  prosesi  müvəqqəti dayandırılmış  və  tələbələrin  dərslərdə  fiziki olaraq  iştirak  etmədən  təhsillərini  davam  etdirmələrinə  şərait  yaradılmışdır.

 

Mövcud  vəziyyətlə əlaqədar  olaraq, Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 13 may 2003-cü il tarixli, 64  nömrəli  qərarı  ilə təsdiq  edilmiş “Xarici  dövlətlərin  ali  təhsil sahəsində  ixtisaslarının  tanınması  və  ekvivalentliyinin  müəyyən  edilməsi (nostrifikasiyası)  Qaydaları"nın  tətbiqi  zamanı  “Avropa  regionunda  ali  təhsil  sahəsində  ixtisasların  tanınması  haqqında”  Konvensiyaya  (Lissabon Konvensiyasına)  üzv  ölkələrin  Milli  Məlumat  Mərkəzlərindən, üzv  olmayan ölkələrin  isə  səlahiyyətli  orqanlarından  və  ya  aidiyyəti  ali  təhsil müəssisəsindən  əldə  olunan  rəsmi  məlumat  əsasında  sözügedən  məqam  nəzərə  alınacaqdır.”

 

Yəni, xarici  ali  təhsil  müəssisəsindən  verilən  diplomun  ölkəmizdə  tanınması  üçün  bu  barədə  Milli  Məlumat  Mərkəzləri, səlahiyyətli  orqanlar  yaxud  ali  təhsil  müəssisəsinin  özündən  rəsmi  məlumat  verilməlidir.

 

Qeyd  edək  ki, tələbə  ümumiyyətlə  xarici  ali  təhsil  müəssisəsinə  rəsmi  təhsilalma forması  olaraq  distant  qəbul  olunubsa  bu  zaman  hazırkı  qanunlara  əsasən, veriləcək  diplom  və  ixtisas  ölkəmizdə  tanınmır.