Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-28 15:13:00
“Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı növbəti seminar keçirilib

DİM bu gün Avropa İttifaqı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşəbbüsü olan SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində həyata keçirdiyi “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı birgə layihə çərçivəsində növbəti seminar keçirir.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bu gün Avropa İttifaqı (Aİ) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşəbbüsü olan SIGMA(Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində həyata keçirdiyi “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı birgə layihə çərçivəsində növbəti seminar keçirir. Layihə çərçivəsində mövzu ilə bağlı ilk seminar 17 may 2018-ci il tarixində təşkil olunub.

Seminarda Azərbaycanın dövlət orqanlarında daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan DİM Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov qonaqları salamlamış, SIGMA ilə uğurlu əməkdaşlıq əlaqələrindən danışmışdır. B. Xəlilov bildirmişdir ki, daxili nəzarət qurumlarını dövlət orqanların səmərəli fəaliyyətində, dövlət qulluqçularının etik davranışında, korrupsiya hüquqpozmalarının qarşısının alınmasında və vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsində ən vacib struktur bölmələrdən biri hesab etmək olar”.

SIGMA proqramının ekspertləri Kaido Paabusk və Dorota Rosinska da çıxış edərək Azərbaycanda bu layihənin daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümid etdiklərini bildirmiş və DİM ilə birgə layihələrin gələcəkdə də davam etdirilməsi istiqamətində danışıqların aparıldığını qeyd ediblər.

Tədbirdə SIGMA ekspertləri tərəfindən ilk seminarda təqdim edilmiş əsas anlayışlar (daxili nəzarət sisteminin alətləri, risklərin idarə edilməsi, vahid nəzarət funksiyası, nəzarət fəaliyyətində insan resurslarının rolu, Aİ-də daxili nəzarət, Aİ ölkələrində nəzarət və audit funksiyaları) barədə məlumatlar yenidən nəzərdən keçirilmiş, dövlət idarəçiliyində nəzarətin standartları, ümumi nəzarət funksiyalarının yerinə yetirilməsinin əsas prinsipləri, əsas qaydalar və meyarlar, institusional nəzarət prosedurları və mərhələləri, keyfiyyətin təmin edilməsi, nəzarət fəaliyyəti ilə məşğul olan bölmələrdə insan resurslarının idarə edilməsi və kompetensiya modeli barədə təqdimatlar edilib.

İştirakçılar qrup şəklində Azərbaycanın dövlət qurumlarında daxili nəzarət sistemində mövcud olan problemlər barədə müzakirələr aparmış, eskpertlər tərəfindən təqdim edilmiş tapşırıqları yerinə yetirmiş, sistemin daha da təkmilləşdirilməsi üçün təkliflər səsləndiriblər.

Qeyd edək ki, SIGMA proqramı əsasən Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilir. 1992-ci ildə təsis edildikdən sonra SIGMA çeviklik və tələbyönümlülük prinsipinə əsaslanaraq ölkələrə idarəetmə və inzibati sistemlərin yaradılmasında köməklik göstərir. SIGMA-nın əsas vəzifələrindən biri benefisiar ölkənin müraciətinə uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində dəstək göstərməkdir.