Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-09 13:33:00
İş adamından şəhid övladlarına TƏHSİL DƏSTƏYİ  

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, ARS SPOR şirkətinin rəhbəri Elşən Rəsulov şəhid övladlarının təhsil almasına dəstək vermək qərarına gəlib.

 

İş adamı  Elşən Rəsulov saytımıza  açıqlamasında 44 günlük II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan bir neçə şəhid ailəsinin qız övladlarının bundan sonrakı təhsil ehtiyaclarını qarşılamağa qərar verib. 

 

Artıq bu yöndə işlərə başlandığını bildirən E. Rəsulov məhz qız övladlara dəstək olmaq istəyini belə əsaslandırıb:  “Biz həyat yoldaşımla birlikdə bu qərarı verdik. 10 şəhid ailəsinin qız övladlarının təhsil ehtiyaclarını qarşılamaqla onları ali savadlı gənclər olaraq cəmiyyətə qazandırmaq istəyirik. Gələcəkdə onları hər hansı bir şirkətin qurucusu və ya dövlət orqanlarında yüksək vəzifələrdə görmək bizim ən ümdə arzumuzdur. Bu gün o qız övladlarının atası şəhid olduğu üçün təhsildən geri qalmalarına, ehtiyac içərisində acı çəkmələrinə biganə qala bilməzdik. Bizim də iki qız övladımız var. Bundan sonra dəstək olacağımız qız uşaqlarını da mənəvi övladlarımız hesab edəcəyik.”

 

Bu addım vasitəsiylə dövlətə dəstək olduqlarını dilə gətirən iş adamı: “Söz yox, bu gün Azərbaycan dövlətinin şəhid və qazi ailələrinə diqqət və qayğısı yüksək səviyyədədir. Biz də bu addımımızla  dövlətimizin yanında olduğumuzu bildirir, tarixi Qarabağ torpaqları uğrunda rəşadətlə döyüşüb şəhid olan, övladlarını bizlərə əmanət edən şəhid qardaşlarımıza minnətdarlığımızı ifadə etmək istəyirik” – deyə E. Rəsulov əlavə edib.

 

Qeyd edək ki, Elşən Rəsulovun rəhbəri olduğu ARS SPOR şirkəti  Türkiyənin İstanbul şəhərində idman komplekslərinin inşası ilə məşğul olur. Bu şirkət indiyə qədər dünyanın 70-dən çox ölkəsində futbol, basketbol, tennis, qolf və digər idman növləri üçün nəzərdə tutulmuş komplekslər inşa edib.

 

Şirkət istər COVID-19 pandemiyası günlərində, istərsə də, 44 günlük II Qarabağ müharibəsi zamanı müxtəlif yardım aksiyalarına qoşularaq maliyə yardımları ayırmış, bununla da şirkət olaraq Azərbaycan vətəndaşlarının hər zaman yanında olduqlarını nümayiş etdirmişlər.