Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-03 13:34:00
Sertifikasiyada sualların çətinlik səviyyəsi necə olacaq?- Qaydalar və prosedurlar

Müəllimlərin sertifikatlaşdırılması üzrə sualların çətinlik səviyyəsi işə qəbul müsabiqəsindəki test tapşırıqları ilə təxminən eyni olacaq.

 

Azedu.az xəbər verir ki, sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir.

 

Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir.

 

Test mərhələsi Komissiya tərəfindən kompüterdə elektron qaydada həyata keçirilir. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

 

Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir və ona “Test imtahanının nəticəsi haqqında arayış” verilir.

Xatırladaq ki, müəllimlərin işə qəbul müsabiqəsində iştirak edən və pedaqoji fəaliyyətin 5 ili tamam olmayan namizədlər sertifikatlaşdırmada iştirak etməyəcək.