Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-02 12:56:58
“Onda özümü birinci sinif şagirdi sanıram” - Yazıçıların məktəb görüşləri

Şagirdlərdə ədəbiyyata, mədəniyyətə marağın yaradılması üçün məktəblərdə yazıçı və şairlərlə görüşlər təşkil olunur. Sual-cavab şəklində keçən görüşlərdə səbəbkarın əsərlərdən parçalar səsləndirilir və  müzakirələr aparılır.

Bu cür tədbirlər gələcək nəsillərdə dünyagörüşünün formalaşması, həyata baxış bucaqlarının dəyişdirilməsi və onlarda mütaliə bacarıqlarının artırılması baxımından əhəmiyyətlidir.

Şagirdlərin bu görüşlərə necə maraq göstərdiyini isə tez-tez məktəblərə dəvət olunan ziyalılardan öyrəndik.

Nasir, yazıçı-dramaturq, Elçin Hüseynbəyli AzEDU-ya açıqlamasında olduğu bütün məktəblərdə yüksək səviyyədə qarşılandığını bildirib:

“Bir təhsil ocağına gedəndə yaxşı mənada heyrətləndim. Səhv etmirəmsə, 18 Nömrəli tam orta məktəbdə şagirdlər məni milli geyimdə qarşıladılar. Görüş üçün çox yaxşı hazırlıq görülmüşdü, rəqs qrupları belə  var idi. 5-ci sinif şagirdləriylə “Firuzə qaşlı xəncər” hekayəsini təhlil etdik.

413721813.jpg

İmişlidən, Hövsandan müəllimlər zəng edirlər ki, şagirdlər sizi görmək, eşitmək, suallar vermək istəyirlər. Şagirdlərin oxumağa həvəsi var. Onlarda sevgi yaradanda, düzgün yönləndirəndə daha çox ədəbiyyata bağlanırlar. Cəmiyyətdə oxu mədəniyyəti olmasa, oxucularımız yetişə bilməz. Ona görə də uşaqlara 5-6 yaşından başlayaraq oxu, dinləmə vərdişləri öyrədilməlidir”.

Xalq şairi Fikrət Qoca deyib ki, şagirdlərlə belə görüşlərin təşkil olunması çox yaxşı amildir:

“Biri var küçədə dalaşmağa, biri də var ədəbiyyata, mədəniyyətə meyl edən məktəbli... Bunu alqışlamaq lazımdır. Mən də buna görə məktəblərə gedib görüşlər keçirirəm. Uşaqlar bizim keçmişimiz və gələcəyimizdir. Biz də uşaq olmuşuq. Gələcəyimizdə də uşaqlar olacaq. Onlar böyüyəcək və oturub xatirələrini danışanda deyəcəklər ki, mən Fikrət babanı görmüşdüm.

1-1-14.jpg

Mənim 83 yaşım var. Bu yaşda məktəbə uşaqların görüşünə getmək birinci sinif şagirdi olmaq kimi bir şeydir. Bu görüşlər sayəsində öz uşaqlığınla indiki uşaqları müqayisə edirsən, indiyə kimi keçdiyin yolu, təkamülü görürsən. Ona görə də belə tədbirlərin keçirilməsi çox vacibdir”.

Şair Vahid Əzizin sözlərinə görə, son zamanlarda həm müəllimlərdə, həm də şagirdlərdə ədəbiyyata maraq artıb:

“Bu günə qədər bir çox məktəblərdə olmuşam. Keçmiş Təhsil Nazirliyi sərəncam vermişdi ki, şagirdlərin mədəniyyət işçiləri ilə görüşləri təşkil olunsun. Bu il, deyəsən, bu işi səngidiblər. Bu cür görüşlərin sayı artsa, ədəbiyyata da maraq artacaq.

Dəvət olunduğum məktəblərin hamısında böyük hörmət görmüşəm. Şagirdlər şeirlərimi səhnələşdiriblər, sözlərinə mahnılar bəstələyib ifa ediblər. Elə bir görüş olmayıb ki, razı qalmayım. Keçən il Novruz bayramı qabağı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanasında tələbələrlə görüşüm çox maraqlı oldu. Tələbələrdən  özümə qarşı yalnız hörmət, sevgi gördüm. Belə hesab edirəm ki, heç olmasa ayda bir dəfə cəmiyyət içərisində tanınmış simalarla, ədəbiyyat nümayəndələri ilə  insanların, xüsusilə də uşaqların görüşü mütəmadi olaraq təşkil olunmalıdır. Çünki evdə valideynlərin başı işə qarışır. Amma şagirdlər ziyalılardan sözlər eşitməli,  nələrisə öyrənməlidir ki, sabah gələcək həyatlarında hansısa dəyişikliklər edə bilsinlər”.

maxresdefault.jpg

Şair Kəmalə Abıyeva məktəblərdə çox yaxşı qarşılandığını diqqətə çatdırıb:

“Müasir dövrdə bədii ədəbiyyat oxumağa maraq azdır. Hal-hazırda valideyn iclasından  gəlirəm. Kim hansı qrup üzrə hazırlaşırsa, yalnız o qrupun dərslərini oxuyur. Onların məqsədi tək öz ixtisas qrupu üzrə hazırlaşıb  200 bal yığaraq harasa qəbul olmaqdır. Mən istəyərdim, uşaqlarımın məqsədi daha böyük olsun.

Lökbatanda, Qaradağ rayonunda Əliheydər Kazımov adına 228 nömrəli tam məktəbdə olmuşam. O zaman direktor Azər Ələkbərov idi. Möhtəşəm bir görüş hazırlanmışdı. Hətta şagirdlərlə yanaşı, müəllimlər belə şeirlər əzbərləmişdilər. 191 nömrəli məktəbin kollektivi  isə dəvət üçün  üzərində şəklim olan çox gözəl dəvətnamə hazırlamışdı.

27637264a001ca8a947cec5c9472636b.jpg

Görüşlərdə ədəbiyyatı, şeir deməyi sevən, bədii ədəbiyyat oxuyan uşaqlar iştirak edirlər. 228 nömrəli məktəb məni yaxşı mənada çox təəccübləndirdi. Şagirdlər də, müəllimlər də durub getmək istəmirdilər. Şagirdlərdən bəziləri şeir oxuyur, bəziləri isə sual verirdilər”.

Nəzrin Rüstəmova