Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-02 12:16:19
Oğlanların həsəd apardığı yer - Yalnız qızların oxuduğu universitetdən REPORTAJ

Oğlanları sevməyən, amma kişi müəllimlərə üstünlük verən aqressiv qızlar; “Oğlan görəndə özlərini qəribə aparırlar”

Dünyada müsəlman qızları üçün tikilən ilk lisey hazırda İstiqlaliyyət küçəsində yerləşən Azərbaycan Əlyazmalar İnstitutunun binasıdır. Yalnız qızların oxuması üçün nəzərdə tutulması, hələ o vaxtlar da oranın məşhurlaşmasına kifayət edirdi. Binanın adı, ideyası isə Bakının məşhur neftxuda və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə aid olub. Hələ birinci dünya müharibəsi illərində binanın yalnız qızlar üçün nəzərdə tutulmasının təəccüb doğurduğunu nəzərə alsaq, 2018-ci ildə mutlikulturalist bir dövlətdə Bakı Qızlar Universitetinin fəaliyyət göstərməsi marağımızı çəkməyə bilməzdi. Buna görə də üz tutduğumuz ali təhsil ocağı H.Z.Tağıyevin ideyalarını davam etdirən Bakı Qızlar Universiteti oldu. Onunla tanış olmazdan öncə tarixi haqqında bir qədər məlumat verək.

IMG_20180227_153226.jpg

İlk müsəlman qızlar gimnaziyası

1897-ci ildə İsmaliyyə binasının yanında, indiki İstiqlaliyyət küçəsində müsəlman qızlar məktəbinin inşasına başlanılıb. Məktəb binasının inşası üçün icazə, yerinin müəyyənləşməsi və tikilməsinə 4 il vaxt sərf olunub.

Məktəbin ərsəyə gəlməsində dövrün böyük ziyalıları iştirak edib. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım məktəbin müəllimlərindən biri, sonra da müdiri olub. Hacının ikinci xanımı Sona Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bunun üçün əllərindən gələni ediblər. Düz 110 il öncə, 1901-ci ilin bir payızında Azərbaycanın ilk qızlar gimnaziyası açılıb.

Universitet 1992-ci ildən Bakı Ali Pedaqoji Qızlar Seminariyası kimi tədrisə başlayıb. 2005-ci ildən isə Bakı Qızlar Universiteti adlandırılıb. Tədrisə 110 tələbə ilə başlanılıb.

Çoxlarında sual doğurur: axı niyə yalnız qızlar? Müasir dövrdə, gender mübarizəsinin getdiyi bir vaxtda buna nə dərəcədə ehtiyac var?

IMG_7553.JPG

Köhnə küçənin fonunda itən universitet qapısı

Yerləşdiyi küçə bir ali tədris ocağına aparan yolu xatırlatmasa da,  kiçik qapısından universitetin həyətinə daxil olduq. Köhnə küçənin fonunda itən bu bəyaz qapı bizi tam fərqli bir ortamla üz-üzə qoydu. Hələ binaya girməmiş mühafizəçinin qadın olması artıq Bakı Qızlar Universiteti haqqında müəyyən təəssüratlar oyadırdı. Həmin vaxt qızların bəziləri səs-küylə universitetdən çıxırdılar.

Mühafizəçi qadın belindən şalını açıb qızlardan birini səslədi. Yuxarı göndərərək, Kamal müəllimdən pəncərədən baxmasını xahiş etdi. Onun razılığı ilə içəri daxil olduq.

İlk gözədəyən isə prezident seçkilərinin yaxınlaşması ilə əlaqədar qurulan seçki məntəqələri oldu. Daha bir diqqətçəkən məqam isə qarderob idi. Bu, binanın istilik sisteminin qaydasında olmasından xəbər verirdi.

IMG_7521.JPG

Sonra beşmərtəbəli binanın ikinci mərtəbəsinə, elmi işlər üzrə prorektor İlham Məmmədlinin  otağına yollandıq. Dərs zamanı olduğu üçün onunla, otağında söhbətləşdik. Prorektor universitetlə bağlı fikirlərini bizimlə bölüşməyə başladı. Əvvəlcə, bildirdi ki, əksər valideynlər buranı sırf qızların əhatəsi olduğuna görə seçirlər, amma mühit də müəyyən qədər rol oynayır:

 “Ağarəhim müəllim elə bir sistem qurub ki, bura gələn müəllim də, tələbə də özünü yığışdırır. Bu, ciddi inzibati idarə deyil. Qızlarımız çox sərbəstdirlər. Hərə bir ailədən gəlir, bir müddət sonra uyğunlaşır.

IMG_7482.JPG

 

Universitetimizin müəllimlərinin əksəriyyəti cavan kadrlardır. Əvvəlki rektor universitetin təsisçisi Ağarəhim Rəhimov idi. İndi isə onun qızı Sevinc Rəhimova bu vəzifəni icra edir. O, özü də elə buranın məzunudur”.

Prorektor kişi müəllimlərin bu universiteti seçməsi ilə bağlı məsələyə cavab olaraq, bildirdi ki, onlar bura könüllü şəkildə gəlirlər. Rəhbərliklə söhbət zamanı savad və intellektual potensialları müəyyən olunur. Elmi dərəcənin olması onlar üçün əlavə üstünlükdür, lakin  olmaması da savadlı kadrlara işə qəbulda problem yaratmır. İlham müəllim onu da əlavə edir ki, universitetə işçinin götürülməsi kiminsə tapşırığı ilə olmur və  heç kim düşünə bilməz ki, burada əyri yolla oxuya bilər.

IMG_7470.JPG

Çox açıq-saçıq geyinmək Azərbaycan qızlarına yaraşmır

Regionlardakı əksər ailələrin mühafizəkarlığını nəzərə alıb, hansı bölgədən gələnlərin üstünlük təşkil etdiyini soruşduq. Prorektorun sözlərinə görə, universitetdə həm rayonlar, həm də Bakıdan olan qızlar təhsil alırlar:

“Aralarında hicablı da, müasir geyimliləri də olur. Geyim sərbəstdir, amma müəllimlər bununla bağlı nələrisə aşılayırlar. Çox açıq-saçıq geyinmək Azərbaycan qızlarına yaraşmır”.

Məlum oldu ki, Bakı Qızlar Universiteti özəl olmasına və 26 illik fəaliyyətinə baxmayaraq, xarici təhsil ocaqları ilə tələbə mübadiləsi aparmır:

“Doğrusu, indi valideynlərin elə imkanı yoxdur ki, övladını xaricə təhsil almağa göndərsin. Amma Koreya Qızlar Universiteti, Belarus Qızlar İnstitutu ilə əlaqələrimiz var. Hətta Belarusiyadan təcrübəmizi öyrənib orada tətbiq etmək məqsədilə bura gəliblər”.

 “Azərbaycan ailəsinin  mühafizəkar olduğunu düşünmürəm”

İlham müəllim, keçənilki qəbul imtahanlarında 30% artım müşahidə olunsa da, bunun ailə mühafizəkarlığı ilə heç bir əlaqəsi olmadığını bildirdi. Onun sözlərinə görə, bəzən, bir övladı bu universitetdə təhsil alan ailə digər qızlarının da burada oxumasını istəyir.

Daha sonra İlham müəllimlə birgə kompüterlə təchiz olunan kitabxanaya baş çəkdik. Axşam saat altıya qədər fəaliyyət göstərir. Ədəbiyyatlar əsasən, Azərbaycan dilindədir. Dərsliklər arasında müxtəlif siyasi və bədii ədəbiyyatlar var.

IMG_7444.JPG

 

Universitetə səhvən qəbul olunan “xoşbəxt” oğlan

Prorektor bizi universitet barədə müəyyən qədər bilgiləndirdikdən sonra, daha ətraflı məlumat almaq üçün elə onun yanında suallarımızı bir neçə tələbəyə ünvanladıq.

Çoxu universiteti müəllim yetişdirdiyinə görə seçdiklərini bildirdilər.

Tələbə Şükriyyə Hüseynova isə bura  təsadüfən qəbul olduğunu dedi: “Amma hər təsadüfün içində xoş məqam var. Yaxşı ki, Qızlar Universitetinə düşmüşəm. Gözəl kollektiv və yoldaşlar qazanmışam”.

