Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-07 12:23:00
Nəhəng ABŞ universitetindən təklif alan məktəbli – “Hələ dəqiq qərar verməmişəm”  

 

 

Son günlər məktəblilərimiz dünyanın xarici universitetlərinə qəbul olunmaqları ilə gündəmdədirlər. Bu şagirdlərdən biri Alabama Universitetindən dəvət alan Nigar Alşanovadır.

 

O, 175 nömrəli məktəbin X sinif şagirdidir. Nigar Alşanova onlayn formada keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində uğur qazanaraq, "Volfram tədqiqat mükafatı"na layiq görülüb. Tədqiqat işi ABŞ təhsil müəssisələrinin diqqətini cəlb edib. Belə ki, Alabama Universitetinin nəzdində fəaliyyət göstərən Birminqem Sənət və Elm Kollecindən, eləcə də Milvauki Mühəndislik Məktəbindən Nigar Alşanovaya təhsilini və tədqiqatını davam etdirmək üçün dəvət gəlib. Eyni zamanda, tədqiqatyönlü ali təhsil müəssisələri olan Renseiler Politexnik İnstitutu, Templ Universiteti və Florida Texnologiya İnstitutu Nigar Alşanovanı tədqiqatını inkişaf etdirmək üçün yaradıcılıq və araşdırma düşərgələrinə dəvət ediblər.

 

AzEdu.az-ın əməkdaşı Nigar Alşanova ilə həmsöhbət olub.

 

-İmtahana hazırlaşarkən ən çox nələrə diqqət etdiniz?

 

-İmtahana düşəcək mövzuları imtahandan öncə tamamlamağa diqqət göstərdim. Həmçinin, imtahanın və digər xarici təsirlərin gətirdiyi stress qarşısında motivasiyanı itirməməyə çalışdım.

 

 

 -Uğur qazanan “Volfram tədqiqat mükafatına” layiq görülən layihənizdən danışardınız…

 

-Layihə “Baykal başlıqotu dərman bitkisində gümüş nanohissəciklərinin sintezi və onların antioksidant aktivliyi” başlıqlıdır ki, burada qeyd edilən dərman bitkisində ilk dəfə olaraq gümüş nanohissəciklərinin sintezinə nail olduq və onun bir çox sahələrdə əhəmiyyətini qeyd etdik.

 

Bildiyimiz kimi nanotexnologiya və bununla bağlı olaraq nanohissəciklərin müxtəlif sahələrdə istifadəsi bu günlərdə dünyada aktual mövzulardan biridir. Farmakologiyada bu bitkidən alınan nanohissəciyin dərman preparatlarında istifadəsi onların təmiz və effektiv formalarının alınmasına imkan verir.

 

Bu layihə ilə 2020-ci il 13 fevral tarixində Sabahın Alimləri IX Respublika müsabiqəsində biologiya nominasiyası üzrə 2-ci yerə layiq görüldük və həmçinin ABŞ-da keçirilən İSEF müsabiqəsinə də iştirak hüququ qazandıq. Keçən il pandemiya səbəbi ilə ABŞ-a gedə bilməsək də, müsabiqə may-iyun aylarında virtual şəkildə keçirildi.

 

-Xaricdə təhsil almağı əvvəldən düşünmüsünüz?

 

-Xaricdə təhsil barəsində əvvəlcədən ailə daxilində müzakirə aparmışdıq, lakin bunun haqqında tam və dəqiq qərar hələ ki yoxdur. Daha çox gələcək situasiyadan asılı ola bilər.

 

 -Alabamada təhsil fikrinizi qətiləşdirmisiniz?

 

-Xeyr, qeyd etdiyim kimi qarşıdan yarım və daha 1 ilin olması və hər an mövcud situasiyanın müxtəlif istiqamətlərdə dəyişməsinin mümkünlüyünə bağlı olaraq bunun barəsində hələ dəqiq qərar qəbul etməmişik.

 

 -Xaricdə təhsil alsanız bundan sonra ölkəyə dönməyi düşünəcəksinizmi?

 

- İntensiv olaraq dəyişən dünyamızda 5 və ya 6 il sonra nələrin dəyişib nələrin baş verəcəyini indidən tam olaraq bilmək mümkün deyil, lakin istəyərəm ki, ölkəmizdə xalqımıza xidmət göstərmə imkanına sahib olum.

 

-Sizinlə həmyaşıd olan digər abituriyentlərə məsləhətləriniz nə ola bilər? Onlar nələrə xüsusi diqqət etlməlidirlər?

 

-Mənim həmyaşıdlarıma deyə biləcəyim yeganə məsələ bu ola bilər ki, onları əhatə edən insanların kimliyindən asılı olmayaraq bu insanların onlar haqqında düşüncələri və inanclarından asılı şəkildə özlərinə sərhəd tanımasınlar. Demək istədiyim “potensialı var, amma oxumur” və ya “çalışır lakin bacara bildiyi bu qədərdir” və bunun kimi neçə neçə manipulyasiyaedici cümlələr ilə özlərini inandırmasınlar və özləri nəyə inanmaq istəyirlərsə ona inansınlar. Kimisə rol model görüb gözlərində böyütmək və kiməsə bənzəməyə çalışmasınlar.

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları