Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-12 15:35:00
Vətən müharibəsi mövzusu Dil-ədəbiyyat dərsliklərində bu cür əks olunmalıdır- TƏKLİFLƏR

 

 

“Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər” ( Xudu Məmmədov)

 

Məktəblərin əsas vəzifəsi şagirdlərə bilik, bacarıq, vərdişlər aşılamaqla yanaşı, onlarda vətənpərvərlik duyğularını formalaşdırmaqdır.   44 günlük haqq savaşımız dərsliklərə yenidən baxılmasını zəruri edir.

 

 

Mövzu ilə bağlı Azedu.az-a danışan Dil və ədəbiyyat müəllimi Səltənət Qurbanovanın sözlərinə görə tariximizin dərindən öyrənilməsi, qəhrəmanlarımızın tanıdılması və yaşadılması hər bir şagird üçün də  əhəmiyyətli və maraqlıdır:

 

“Bildiyimiz kimi, Azərbaycan dili dərsliklərində dil qaydaları ilə bərabər, müxtəlif mövzularda mətnlərə də kifayət qədər yer verilir. Həmin mətnlər bölmələrdə birləşir, hər bölmənin özünəməxsus adı və mövzusu olur. “Vətən müharibəsi”, “44 günlük mübarizə”, “Şanlı qələbə”, “Qarabağ Azərbaycandır” kimi bölmələrdə 44 gün ərzində yaşananlar, aparılan mübarizə, şəhidlərimizin və qazilərimizin vətənpərvərliyi, iradəsi, gücü, erməni vəhşiliyi, mülki şəxslərin qətlə yetirilməsi və s. kimi halların mətnlər şəklində hazırlanaraq Azərbaycan dili dərsliklərinə salınması çox doğru addım olar. Çünki tariximizin dərindən öyrənilməsi, qəhrəmanlarımızın tanıdılması və yaşadılması hər bir şagird üçün əhəmiyyətli və maraqlıdır.  Əlbəttə ki, bu işdə biz müəllimlər də əlimizdən gələni etməli və şagirdlərimizdə milli ruhu, vətənpərvərlik duyğusunu artırmaq üçün çalışmalıyıq”.

 

“Müasir şair və yazıçıların üzərinə böyük məsuliyyət düşür”

 

O qeyd edib ki, Vətən müharibəsinin hərtərəfli təsvir edilməsində ədəbiyyat fənninin imkanları daha genişdir:

 

“Ədəbiyyat dərsliklərində isə müxtəlif şair və yazıçılara məxsus şeirlər və əsərlər öz əksini tapır. Buna görə də müasir şair və yazıçıların üzərinə böyük məsuliyyət düşür, belə ki onlar Vətən müharibəsinin hərtərəfli təsvir edildiyi şeirlər və əsərlər yazaraq mübarizəmizin, birliyimizin, vətənpərvərliyin təbliği üçün çalışmalıdırlar. Bu kimi şeirlər və əsərlərin isə Ədəbiyyat dərsliklərində öz əksini tapması tariximizin yaşadılması deməkdir”.

 

Fənn müəllimi Samirə Əmrahova da bu mövzulara dərslikdə yer verilməsini əhəmiyyətli hesab edir:

 

“Ədəbiyyat proqramı yenilənərək hər birinin həyatı və hərb yolu bir qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsi qəhrəmanları haqqında yazılmış oçerklərə geniş yer verilməsi, dövlət və milli birliyimizə həsr olunmuş yeni əsərlərin dərsliklərə salınması təqdirəlayiq olardı”.

 

Qeyd edək ki, Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri "Qələbə dərsləri" adlı könüllü layihəyə qoşulublar.