Bakı Qızlar Universitetində ikinci dəfə təhsil alan Aygün Hüseynova bildirdi ki, təhsili onu qane etdiyi üçün yenidən buranı seçib. Oxumaq istəyən tələbəyə hər şərait yaradılır.

Onlar burada yalnız qızlar oxuduğundan nisbi  sakitlik olduğunu, hətta tənəffüs zamanı dəhlizdə də dərs oxumağın mümkünlüyünü deyirlər.

Bir neçə il əvvəl universitetə səhvən bir oğlanın qəbul olmasını xatırladanda, bayaqdan bizi dinləyən İlham müəllim söhbətə müdaxilə etdi. Bildirdi ki, o əslində, TQDK-nın texniki səhvi idi. Sən demə, oğlanın adı Arzu olduğuna görə belə hal baş verib.

Qızların sözlərinə görə onlar arasında rəqabət güclüdür.

Deyirlər ki, biz qiymət yox, biliyə görə savaşırıq, dərsdə oğlanlardan diqqətli oluruq. Müəllimlərimiz də hər dəfə bunu təsdiqləyir.

Gender bərabərliyi rəhbər tutulan cəmiyyətdə  inkişaf və sosiallaşma daha güclü olar. Tələbələrin fikirlərinə görə, isə əksinə, yalnız xanımlar olan mühitdə sosiallaşmaq daha rahatdır.

IMG_7451.JPG

Bəs bunun təsiri digər ortamlarda  özünü necə göstərir?

Qızlar nə qədər sərbəst olduqlarını desələr də, universitetin daxili qayda-qanunu onların fikrini inkar edirdi. Tələbələrin dərslər bitənədək universitetdən kənara çıxa bilməməsi bunun əsas göstəricisidir.

“Oğlanların ipləri ilə quyuya düşmək olmaz”

Qızların idarəçiliyinə şübhə ilə yanaşan kişilərə cavab olaraq bildirdilər ki, onların  idarəçiliyi daha yaxşıdır. Hər halda, xanım tələbələrdən biri belə düşünür və burada oğlanların bostanına daş atmaqdan da qalmır: “Oğlanların davamiyyəti zəif olur. Qızlar məsuliyyətlidir, güzəştə getməyi bacarırlar. Oğlanların ipləri ilə quyuya düşmək olmaz”.

Qızlar onlara kişi müəllimlərin dərs deməsini daha üstün tuturlar. Biz demirik, özləri bu fikirdədirlər. Xanımlardan birini dinləyək:

 “Kişilər humanist və mehriban olurlar. Müəllimin hansısa qızı çox istədiyini görəndə bizdə rəqabət hissi yaranır. Bəzi qruplara yalnız kişi müəllimlər dərs deyir. Qadınlar qısqanclıq və ya hansısa cəhətlərinə görə kişi müəllimlərdən qayğı göstərməkdə geri qalırlar”.

Qızlar bir araya gələndə hətta bütün Azərbaycanın problemləri “həll olunur”

Cəmiyyətdə belə fikir formalaşıb ki, qadınlar bir araya gəldikdə, əsas məşğuliyyətləri qeybət olur. Onlara bununla bağlı sual verdik. Qızlar bu fikrə gülüb dedilər ki, siz bir də qızların altı saat birlikdə olmasını düşünün: “Bu zaman nəinki bir qızın, universitetin, hətta Azərbaycanın bütün problemləri həll olunur. Əsas mövzular isə geyim, semestr imtahanlarıdır”.

IMG_7460.JPG

”Nişanlıyıq, xahiş edirik, şəkillərimizi yerləşdirməyin”

Reportaja görə tələbələrlə danışdıqdan sonra bəzi qızların narahatlığı hiss olunurdu. Onlar bizə yaxınlaşıb şəkillərinin sosial şəbəkələrdə paylaşılıb-paylaşılmaması haqqında məlumat alırdılar. Hətta iki tələbə “nişanlıyıq, xahiş edirik, şəkillərimizi yerləşdirməyin”-dedi. Əksəriyyətində ailə mühafizəkarlığı hiss olunurdu.

