Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-02 11:05:56
Xaricdə təhsil şirkətlərinin dələduzluq halları artıb - Onları tanımaq üçün nələri bilməliyik?

Xaricdə təhsil proqramları bu gün gənclərin ən çox müraciət etdiyi mövzudur. Təhsilini artırmaq, həmçinin, dil bilgilərini təkmilləşdirmək istəyənlər daha çox xaricdə təhsilə maraq göstərir.

1990-cı illərin əvvəllərindən başlayaraq, bir çox xaricdə təhsil şirkəti fəaliyyətə başlayıb. Bu şirkətlər müxtəlif ölkələrdə təhsil xidmətləri göstərməklə yanaşı, xarici universitetlərlə müqavilə imzalayırlar. Şirkətlərin əsas vəzifəsi düzgün konsultasiya vermək və tələbələrin arzularını yerinə yetirməkdir. Fəaliyyətdə olan hər bir təhsil şirkəti bunu layiqincə yerinə yetirirmi?

Hazırda Azərbaycanda həm hüquqi, həm də fiziki şəxslərə aid təxminən 100-ə yaxın belə şirkət fəaliyyət göstərir.

Tələbələri maraqlandıran əsas məqamlar isə şirkətlərin təhsil haqları, müraciət etdikləri universitetə qəbul olmalarıdır. Hazırda Azərbaycanda “Freiburg Academy”, “Academy Group”, “CELT”, “SET”, “Go and Study”, “Edu Support” kimi bir çox xaricdə təhsil şirkətləri fəaliyyət göstərir.

Almaniyada təhsil şirkəti olan “Freiburg Academy” Almaniyanın Freiburg Universiteti  və Carl Duisberg mərkəzi ilə əməkdaşlıq edir.

Şirkətin rəhbəri Ülvi Adilov AzEDU-ya bildirib ki, Freiburg Academy Azərbaycanda ən böyük alman dili mərkəzidir. Şirkət alman dili kursuna  gələn tələbələrə xaricdə təhsil xidməti göstərir və yalnız kursun ödənişini alır. Xaricdə təhsil üçün təhsil haqqı tələb edilmir:

“Bizim marketinqimiz belədir. Digər şirkətlər kütləvi ödəniş alanda biz  tələbəmizi xaricə ödənişsiz göndəririk.  Həm də xaricdə təhsil xidmətləri çox da çətin proses deyil, buna görə pul almağı doğru hesab etmirəm”.

FB_IMG_1519977681479.jpg

Xaricdə təhsil şirkətlərinin çoxluğundan istifadə edən bəzi şəxslər yalançı şirkət quraraq və ya özlərini şirkət nümayəndəsi kimi təqdim edərək tələbələrin pullarını mənimsəyib, aradan çıxırlar.

Hazırda xaricdə təhsil şirkətlərinə nəzarət edən qurum yoxdur, yəni xüsusi lisenziya tələb edilmir. Şirkətlər Vergilər Nazirliyindən qeydiyyatdan keçməklə işə başlayırlar.

Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri Sərdar Yusifoğlu bildirir ki, xaricdə təhsil şirkətlərində təhsil haqları 500 manatdan 5000 dollara qədər ola bilir. Bu da hansı xidmətlərin göstərilməsindən asılıdır: “Bizim təşkilatda da  qiymətlər  500-3000 dollar arasında dəyişir. Tələbələrin hansı ölkələrə üstünlük verməsi təhsil pilləsinə görə dəyişir.  Bakalavr pilləsinə müraciət edənlər daha çox Türkiyə, Rusiya və Ukraynaya üstünlük verirlər. Magistr təhsili almaq istəyənlər isə Avropa ölkələri, Kanada və Amerikanı seçir”.

Sərdar bəyin sözlərinə görə, İngiltərə, Amerika, Kanada və Türkiyənin özəl universitetləri üçün təhsil haqları daha yüksəkdir.

 28534553_2034251316850832_262477982_n.jpg

“Xaricdə təhsil şirkətini düzgün seçmək üçün bakalavr təhsilinə görə müraciət edənlər 10-cu sinifdən, magistratura oxumaq üçün  müraciət edənlər isə bakalavrın son pilləsindən şirkətləri araşdırmağa başlamalıdırlar. İlk növbədə, həmin şirkətlərin saytlarına baxmaq, daimi oturduqları ofisləri araşdırmaq və fəaliyyət vaxtlarını öyrənmək lazımdır. İnformasiya dövründə bunları tapmaq o qədər də çətin deyil. İndiki fırıldaqçılıq hallarına müraciət edənlər də şərait yaradır. Məsələn,  bu istiqamətdə işləyən peşəkar şirkətlərə müraciət edirlər, şirkətdən bildirirlər ki, hansısa sənəd olmadan alınmır. Müraciət edən deyir ki, yox başqa şirkətdə bunu edirlər. Burada tələbənin hər hansı hüququ pozularsa, məhkəməyə və ya hüquq-mühafizə orqanlarına müraciət etməklə həmin adam cəzalandırıla bilər. Aldanmamaq üçün əvvəldən diqqətli olmaq lazımdır”.

Təhsil eksperti Murad Ağalarovun sözlərinə görə, hazırda peşəkar fəaliyyət göstərən 20-30 şirkət var.  İlk yaranan şirkətlərdən “Aki İnter”, “Oskar Education & Consulting”i göstərmək olar:

"2008-ci ildə Türkiyədə təhsillə bağlı  üç şirkət fəaliyyətə başlayıb. Bunlar  “Hədəf” kursları, mənim direktor olaraq çalışdığım “Edulandiya” və “Aki İnter” şirkəti idi. “Delta Education” şirkəti  əsasən Amerikada "Work and Travel” proqramı ilə fəaliyyətə başlamışdı, hazırda “Academy Group”un ortaqlarından biridir”.

16114313_10209962527553884_7662696973293578374_n.jpg

Ekspert bildirir ki, əvvəllər qiymətlər çox baha idi, çünki rəqabət yox idi. İngiltərədə təhsilə göndərilən tələbədən 10-15 min pul alınırdı. İndi isə universitetdən, fakültədən asılı olaraq qiymətlər dəyişir.

Fırıldaqçılıq hallarıyla bağlı Murad Ağalarov bildirir ki, bunun qarşısını almaq üçün müqavilə bağlanmalıdır.

“Bizim şirkətdə müqavilə hüquqşünas tərəfindən hazırlanır. Bütün müddəalar var. Həm müraciət edən, həm də şirkət öhdəliklərini bilməlidir”.

Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, xaricdə təhsil şirkətləri lisenziyalı fəaliyyətə aid deyil. Belə şirkətlərin Təhsil Nazirliyindən akkreditasiyadan keçməsi yaxşı olardı. Belə halda vətəndaşlar müraciət edəndə bilsinlər ki, hansı şirkət qeydiyyatdan keçib, hansı yox. Şirkətin tələbəni təhsilə göndərəcəyi ölkədə hərbi çevriliş və ya digər fors major hallar olarsa, onda şirkətin yalnız mülki məsuliyyətindən söhbət gedə bilər. Əgər, təhsil şirkəti pulu alanda bilirdisə, bu iş alınan deyil, dələduzluq məqsədilə vətəndaşın pulunu mənimsəyibsə,  o halda təhsil şirkətinin vəzifəli şəxslərin cinayət məsuliyyətindən, dələduzluqdan söhbət gedə bilər. Vəziyyətdən asılı olaraq mülki və ya cinayət məsuliyyəti yarana bilər:

13529155_1392127554136199_3240438538967905204_n.jpg

“Son illər şirkətlərin dələduzluq faktları ilə rastlaşırıq. Bu halda cinayət məsuliyyətinə cəlb olunan şəxslər 2 ilə qədər azadlıqdan məhrum edilə bilər. Eyni əməllər şirkət rəhbəri, bir qrup şəxs tərəfindən, öz mövqeyindən istifadə etməklə, yaxud vətəndaşa 5000-50000 manat arasında zərər vurmaqla törədilərsə, bu halda 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözlənilir. Cinayət məsuliyyətinə cəlb olunma halı üçün vətəndaşa vurulan ziyan 500 manatdan yuxarı olmalıdır. Deyək ki, hansısa şirkət nümayəndəsi vətəndaşdan 200-300 manat alıb hansısa iş görürsə, burada cinayət məsuliyyətindən söhbət gedə bilməz”.

Onun sözlərinə görə, cinayət məsuliyyətinə Azərbaycanda hələ ki fiziki şəxslər cəlb olunur. Hüquqi şəxslərin cinayət məsuliyyəti qanunda olsa da, hələ ki yaranmayıb:

“Bəzən dələduzlar müqavilə altında gizlənir. Vətəndaşla müqavilə bağlayır. Şikayət olanda deyirlər ki,  mülki məsələdir, dələduzluq etməmişəm. Şirkətin adından müqavilə bağlandığı halda belə dələduzluq hallarına rast gəlinir”.

Əsmər Qabil