Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-29 16:59:00
“İnternet o qədər zəifdir ki, məcbur qalıb, özüm də kameranı bağlayıram” – Distant dərslər mövsümü

 

 

“Əyani tədrisdə də sinifdə olan şagirdlərin hamısı dərslərə hazırlıqlı gəlmirdilər. Valideynə övladının oxumadığını dedikdə isə qəbul etmirdi, müəllimdə və məktəbdə günah axtarırdı. Yəni bəhanəsi vardı. Distant təhsildə isə uşaqları gözlərinin qarşısında olduğundan valideynlərdən şikayət eşitməmişəm”.

 

Bu fikirləri Azedu.az-a distant dərslərin müsbət və mənfi tərəflərindən danışan Ağdam rayon 51 nömrəli məktəbin  müəllimi Tural Süleymanov deyib. 

 

O, sosial şəbəkələrdə  distant dərslər haqqında tez-tez səsləndirilən fikirlərə də münasibət bildirib.

 

 “Mən dərs keçəndə şagirdlərdən kameranı bağlamaqlarını özüm istəyirəm”

 

“Distant təhsilin həm müsbət, həm də mənfi cəhətləri var.  Şagirdlərin hamısının qoşulmamasının, dərsdə səsi və ya kameranı bağlamasının kökündə internetin zəif olması dayanır.  Məsələn, mən özüm də dərs keçəndə şagirdlərdən kameranı bağlamağı istəyirəm, hətta öz kameramı belə bağlamaq məcburiyyətində qalıram.  Çünki internet şəbəkəsi çox zəifdir. 

 

Bundan əlavə müəyyən qədər dərsdən yayınan şagirdlərlə,  dərsin girişinin demək olar salamlaşma ilə keçməsi ilə qarşılaşıram”.

 

 Tural müəllim distant dərslərin müsbət cəhətlərini də diqqətə çatdırıb:

 

“Qeyd etdiyimiz mənfi cəhətlərdən əlavə onlayn dərslərin  müsbət tərəfləri də var. Şagirdlər əlavə vaxt itirmirlər, məsələn, məktəbə məktəbə gəlməyə sərf etdikləri vaxtı, yaxud dərs arası tənəffüsləri evdə daha rahat istirahət edərək dəyərləndirirlər. Yollarda vaxt itirmirlər.  Bundan əlavə valideynlərin övladlarına, xüsusilə aşağı sinifdə oxuyan uşaqlara nəzarəti də daha çoxdur.  Həmçinin, şagirdlərin verdiyi cavablara nəzarət etmə imkanları var.  Bu da müəllimlərin dərslərə daha məsuliyyətli yanaşmasına səbəb olur”.

 

Əlavə olaraq bildirək ki, distant dərslər hazırkı dövrdə təhsilin fasiləsizliyini təmin etməkdə yeganə çıxış yoludur.