Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-12 18:10:00
Peşə təhsili alanlar ixtisas dərslikləri ilə təmin ediləcək

Peşə təhsili pilləsi üzrə tədrisin keyfiyyətinin artırılması məqsədilə 2020/2021-ci tədris ilində ilk dəfə olaraq ixtisaslar üzrə dərsliklərin çapına başlanılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə 96 adda dərsliyin nəşri planlaşdırılır. Ümumilikdə peşə təhsili müəssisələri üçün 2020/2021-ci tədris ili üzrə 184 min 67 ədəd dərs vəsaitinin çapı nəzərdə tutulur. Dərsliklərin çapı dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Nəşr edilən və peşə təhsili müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil istismarı sahələrini əhatə edir. İxtisas dərslikləri ilə yanaşı, bütün ixtisas qrupları üzrə tədrisi nəzərdə tutulan baza modullarına dair bilikləri özündə əks etdirən dərsliklərin çapı da yekunlaşdırılıb.

Çap edilən dərsliklər turizm istiqaməti üzrə “Turizm təşkilatçısı”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Mehmanxana inzibatçısı” ixtisaslarının, kənd təsərrüfatı istiqaməti üzrə “Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi”, Heyvandarlıq mütəxəssisi”, iaşə və xidmət istiqaməti üzrə isə “Geyim üzrə dizayner”, “Dərzi” və bu kimi digər ixtisasları əhatə edir.

Ötən ildən etibarən isə ümumtəhsil bazasından qəbul olan və orta təhsil fənlərinin tədrisi aparılan peşə təhsili müəssisələrinə ümumtəhsil fənləri üzrə dərsliklərin çap edilməsi dövlət büdcəsi hesabına maliyyələşdirilib. Belə ki, ümumtəhsil fənləri üzrə 26 adda dərslik olmaqla, ümumilikdə 99 min 622 ədəd dərsliyin peşə təhsili müəssisələrinə təqdim edilməsi tamamlanmaq üzrədir.

Növbəti tədris ilində peşə təhsili üzrə dərslik təchizatının daha da genişləndirilməsi nəzərdə tutulur. Çapı və paylanılması nəzərdə tutulan ixtisas dərsliklərinin sayının artırılması ilə yanaşı, yeni ixtisas dərsliklərinin də çapı prioritetlər sırasındadır.