Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 14:40:00
Onlayn müsahibələrin ilk mərhələsi başa çatdı

Namizədlərin İKT bacarıqlarının zəifliyi və ya müsahibəyə qoşulmaq üçün hazırlanan təlimat videolarını izləməməsi də onların müsahibələrə qoşulmasında çətinlik yaradıb

 

 

Dekabrın 14-dən başlayan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsi dünən başa çatıb. Hər gün fəndən və komissiya sayından asılı olaraq, maksimum 258 nəfər dəvət olunub. Müsahibələrdə 98-100 faizlik iştirak davamiyyəti müşahidə edilib. Belə ki, dəvət olunan 2209 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.  Onlardan 2196 namizəd müsahibələrdə iştirak edib. Müsahibələrə qatılmayan 13 nəfərin hamısı hərbi xidməti davam edənlərdir.

 

Həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunanların müsahibələri yekunlaşdı

 

Ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, “Microsoft Teams” platforması üzərindən həyata keçirilib. Müsahibələrdə cari müsabiqənin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş namizədlər iştirak edib. Onlayn müsahibə prosesini İnsan resursları mərkəzi koordinasiya edib. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və  psixoloqlardan ibarət heyətlə təmsil olunan onlayn komissiyalar hər namizədə ümumilikdə 15-20 dəqiqə vaxt ayırıb. Lakin bu vaxt mövcud situasiyadan asılı olaraq dəyişib.

 

Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə elektron poçt ünvanlarına göndərilən keçid linkinə daxil olmaqla müsahibəyə qoşulublar. Xatırladaq ki, müsahibə proqramı əvvəlcədən Təhsil Nazirliyinin və İnsan resursları mərkəzinin rəsmi facebook səhifəsində və saytında yerləşdirilirdi.

 

Onlayn müsahibələrdə hər hansı fənn və ya bölgə üzrə bölgü aparılmayıb

 

Qeyd edək ki, müsahibələrin onlayn formatda keçirilməsi təcrübəsi artıq ötən ildən formalaşıb. Belə ki, 2019-2020-ci il üzrə müəllimlərin iş yerinin daimiləşdirilməsi müsabiqəsinin müsahibələri də onlayn formatda həyata keçirilib. Hazırkı müsahibələrin fərqi ondan ibarətdir ki, cari müsahibə mərhələsi zamanı hər hansı fənn və ya bölgə üzrə bölgü aparılmayıb və həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərdə işə qəbul olunan şəxslər müsahibələrdə iştirak edə biliblər. Onlayn müsahibələr zamanı hər hansı bir səbəbdən müsahibələrə qoşulmaqda çətinlik çəkən şəxslərə İnsan resursları mərkəzinin əməkdaşları müvafiq kömək edərək onların iştirakına şərait yaradıblar.

 

Maraqlıdır, bəs, onlayn müsahibələrdə çətinliklər nə ilə bağlı olub. Müşahidələr göstərib ki, bir çox hallarda internet problem olsa da, namizədlərin İKT bacarıqlarının zəifliyi və ya müsahibəyə qoşulmaq üçün hazırlanan təlimat videolarını izləməməsi də onların müsahibələrə qoşulmasında çətinlik yaradıb. İnternet problemi ilə qarşılaşan namizədlər üçün isə gün ərzində və ya növbəti günlərdə müsahibədə yenidən iştirak etmək üçün şərait yaradılıb. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən şəxslər üçün də İnsan resursları mərkəzinə fərdi qaydada müraciət etməklə poçt ünvanını dəyişdirmək imkanı verilib.

 

Hərbi xidmətdə olduğu üçün onlayn müsahibəyə qatılmayanlara imkan

 

Hazırda hərbi xidmətdə olduğu üçün onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.

(Azərbaycan müəllimi)