Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 10:30:00
UNEC rektorundan Qarabağ TƏKLİFLƏRİ: Universitet, istiqraz, brend…

“Azərbaycan əgər belə demək mümkündürsə Qarabağda tamamilə yeni hərbi praktikanı uğurla tətbiq etdi. Başqa sözlə, IV sənaye inilabı anlayışından istifadə etsək, IV hərbi inqilab etdi. Bu hərbi inqilab iqtisadiyyatın mülkü sektorunda IV sənaye inqilabının sürətlənməsinə təkan verəcək”.

AzEdu.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Vətən Müharibəsindəki qələbəmizdən danışarkən deyib.

Rektor xatırladıb ki, təqribən 1 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda IV Sənaye İnqilabının Bakı ofisinin yaradılması üçün razılaşma imzalamışdı:

“Hazırda bu istiqamətdə çiddi işlər davam etdirilir. Başqa sözlə, IV sənaye inqilabına uyğun olaraq rəqəmsallaşma iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu amili, habelə Qarabağın mövcud resurs və imkanlarını, münbit şəraitini, coğrafi mövqeyini, sərhədlərini və eləcə də Qarabağın relyefini nəzərə alaraq “Qarabağ İnnovasiya Mərkəzinin” yaradılmasını məqsədəuyğun hesab edirik.

Bu mərkəz ilk növbədə dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını önə çəkməli, istehlakçılar yerləşdiyi yerdə xidmətlərdən istifadə etmək imkanı əldə etməlidirlər.

Şübhəsiz ki, yuxarıda dediyim səbəblərdən “Teletibb xidmətlərinin” Qarabağda geniş tətbiqi məsələsi gündəmə gətirilə bilər”.


“Təhsil sektorunu təmsil etdiyim üçün təhsil sektoru haqqinda deməyə bilmərəm. Düşünürəm ki, “Qarabağ” Universitetinin yaradılması vaxtıdır! Bu universitet əksər mütəxəssislər tərəfindən gələcəyin təhsil modeli kimi qəbul edilən qarışıq təhsil modeli (online = offline) əsasında qurulmalıdır. Qarabağ Universitetinin özəlliyi həm də xaricdə yaşayan azərbaycanlı professorların və tədqiqatçıların cəlb edilməsi ola bilər. Bir sözlə, “Rəqəmsal Qarabağ” Dövlət Proqramına ehtiyac duyulur”,- Ədalət Muradov əlavə edib.


UNEC rektorunun sözlərinə görə, Qarabagın Ermənistan işğalından azad edilməsi həm də Azərbaycan iqtisadiyyatının gələcəyi baxımdan çox ciddi alternativlər yaratdı:

“Bu alternativlər Azərbaycanın iqtisadi gücünü artırmaqla, onun iqtisadiyyatının diversifikasiyasını gücləndirməklə həm də regionun iqtisadi xəritəsini dəyişmək gücündədir.


Bu baxımdan ilk olaraq qeyd etmək istərdim ki, Azərbaycan açıq dənizə çıxış imkanı olmayan ölkədir və açıq dənizə çıxış hazırda Gürcüstan vasitəsilə həyata keçirilir. Naxçıvanla Azərbaycan arasında birbaşa nəqliyyat koridorunun yaradılması açıq dənizə çıxışı Türkiyə vasitəsilə də təmin etməyə imkan yaradacaq. Eləcə də, Qarabağ zəfərindən sonra ortaya çıxacaq yeni regional nəqliyyat şəbəkəsi Azərbaycanın bu sahədəki imkanlarının diversifikasiyasına gətirib çıxaracaq və bu gün mövcud olan asılılığı azaldacaq, tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq.


Yeni alternativlərdən danışarkən Qarabagın bərpası və inkişafı üçün tələb olunan maliyyə mənbələrindən də danışmaq istərdim. 18 noyabr tarixində UNEC-də keçirdiyimiz “Müharibədən Sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya Mərkəzinin mühüm həlqəsi kimi” mövzusunda beynəlxalq konfransda “Qarabağ istiqrazları”nın emissiyası təklif edilmişdir. Düşünürük ki, alternativ maliyyə mənbəyi kimi Qarabağın bərpası zamanı İslam maliyyəsi və ya bankçılığı kimi alətdən də istifadə edilə bilər və bu baxımdan Qarabağda fəaliyyət göstərən şirkətlər əlavə maliyyə mənbəyi kimi Sukuk istiqrazlarının tətbiqindən yararlana bilərlər. Başqa sözlə Qarabağ istiqrazları həm də Qarabağ Sukuk istiqrazları kimi də emissiya edilə bilər və düşünürük ki, bununla xarici investisiya mənbələri də diversifikasiya edilə bilər. Məlumat üçün bildirim ki, Transmilli şirkətlər General Electric və Goldman Sachs korporativ sukuk - İslam istiqrazları buraxırlar.


Bu gün dünyanın 92 -dən artıq ölkəsində üç yüzdən çox İslam maliyyə institutu fəaliyyət göstərir və onların aktivləri 3.2 Trl. dollar, illik artım templəri isə 10-15% təşkil edir.


Bildiyiniz kimi, artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin tapşırığı ilə milli məhsulların xarici bazarlara çıxarılması üçün “Made in Azerbaijan” brendləşməsi həyata keçirilir. Qarabağda qida sənayesi üçün əlverişli şəraitin olduğunu əsas tutaraq düşünürük ki, “Qarabağ” Halal qida brendi yaradıla bilər və bununla bağlı hüquqi bazanın yaradılmasına, eləcə də PR kompaniyasına dərhal başlamaq olar.


Vacibdir ki, “Halal” işarəsini yeni bir təhlükəsizlik, saflıq və keyfiyyət standartı kimi təkcə müsəlmanlar deyil, digərləri də qəbul edirlər”.