Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-12 11:56:00
“Məqsədimiz ali təhsil müəssisələri üçün peşəkar mütəxəssislərin  formalaşdırılmasıdır” -MÜSAHİBƏ

 

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın 2021-ci il yaz sessiyası üçün sənəd qəbulu 15 yanvar tarixinədək aparılacaq.

 

Dövlət proqramına qəbul şərtləri hansılardır? Namizədlər ən çox nələrə diqqət etməlidir? Proqrama kimlər müraciət edə bilər? və s. sualların cavabını öyrənmək üçün proqramın İdarəetmə Qrupunun rəhbəri  Turan Topalova ilə olan müsahibəni təqdim edirik:

 

- Turan xanım, öncə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nın mahiyyəti və qarşıdakı perspektivləri barəsində  məlumat verərdiniz…

 

-Dövlət proqramı 2019-2023-cü illər ərzində ali təhsil sisteminin beynəlxalq səviyyədə rəqabətinin artırılması istiqamətində həyata keçirilir. Xaricdə doktorantura təhsili proqrama aid olan komponentlərdən biridir. Proqramın əsas məqsədi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. Həmçinin akademik potensialın gücləndirilməsi və ali təhsil müəssisələri üçün peşəkar mütəxəssislərin formalaşdırılmasıdır. İlk qəbul 2019-cu ildən həyata keçirilib. Hazırda 56 doktorant bu proqram üzrə dünyanın bir sıra nüfuzlu universitetlərində təhsilini davam etdirir.

 

-Proqrama əsasən hansı ixtisaslar üzrə müraciət daha çoxdur?

 

-Hazırda tətbiq olunan proqram Nazirlər Kabinetinin 241 nömrəli qərarı ilə təsdiq olunan 7 prioritet ixtisas üzrə həyata keçirilir. Daha çox 4 ixtisas üzrə müraciət diqqəti çəkir. Bunlar iqtisadiyyat və idarəetmə, texniki-texnoloji, humanitar-sosial və təbiət ixtisasları istiqamətləridir. Bu il ərzində ümid edirik ki, kənd təsərrüfatı, səhiyyə və rifah ixtisasları üzrə də müraciətlər yer alacaq.

 

-Builki elan üzrə indiyədək nə qədər sənəd qəbul edilib?

 

-Bu tarixədək müraciət sayı 90-dan artıqdır. Lakin sənədlərini təsdiq edən müraciətçilərin sayı 45-dir.

 

-Proqrama olan maraq, müraciət sayı sizi nə dərəcədə qane edir?

 

-15 yanvar müraciət üçün son tarixdir. Hazırda proqrama qəbul 2021-ci ilin yaz sessiyası üzrə həyata keçirilir. Ötən illərlə müqayisədə müraciət sayı daha çoxdur. Bu, qənaətbəxş hesab oluna bilər.

 

-Proqram çərçivəsində daha çox hansı ölkə və universitetlərə maraq göstərilir?

 

-Daha çox Türkiyə, Rusiya və Böyük Britaniya ölkələrindəki universitetlərə maraq olur. Xüsusilə İstanbul Universiteti, University of Halle Wittenberg (Almaniya), George Washington University, Montpellier University (Fransa), Zürich Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universiteti maraq cəlb edir.

 

-İkinci dəfə doktorantura təhsili almağı düşünənlər bu proqrama müraciət edə bilərlər?

 

-İlk dəfə ödənişli əsaslarla doktorantura təhsili almış şəxslər proqram üçün müraciət edə bilər. Dövlət hesabına təhsil almış şəxslərinsə proqrama qəbulu məqsədəuyğun hesab edilmir.

 

-Dövlət proqramına müraciət etmək üçün maksimum yaş həddi varmı?

 

-Qaydalarda yaş həddi ilə bağlı bir tələb qoyulmayıb. Hansı yaşda olursa-olsun proqramın şərtlərinə cavab verirsə, qəbul edilir. Yaş məsələsi əsas meyar hesab olunmur.

 

-Proqramdan yararlanmaq istəyənlərdən hər hansı dil sertifikatı tələb olunur?

 

-Dövlət proqramının idarəetmə qrupu olaraq deyə bilərəm ki, xarici dillərlə bağlı müraciətçilərdən hər hansı bir dil sertifikatı tələb olunmur. Çünki onlar proqrama müraciət edərkən artıq hansısa xarici universitetdə təhsil almış olur və oraya qəbul zamanı xarici dil imtahanı verib müəyyən sertifikat əldə ediblər. Bu, onların qəbul olunduğu ölkə və universitetdən asılı ola bilər.

 

-Müsahibə sənəd qəbulundan nə qədər zaman sonra aparılır? Ümumiyyətlə, bu mərhələ  necə təşkil olunur?

 

-İlkin mərhələdə tələb olunan sənədlərin düzgün olması vacibdir. Daha sonra ilk 10 gün ərzində sənədlər ekspertizadan keçirilir və şərtlərə uyğun müdavimlər növbəti mərhələdə iştirak etmək imkanı qazanır. Bu da müsahibə mərhələsidir ki, ekspertlər tərəfindən həyata keçirilir. Müsahibədə ən çox diqqət edilən məqamlar namizədin elmi-tədqiqat işini aparmaq, məntiqi mühakimə yürütmək və kommunikasiya-özünə inandırmaq bacarıqları yoxlanılır. Bunlar komissiya üzvləri tərəfindən dəyərləndirilir.

 

-Proqramın müsahibə mərhələsində iştirak edəcək müdavimlərə tövsiyələriniz…

 

-Namizədlər tədqiqat işlərini necə aparacaqlarını, buna olan bacarıqlarını təsdiq etməlidirlər. Çox geniş mövzu götürməmələrində fayda var. Mövzularını əsaslandırmalıdırlar. Niyə məhz bu sahə, bu tədqiqat işinin seçimi ilə bağlı suallara  müfəssəl cavab verilməlidir.

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları