Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-02 09:06:06
Müəllimlərin maaş artımına iki fərqli baxış: Büdcəyə nə qədər yük düşəcək? – Ekspert rəyləri

Məlum olduğu kimi, prezident İlham Əliyev 28 fevralda “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən, sərəncam orta hesabla, 240 min təhsil işçisinə şamil edilir.

Bəs, görəsən, artım Azərbaycan müəllimləri üçün yetərli hesab olunurmu? Bu, Azərbaycan iqtisadiyyatına, büdcəyə necə təsir edə bilər?

Təhsil üzrə ekspert Kamran Əsədov AzEDU-ya açıqlamasında qeyd edib ki, hazırda müəllimlərin maaşı onların bütün ehtiyaclarının ödənilməsi üçün tam yetərli deyil. Ekspert təklif edir ki, əgər biz müəllimlərin maaşını ehtiyaclarını ödəyəcək qədər artıra bilmiriksə, onlara dövlət qulluqçusu statusunun verilməsi məqsədəuyğundur:

“Hazırda Azərbaycanın 4500-ə yaxın orta ümumtəhsil məktəblərində 151 mindən çox müəllim çalışır. Onların heç də hamısı eyni məbləğdə əməkhaqqı almır. Əlbəttə, bu onların diaqnostik imtahan nəticələrindən sonra ayrılan dərs saatlarından asılıdır. Bu gün orta məktəb müəllimləri arasında 1000 manat əməkhaqqı alan da var, 80 manat alan da. Amma bu, o demək deyil ki, müəllimlərin orta əməkhaqqısı 550 manatdır. Lakin Bakı şəhəri üzrə orta məktəb müəllimlərinin təxminən 40 faizinin maaşı 500 manatdan çoxdur. Məlum olduğu kimi, ölkə başçısı tərəfindən mart ayının 1-dən etibarən bu məbləğ yenidən artırılıb. Hesab edirəm ki, bütün hallarda müəllimlərin aldığı əməkhaqqı onların bütün ehtiyaclarının ödənilməsi üçün yetərli deyil. Əgər biz müəllimlərin maaşını ehtiyaclarını ödəyəcək qədər artırmaqda çətinlik çəkiriksə, onlara dövlət qulluqçusu statusu verərək onları kommunal xərclərdən azad etmək lazımdır. Belə ki, onlara işıq, su, qaz, və nəqliyyatdan istifadəyə görə güzəşt etmək zəruridir. Azərbaycan müəlliminin bugünkü əməkhaqqısı bir çox dünya ölkələrindən aşağıdır. Halbuki, bizim müəllimlərin gördüyü iş digər ölkə müəllimlərindən heç də az və zəif deyil”.

kamran.jpg

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, təhsildən əlavə digər sahələrdə də maaşların 10% artırılması nəzərdə tutulur. Ekspert qeyd edir ki, bütün bunlar toplam şəkildə büdcənin xərclər hissəsinə təsirsiz ötüşməyəcək:

“Bildiyimiz kimi, artırılan maaşlar ümumi büdcəyə deyil, hər bir müəllimin vəzifə maaşına aiddir. Bu da təqribən, 230 minə yaxın orta məktəb müəllimlərinin maaşına şamil olunacaq. Qeyd edim ki, bu, ali məktəblərə aid deyil, sırf elmi işçilər, professor heyəti ilə bağlı ayrıca sərəncamın olması gözlənilir.

İlkin hesablamalara görə, büdcəyə, təxminən, 200 -250 milyon manata yaxın əlavə yük gələcək. Bu da büdcə üçün o qədər böyük rəqəm deyil. Azərbaycanın büdcəsi təxminən, 21 milyarddır və Nazirlər Kabinetində Prezidentin ehtiyat fondu var. Üstəgəl, büdcənin əlavə vəsait cəlbetmə imkanları da mövcuddur. Ona görə, mən düşünmürəm ki, bu maaş artımı ciddi problemlərə gətirib çıxara bilər”.

Ekspert qeyd edib ki, müəllim maaşlarının artımından sonra əməkhaqqıların verilməsində müəyyən gecikmələr yarana bilər:

natiq.jpg

“Sadəcə, ümumi təqaüdlərdə, təxminən, 6.5 % indeksləşmə baş verir. Digər sahələrdə də 10%-ə yaxın maaş artımının olması büdcəyə yük olacaq. Bu, büdcənin xərclər hissəsinə öz təsirini mütləq göstərəcək. Hələ ki neftin qiymətinin yüksək (60-65 dollar civarında ) olduğu bir dövrdə büdcə ilə bağlı böyük problemlərin yaşanacağını düşünmürəm. Amma ilin qalan hissəsində neft qiymətlərində ciddi oynamalar baş verərsə, büdcənin gəlir hissəsində, büdcəyə daxilolmalarda problem yarana bilər.

İstənilən halda  müəllimlərin maaşların azaldılması ola bilməz. Lakin müəyyən gecikmələr baş verə bilər. Yəni, müəyyən gecikmələrlə maaşların köçürülməsində yaranan problemlər, düşünürəm, qaçılmazdır”.

Nəzrin Cavid