Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-28 15:17:00
Düşmənə dərs keçən Şəhid müəllimimiz
"Vətən mənə oğul desə nə dərdim..."
 
44 günlük haqq davamıza işini, gücünü ataraq qoşulan qəhrəmanlarımızdan biri də riyazıyyat müəllimi Qoşqar Ömərovdur.  O Qoşqar ki vətən müharibəsində qəhrəmalıqla vuruşaraq Şəhidlik zirvəsinə ucalıb tarix yazanlardan olub. 
 
Azedu.az Şəhidimizin ömür yolunu, xatirələrini təqdim edir.
 
Qoşqar Ömərov 9 Fevral 1994-cü ildə Kürdəmirin Qarasu (Şilyan) kəndində dünyaya göz açmışdı. Uşaqlıqdan sakit, sevimli bir uşaq kimi böyümüşdü. Ətrafında hər kəs çox sevirdi Qoşqarı.
 
 
Orta təhsilini Qarasu kənd tam orta məktəbində alır. Atası Səxavət müəllim deyir ki, "Qoşqar 5-ci sinifdən 11-ci sinifə qədər şagirdim olub.
Evdə ata-bala, məktəbdə isə müəllim-şagird idik. Çox çalışqan uşaq idi. Həm də liderlik xüsusiyyətləri var idi.".
2011-ci ildə həmin məktəbi bitirir. Elə, həmin il də ADPU-nun "Riyaziyyat və informatika" ixtisasına qəbul olur. Müəllimlərinin sevimli tələbəsi, tələbə yoldaşlarının isə dostuna çevrilir. Atası deyir ki, "düşdüyü mühitdə özünə tez hörmət qazanan biri idi. Ətrafında həmişə yaxşı insanlar olurdu."
 
 
2015-ci ildə universiteti bitirir. Azərbaycan Memarlıq və Inşaat Universitetində "Informasiya texnologiyası və sistemləri mühəndisliyi" ixtisası üzrə magistr pilləsinə qəbul olunur. Lakin, hərbi xidmətə yollanmalı idi. 2015-ci ildə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçir. Riyazi bilikləri hesabına artilleriyada dəqiq hesablayıcı kimi tərifnamələr almışdı.
 
 
Hərbi xidməti bitirdikdən sonra magistr təhsilini davam etdirir və 2018-ci ildə həmin ixtisas üzrə məzun olur. 2017-ci ildən "Hədəf" və "Zirvə" hazırlıq kurslarında riyaziyyat müəllimi kimi çalışırdı.
 
 
2018-ci ildə MiQ imtahanında yüksək nəticə göstərir (57 bal). Abşeronun Masazır kəndində 5 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi işə başlayır. Qısa müddət ərzində şagirdlərin və müəllim yoldaşlarının böyük sevgisini qazanır.
 
 
Qoşqarın qəribə özünü sevdirmək xüsusiyyəti var idi. Bunu üçün xüsusi nəsə etmirdi. Olduqca mədəni, hər şeyin yerini bilən olması və yüksək savadı qarşısındakı təvazökarlığı onu tez bir zamanda ətrafına sevdirirdi. Şagirdləri həmişə yüksək nəticələr göstərirdi. Elə, bu nəticələr onun ürəyini dağa döndərirdi.
 
 
Qoşqar başdan ayağa istedad idi. Şəkil çəkər, musiqiyə vaxt ayırar, idmanla məşğul olardı. Vətənə bağlılığı isə hədsiz idi. "Tovuz döyüşləri" onu da narahat etmişdi. Gedib, könüllü yazılmışdı...
 
 
Atası Səxavət müəllim deyir ki, "çox yüksək bacarığı var idi. Hər işdə qısa zamanda uğur qazanırdı. Içimdə fəxr etsəm də, bunu ona bildirmirdim. "Hədəf" kurslarında işləyəndə rejimsiz qidalanması mədəsində problem yaratmışdı. Mədəsindən əməliyyat olunmuşdu. Məndən gizlətsə də sonradan öyrəndim. Buna görə də çalışırdım ki, uğurlarını gözardı edərək, bacarıqlarını gözündən salım. Ki, bəlkə az işləyə, özünə zaman ayıra...".
 
 
Sentyabrın 21-də təlimlərə çağırılmışdı. Böyük həvəslə təlimlərə yollanır. "Vətən müharibəsi" başlayanda, Qoşqar da silahına sarılır. Füzuli istiqamətində döyüşlərə qoşulur. Yüksək döyüş və fiziki hazırlığına görə kəşfiyyat bölüyünə qoşulur. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində döyüşlərdə xüsusi fəallıq göstərir. Şuşa istiqamətində döyüşlər başlanır. Noyabrın 4-də Daşaltı kəndi uğrunda qızğın döyüşlər zamanı canından çox sevdiyi Vətəni üçün qəhrəmancasına Şəhid olur...
 
 
Atası deyir ki, "kaş bu qədər sevimli olmasaydı, kaş bircə dəfə incitsəydi məni, kaş birc dəfə ərköyünlük etsəydi. Bəlkə bir az yanğım az olardı. Amma zərrə qədər incitmədi məni. Həmişə sevimli və bacarıqlı övlad kimi başımı uca etdi. Indi də məni Şəhid atası etdi...Fəxr edirəm!"
Qoşqarın Şəhadəti onu tanıyan hər kəsi dərindən sarsıdır. Onu çox sevən şagirdləri isə hələ də sevimli müəllimlərinin yolunu gözləyirlər...
 
 Şəhid Qoşqar Ömərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.