Universitetin yeməkxanası ilə tanış olmaq üçün birinci mərtəbəyə endik. Bufeti kiçikliyinə görə digər təhsil ocaqlarınınkından fərqlənirdi. Öyrəndik ki, şirniyyatlar burada bişirilir. Ağ xalatlı xanımların bişirdiyi isti yeməklərin də olmasına baxmayaraq, qızlar şirniyyatlara üstünlük verirlər. Qiymətlərlə bağlı suallarımıza isə tələbələr tərəddüdlə “normal” cavabını verdilər.

IMG_7532.JPG

Qızlar daha sonra bizi söhbətləşmək üçün Ulduz xanımla tanış etdilər.

Psixologiya kafedrasının müdiri Ulduz Qəzvini də danışdı və bildirdi ki, qızlarla işləmək çox çətindir:

“Qadınlar bilmirlər, nə istəyirlər. Bu baxımdan bizim üçün çox çətindir. Amma məqsədimiz  elə budur ki, qızlara həyatdakı məqsədlərini anlamaqda kömək edək. Universitetin strategiyasında var ki, qızlarla təkcə tədrislə məşğul olmayıb, onların timsalında eyni zamanda yüksək mənəviyyatlı ana tərbiyə edək.

 “Qızlar təbiət etibarilə çox emosional olurlar. Onlarda çılğınlıq müşahidə olunur. Xanımlar kişilərə nisbətən çox qayğı istəyirlər. Gərək, qız tələbəyə daha artıq qayğı göstərəsən. Məsələn, qızlar kiçik bir sözdən inciyir. Hətta onlar sinifdə ucadan ağlaya bilərlər. Oğlanlar isə belə həssaslıq göstərmirlər”.

“Qızlarımız oğlan görəndə aqressiv olurlar, amma yenə də tez ailə qururlar

Ulduz xanım buradakı tələbələrin ətrafında yalnız qızlar olsa da, bunun onların şəxsi həyatına heç bir problem yaratmadığını bildirdi:

“Düzdür, oğlan görəndə bir az aqressiv olurlar. Küçədə oğlan bir söz deyəndə qəribə davranırlar.

Qrupda oğlan olanda qız özünü yığışdırır. Məsələn, mən burada divara təpik atan qızlar görmüşəm. Amma ailə qurmaqla bağlı problem yoxdur.  Hətta bizim qızlar tez evlənirlər. Bunun səbəbini bilmirəm.

IMG_7559.JPG

Əvvəllər düşünürdüm ki, bu universitetin qızlarını alan olmaz. Çünki özəl universitetdə oxuyurlar. Sonra gördüm ki, əksinədir. Bəlkə də bunun səbəbi burada oxuyan qızların ailə həyatına tez hazır olmasıdır”.

Ulduz xanım indiki qızların karyera qurmağa üstünlük verdiyini bildirdi.

“Qızlar düşünür ki, ailə quraram, 1-2 ildən sonra həyat yoldaşım işsiz qalar. On illərlə işsiz qalan kişilər var”.

Rüşvəti yayan qadınlardır

Ulduz xanım söhbəti zamanı daha bir vacib detala toxunur:

“Qızların buranı seçməsinin əsas səbəbi rüşvətin olmamasıdır.  Bunun idarəçilikdə qadınların çox olması ilə heç bir əlaqəsi yoxdur. Məncə, rüşvəti yayan elə qadınlardır. Psixoloqlar da deyir ki,  kişiləri cinayətkar edən elə onlardır. Kişilər təbiət etibarilə aza qane olandırlar. Çox şey istəmirlər. Qadınlar isə əksinə...

Sadəcə, Ağarəhim müəllim həmişə tapşırır ki, tələbənin cibinə girmək olmaz. Rüşvət alanları işdən çıxardığına görə, heç kim qorxusundan bunu etmir”.

Dekanlar uşaqları güdürlər

“Bəzi valideynlər övladı burada oxuduğuna görə sevinirlər. Qız düşünür ki, burda oğlan olsaydı, yaxşı olardı. Valideyni isə deyir elə yaxşı ki, oğlan yoxdur. Dekanlar uşaqları güdürlər. Bu, valideynlərin xoşuna gəlir”.

