Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-01 11:29:00
2020-ci ilin əsas təhsil hadisələri-İllik Təhsil İcmalı

2020-ci il çox güman əksər insanların yaddaşından silinməyəcək. Bu təqvim ilində təhsil sahəsində də bir çox dəyişiklik və yenilik baş verdi.

 

AzEdu.az onları təqdim edir:


Pandemiyanın təhsilə təsiri:


Cari ilin əsas hadisəsi bütün dünyada olduğu kimi bizim ölkəmizdə də koronavirus infeksiyasının yayılması və onun kütləvi hal alması idi. Bir çox ölkələrdə olduğu kimi bizdə ilk olaraq kütləviliyin qarşısını almaq üçün təhsil ocaqları qapadıldı. 3 martdan etibarən təhsil və buna bağlı bütün məsələlər dayandırıldı. Tədris ilinin sonuna kimi isə ənənəvi təhsil bərpa edilmədi. Alternativ yol kimi aprel ayından etibarən distant təhsilə keçildi və “Mədəniyyət”, “ARB Günəş” kanallarında “Dərs vaxtı” verlişi yayımlandı. 2020-2021-ci tədris ilinin ilk yarımilində isə ölkə üzrə hibrit təhsil tətbiq edildi. Lakin yoluxmada olan kəskin artım nəticəsində oktyabr ayından yenidən distant təhsilə keçildi.


“Vətən müharibəsi” və təhsil:


27 sentyabrdan etibarən başlanan və 44 gün davam edən müharibə nəticəsində şanlı ordumuz qələbə qazanaraq Qarabağı işğaldan azad etdi. Lakin mənfur düşmən mülki əhalini hədəf almaqdan çəkiməyib və nəticədə 10 məktəbli dünyasını dəyişib. 50 təhsil müəssisəsinə isə bu və ya digər dərəcədə ziyan dəyib. Müharibədə təhsil alan tələbələrimiz və müəllimlərimiz də iştirak edib. Onlardan şəhid olanları ölümündən sonra dövlət tərəfindən mükafatlandırılıb.


Yeni nazir təyinatı:


Emin Əmrullayev iyul ayında Təhsil naziri vəzifəsinə təyin edilib. Belə ki, Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad edilərək Xarici İşlər naziri təyin edilmişdi.


Qəbul imtahanları birmərhələli şəkildə təşkil edildi:


Ötən illərdən fərqli olaraq COVİD-19 pandemiyası ilə əlaqədar qəbul imtahanları birmərhələli təşkil edildi. Həmçinin, imtahanlar ilk dəfə bölgələr üzrə hamının yaşayış yerinə uyğun şəkildə tətbiq edildi.


MİQ-də pandemiya ilə bağlı dəyişiklik:


Bu il MİQ müsabiqəsi də bölgələr üzrə hər kəsin yaşayış yerinə uyğun şəkildə təşkil edildi. Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi isə dekabr ayında onlayn qaydada keçirildi.


Müəllimlərin sertfikasiyası 2020-ci ildə baş tutmadı:


Dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilən sertifikasiya prosesi pandemiya ilə əlaqədar 2021-ci ildə təşkil olunacağı gözlənilir.


Qeyri-ixtisas sahiblərinin MİQ-də iştirakı da bu il mümkün olmadı:


Təhsil Nazirliyi müəllim ixtisasına marağın artması məqsədi ilə xüsusi təlimlərdən keçən qeyri-ixtisas sahiblərinin MİQ-də iştirakına şərait yaradıb. Lakin kütləviliyin qarşısını almaq məqsədi ilə bu il həmin təlimlər keçirilə bilmədi.


BŞTİ-yə yeni müdir təyin edilib:


Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev vəzifəsindən azad edilib.


Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.


Nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub. Mehriban Vəliyeva Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışırdı.


Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edib:

 

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib. 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.


62 yeni təhsil müəssisəsi istifadəyə verilib:


2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.  


Məktəblilər bir çox beynəlxalq olimpiadada uğur qazanıblar:


2020-ci ildə Azərbaycan məktəbliləri ümumilikdə 19 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 6 qızıl, 16 gümüş, 41 bürünc medal və 15 həvəsləndirici mükafat olmaqla ümumilikdə 63 medal əldə ediblər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları