Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 17:12:00
Məleykə Abbaszadə Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüşdü - FOTO

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 8 yanvar 2021-ci il tarixində İkinci Qarabağ müharibəsində iştirak edən DİM işçiləri, qurumla uzun illər əməkdaşlıq edən ekspertlər, marker-müəllimlər, imtahan rəhbərləri və nəzarətçilərlə onlayn görüş keçirib.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, iclasda sədr tarixi Zəfər münasibətilə DİM ailəsinin üzvlərini təbrik edib, şanlı qələbənin qazanılmasında canından və qanından keçən şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib.

 

Sədr bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdi, torpaqlarımızın müdafiəsi uğrunda örnək olacaq mübarizə apardı. “Əks-hücum əməliyyatları nəticəsində Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində işğal altında qalan doğma yurd-yuvalarına qovuşdu. Vətən müharibəsi zamanı güclü, intellektual ordumuz, yüksək ixtisaslı kadr potensialımız, milli təhsil sisteminin yetirmələri olan gənclərimizin sayəsində ölkəmizin zəfər çalması qaçılmaz olubdur”. Tarixə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılan bu möhtəşəm Zəfər xalqımıza sonsuz sevinc, iftixar hissi yaşadır.

 

Sədr qeyd edib ki, Prezident İ.Əliyevin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq elan olunan səfərbərlik çərçivəsində DİM-də müxtəlif vəzifələrdə çalışan 3 əməkdaş, həmçinin imtahan materiallarının, zəruri elmi-metodiki vəsaitlərin hazırlanmasında iştirak edən, imtahanların idarə olunmasına cəlb olunan və intellektual cəbhədə yer alan 40-dan artıq ekspert, marker, imtahan rəhbəri, nəzarətçi-müəllim döyüş cəbhəsinə yollanıb. 4 nəfər nəzarətçi-müəllim – İmaməliyev Elvin Elsevər oğlu, Rəhimov Tural Arif oğlu, Hüseynli Etiram Həsən oğlu, Nəciyev Xalid Qabil oğlu Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Müharibə iştirakçısı olan əməkdaşların bir neçəsi isə müxtəlif medal və təltiflərə layiq görülüb.

 

Qeyd olunan ekspert-müəllimlər il boyu DİM tərəfindən həyata keçirilən müxtəlif elmi-metodiki işlərə cəlb olunublar, imtahan rəhbərləri, nəzarətçi-müəllimlər ən ağır şəraitdə – Koronavirus pandemiyası dövründə təşkil olunan imtahanlarda dəfələrlə iştirak ediblər. 

 

Sədr silahlı qüvvələrimizin sıralarına qoşularaq tarixi qələbəmizin qazanılmasına töhfələrini verən əməkdaşlara öz təşəkkürlərini və xoş arzularını çatdırıb. Bütün xalqımızın, o cümlədən DİM kollektivinin onlarla fəxr etdiklərini vurğulayıb.

 

İclasda çıxış edən müharibə iştirakçıları – Məhərrəm Bədəlov, Akif Bayramlı, Asif Cümşüdov, İbrahim Sarıyev və digərləri qələbədə pay sahibi olmalarından qürur duyduqlarını, Ali Baş Komandan, xalq, ordu birliyindən ilhamlanaraq yüksək mübarizlik, vətənpərvərlik ruhu ilə döyüşlərə qatıldıqlarını qeyd ediblər.