Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-30 13:52:00
Bölgə müəllimindən müraciət – “Xahiş edirəm, problemimə aydınlıq gətirin” – MİQ-lə bağlı  

 

Müəllimlərin işə qəbul müsabiqəsində problemli məsələlərdən ən başlıcası vakant yerlərdir. 

 

 

Bəzi məktəb rəhbərləri vakant yerləri gizlətməklə yanaşı, dərs saatlarında,  sosial məzuniyyət yerlərinin qeyd olunmasında səhvə yol verirlər və nəticədə anlaşılmazlıq yaranır.

 

 

Azedu.az xəbər verir ki, belə problem yaşayanlardan  biri  ibtidai sinif müəllimi  Pərvanə Qasımovadır.  O, 2020-ci il MİQ müsabiqəsində 55 bal toplayaraq, birinci turdan Samux rayon Əhmədbəyli kənd orta məktəbinə müəllim təyin olunub.

 

Dekabrın 6-si müəllimlərin daimiləşməsi üçün  onlayn müsahibə mərhələsi başlayanda Pərvanə müəllimə Nazirlik bildirib ki,  MİQ müsabiqəsi üzrə qəbul olunduğunuz yer vakant olmadığı üçün müsabiqənin növbəti mərhələsində iştirakınız imkan xaricindədir.  Şəxsi səhifəsinə belə bir mesaj göndərilib.

 

 

Direktorla əlaqə saxlayıb və cavab olaraq bildiriblər ki, məktəbdə gələn il veriləcək birinci sinif olmadığı üçün bu yer yalnız bir illik vakanta çıxarılıb.  Vakansiya çıxarılanda direktor bu barədə məlumatı Samux Rayon Təhsil Şöbəsinin nəzərinə çatdırdığını bildirib. Lakin təhsil idarəsi bu vakant yeri bir illik yox, daimi olaraq göstərib və qeyd ediblər ki, “bu vakant yeri verdik ki, bəlkə gələn il sinif açıldı”.

 

“İndi siz məni başa salın, "BƏLKƏ, OLA BİLSİN Kİ, " deyib vakant yer vermək, hələ birinci turda  göstərmək nə qədər düzgündür?

 

Xahiş edirəm ki, mənim bu problemimə aydınlıq gətirəsiniz. Mən əziyyət çəkib imtahana hazırlaşmamışam ki,  işini bilməyən insanlar mənim zəhmətimi heç etsinlər. Bu işə obyektiv və ciddi yanaşılsın. Əlimdə şəxsi səhifəmə gələn çıxarışımda var və o vakant yerin boş olduğu da orada aydın şəkildə göstərilib”-deyə Pərvanə Qasımova öz müraciətində qeyd edib.

 

Əlavə olaraq qeyd edək ki, Azedu.az qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdır.