Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-31 14:14:00
 Şahdənizdən Avropaya  qaz nəqli başlandı

                                                                                                                               

     

 

Şahdəniz konsorsiumu bu gün Xəzər dənizindəki  Şahdəniz yatağından Avropaya yeni Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya qaz nəqlinin başlandığını elan edir.  CQD-nin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 km uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir.

 

Bu dəhliz zəncirinin son bölümü vasitəsilə nəql başlamazdan əvvəl Şahdəniz yatağından qaz həcmləri 2018-ci ilin ortalarından başlayaraq CQD-nin ilk iki hissəsi – genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə təhlükəsiz və etibarlı şəkildə regional bazara ixrac olunurdu.

 

CQD Şahdəniz yatağından başlayır və ilk dəfə olaraq Xəzərin enerji ehtiyatlarını birbaşa Avropa bazarlarına çatdırmaq üçün inşa olunub.  Bu yataqdan CQD vasitəsilə regional və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz ixracı planlaşdırılır.

 

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bu tarixi gündə TAP və “Şahdəniz-2” layihəsini, Cənub Qaz Dəhlizini ərsəyə gətirən, Azərbaycan qazının tarixdə ilk dəfə Avropa bazarına çatdırılmasına öz töhfəsini verən tərəfdaş ölkələrə və şirkətlərə, mütəxəssislərə, bütün həmkarlarımıza, bu layihəni dəstəkləyən maliyyə qurumlarına, boru xətlərimizin keçdiyi icmaların sakinlərinə dərin minnətdarlığımızı bildiririk. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak payına malik olmaqla, bu tarixi missiyanı uğurla başa çatdıran SOCAR və Azərbaycan neftçiləri adından Avropa Birliyi xalqlarına və əziz Azərbaycan xalqına gözaydınlığı verir, bu möhtəşəm layihənin müəllifi və aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

 

7 il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə yekun investisiya qərarını verdik və Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alqı-satqısı haqqında müqavilələri imzalamaqla yola çıxdıq. Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır.

 

Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini gücləndirəcək. Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq.”

 

Şahdənizin operatoru olan bp şirkətinin  Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz demişdir: “Azərbaycandan Avropaya qaz nəqlinin başlanması layihədə iştirak edən bütün ölkələrdən olan minlərlə insanın – işçi qüvvəsinin, icmaların, şirkətlərin, Azərbaycan hökumətinin və digər regional və beynəlxalq hökumətlərin, SOCAR və digər tərəfdaşların illərlə çəkdiyi  zəhmətin kulminasiyasıdır. Bu hər cəhətdən həqiqətən də dünya səviyyəli bir layihədir.

 

Biz birlikdə əldə etdiklərimizlə fəxr edirik. Layihənin bütün aspektlərinin  - mühəndis layihə, texniki, coğrafi və geosiyasi  məsələlərin mürəkkəbliyinə baxmayaraq onu təhlükəsiz şəkildə, qrafikə uyğun və daha aşağı büdcə ilə  gerçəkləşdirdik. Bu tarixi bir hadisədir – Azərbaycanla Avropa indi birbaşa, təhlükəsiz və etibarlı eneji xətti ilə birləşmişdir. Bu, bir daha sübut edir ki, biz birlikdə ən mürəkkəb meqa layihələri də uğurla həyata keçirə bilərik.” 

 

Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

 

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan Şahdəniz yatağı bp tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır.

 

Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir və təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir.

 

Bu vaxtadək Şahdəniz yatağından ümumilikdə 130 milyard standart kubmetrdən çox qaz və 31 milyon tondan artıq kondensat hasil edilib.

 

Şahdəniz yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlamışdır. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.

 

Şahdənizin  ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə  çatdıracaq.

 

Cənub Qaz Dəhlizinin başa çatması ilə Şahdənizdən bu əlavə qaz həcmləri Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq.

 

Cənub Qaz Dəhlizi sistemini təşkil edən boru kəmərləri bunlardır: Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) – Azərbaycan ərazisində 428km uzunluğunda yeni 48 düymlük boru kəməri, Gürcüstan ərazisində 59km uzunluğunda yeni 48 düymlük boru kəməri və 2 yeni kompressor stansiyası; TANAP – Türkiyə ərazisində 1340km uzunluğunda 56 düymlük boru kəməri, 34 km uzunluğunda 36 düymlük boru kəməri və 476 km uzunluğunda 48 düymlük boru kəməri; və TAP – Yunanıstan, Albaniya və İtaliya ərazisində 878km uzunluğunda 48 düymlük boru kəməri.