Ulduz xanımdan onu da öyrənirik ki, burda zəng vaxtı universitet binasından çölə çıxmaq olmaz:

“Universitetdə çox ciddi nəzarət var. Çünki qız uşağıdırlar, başlarına bir iş gələr. Hətta bir dəfə qızı qaçırmaq istədilər... Deyəsən, alınmadı, cəhdi uğursuz oldu. İndiki qızları qaçırmaqmı olar? Rektor valideynlərlə tez-tez söhbət edir. Davamiyyətə çox ciddi nəzarət edirik. Qızları qoruyuruq.

Zəng vaxtı universitet binasından çölə çıxmaq olmaz. Bir dəfə tələbəmiz “kserekopiya” etməyə getmişdi, yolda maşın vurmuşdu. Saat 1-də səhər növbəsi, 6-ya qalmış isə günorta növbəsi çıxır”.

IMG_7513.JPG

Tələbələrdən biri Ulduz xanımın sözlərinə əlavə edir: “Müəllimə deyirik, başım qopub, olar çölə çıxım? İcazə vermir”.

Daxil olduğumuz auditoriyalardan birində ingilis dili dərsi idi. Fənni tədris edən Kəmalə Cəfərova növbəti qızlar məktəbinin açılmasına ehtiyac olmadığını bildirdi.

Elə həmin qrupun tələbələri imtahanlardan məmnun olduqlarını dedilər:

“İmtahanlar yazılı  keçirilir. Bu çətin olsa da, oxuduqlarımızı bu üsulla daha yaxşı yadda saxlayırıq. Nəticələr həmin gün bəlli olur”.

Qızlar rəfiqələrinin onların təhsil aldığı yerə münasibətini belə təsvir etdilər:

“Qızlar universitetində oxuduğumu biləndə ilk sualları belə olur: “Həqiqətən orada heç bir oğlan olmur? Sıxıcı olmur ki?” Cavabında deyirəm ki,  oğlanların olmaması bizə boşluq yaratmır”.

Tələbələr ikinci kursa qədər genderlə bağlı heç bir fənnin tədris olunmadığını bildirdilər.

“Yalnız xanım tələbələrə dərs deməyim şəxsi həyatıma heç bir problem yaratmır”

Psixologiya kafedrasının müəllimi Məhərrəm Əliyev deyir ki, mənim üçün qızlara və ya oğlanlara dərs deməyin heç  fərqi yoxdur:

“Amma burada daha ciddi tədris  aparıram, çünki gələcəyin anaları yetişir. Onlar  uşaqla çox vaxt keçirəcəklərinə görə, daha bilikli, yaradıcı olmalıdırlar. Kişi müəllim olaraq bu universitetdə çox rahatam. Auditoriyada tamamilə hədəfə fokuslanıram. Ona görə də tələbəmin qız və ya oğlan olması önəm daşımır”.

Məhərrəm müəllim sonda onu da əlavə etdi ki, yalnız xanım tələbələrə dərs deməyim şəxsi həyatıma heç bir problem yaratmır.

Bizim bir qızımız on oğlana dəyər

Növbəti söhbətimiz Tələbə Elmi Cəmiyyətinin rəhbəri Kamal Kamalov ilə oldu: “Bizim bir qızımız on oğlana dəyər. Zalda bir ağır stol var. Onu götürmək üçün dörd kişi köməkləşməlidir. Amma qızlarımız onu elə qaldırırlar ki! Bu qızların birini milyon kişiyə dəyişmərəm.

Bəzən, tədbirlərdə kişi obrazlarını canlandırmaq lazım  olur. Amma qızlarımız bunu da bacarırlar. Oğlana ehtiyac qalmır. Elə bəzənib-düzənirlər ki, heç oğlandan fərqlənmirlər”.

Daha sonra rəqs dərnəyinin sədri ilə də görüşdük. O, rəqsə uşaq ikən başlayıb. Universitetə qəbul olandan sonra da bu istiqamətdə fəaliyyət göstərib.

O, tələbələrin milli rəqslərə üstünlük verdiyini bildirdi: “Elə qızlar var ki, obrazdan-obraza girə bilirlər. Hər iki cinsin nümayəndəsinin oynamalı olduğu rəqsdə belə, oğlana ehtiyac qalmır”.

Universitetdə diqqətimizi çəkən məqamlardan biri də hər mərtəbədə dahi şəxslərin hikmətli sözlərindən ibarət tabloların olması idi. Burada Məmməd Əmin Rəsulzadə, Atatürkün rəsmlərinə də rast gəldik.

28536242_10213415038582696_1226770116_n.jpg

Yaradıcılıq studiyasında tələbələrin əl işləri ilə tanış olduq. Əl işləri arasında rəsmlər, milli qəhrəmanların, Heydər Əliyevin portreti yer alırdı. Həmçinin müxtəlif tədbirlərdən fotolar var idi.

Tələbələr bura  250-350 keçid balı ilə qəbul olunurlar

Prorektor Hava Abdullayeva ilə görüşümüzdə təhsil sektoru haqqında yenilikləri bizimlə bölüşdü.

“Təhsil Nazirliyinin son müzakirəsində təklif olunub ki, ali məktəblər kredit faizini azalda bilər. Avropa və Amerikanı misal çəkirlər. Amma buraya tələbələr 250-350 keçid balı ilə gəlirlər. Bu rəqəm təbii ki, ildən-ilə dəyişir. 60 saat dərsin 15-ni dinləməyən tələbənin imtahan nəticəsi sual altında olur. Axı bu tələbə onsuz da çox balla qəbul olmayıb. Təlim səviyyəsi elə də yüksək deyil. Bir tərəfdən də 25% kreditdən istifadə hüququnun olduğunu iddia etsin? Avropada oxuyanlara dərsə gəl deyilmir, onlar özləri maraqlıdırlar”.

Hava xanım bildirdi ki, bizdə əcnəbi tələbə təhsil almır:

“2015-ci ilin nəticəsinə görə özəl universitetlər arasında ən yüksək nəticə bizdə idi. Əvvəllər pedaqoji təmayüllü olmayan Jurnalistika fakültəsi olub. Həmçinin indi də Psixologiya, Təhsildə sosial psixoloji xidmət ixtisası da var. Əvvəl İqtisadi biliklər ixtisası var idi. Bu kadrlar orta məktəblərdə keçirilən “İqtisadiyyatın əsasları” fənni istiqamətində hazırlanırdılar”.

İnformatika müəllimi dərsdə olduğuna görə kompüter otaqları ilə bağlı suallarımızı Hava xanım cavablandırdı. Bildirdi ki, bunun üçün normativlər var: “Hər 10 tələbəyə 1 kompüter düşməlidir. Bizdə də normativlər ödənilir. Beş kompüter otağımız var. Həmin otaqlarda informatika fənni tədris olunur. Həmçinin ingilis dili dərsində dinləmə üçün də lazım olur. Proyektorlar yerləşdirilən otaqlar da var. İki auditoriyada ağıllı lövhələr yerləşdirilib”.

IMG_20180227_133827.jpg

Son söz olaraq…

Bura həqiqətən də tam fərqli bir aləmdir. Universiteti dolaşdığımız bir neçə saat ərzində qadın xarakterinin, psixologiyasının sanki ən dərin qatlarına da baş vurduq.

Oğlanlara qarşı xüsusi  aqressivliyi, bəzən dərs zamanı ucadan ağlamaları və daha nələr haqqında eşitdik. Onun da şahidi olduq ki, buradakılar həm də adicə fotoya qarşı da həssas olan tələbələrdi. Biz daha çox söz deyə bilərdik. Amma müşahidələrimiz Tağıyevin əsasını qoyduğu Qızlar Gimnaziyasının davamçısı kimi görünsə də, fikir plüralizmini, qızların sərbəstliyini formal olaraq əks olunduğunu deyirdi…

Lamiyə Süleymanlı

Əsmər Qabil

aca0abc77741910be9359beab43063ac6e5887a9.jpg6c52232d8c3f019caf673ec95bfba2df177d7089.jpg1d84b6f0713c00998cb5aa4ca00f893f4cfbe0a4.jpgIMG_20180227_134323.jpgIMG_7587.JPGIMG_7516.JPGIMG_7501.JPGIMG_7483.JPGIMG_7437.JPGc106cee19f376e5582c94dd8a89d2acc1dc025ee.jpgbfb4fd53c88e9ba593550085bc60b094761647eb.jpgb61eea55e777909c5fe826dd410e05997f22826c.jpg

IMG_7488.JPG