Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-24 15:18:00
Ruhani dili”ndə yazılan xəritə-kitab – Bir təqdimatdan əsintilər 

 

 

 Koordinat sistemi

 

”Nəsə ürəyimə dammışdı. Sümüyümə düşən, könlümə yatan bir müqəddəs duyğu mənə rahatlıq vermirdi. Kimisə axtarırdım, nəyisə gəzirdim. Heç özüm də bilmirdim, kimi axtarıram, nəyi gəzirəm. Günlərin birində  mənə elə gəldi ki,  qeybdən qulağıma səslər gəldi. “Axtardığın Xorasan dərvişi, ozanlar ozanı Yunus Əmrədir. Gəzdiyin onun Haqqa qovuşan nəfəsidir, axtar, tap, qovuş o dərgaha” – dedilər. O gündən bu səslərin sorağına düşdüm. Türkün yazılı tarixi kimi səsə hopan, sözə çökən, yaddaşa yazılan  Yunus Əmrə dərgahına doğru gedən bir yolçuya döndüm”.

 

Müasir poeziyamızın klassiklərindən olan Zəlimxan Yaqubun “Yunus Əmrə” poemasının girişindəndir bu sətirlər…

 

Xalq Bank tərəfindən həyata keçirilən “Xalq əmanəti” layihəsinin sayca XX buraxılışı Zəlimxan Yaquba həsr olunub, onun seçilmiş əsərləri bir kitabda sistemli şəkildə toplanıb.

 

Amma bir azca da YOLa oxşayır bu kitab… Çünki vərəqlədikcə Haqq işığının sehrinə düşüb, onu arayan şair Zəlimxanın addımlarını, gəncliyindən tutmuş ömrünün sonunadək yorulmadan özünüarama yanğılarını bu topluda ardıcıl inkişaf xətti ilə görmək mümkündür…

 

Zəlimxan Yaqub  “Seçilmiş əsərləri” – Gənc Zəlimxandan Yunus Əmrə dərgahının kandarına varan, Mövlana nəfəsini, Hacı Bektaş Vəli, Qaracaoğlan mehini ruhuna  sığal çəkən, Dədə Ələsgər közündə qovrulan, mürşidlik məqamını andıran ağsaçlı Zəlimxan Yaqub məntəqəsinə aparan YOLun koordinat sistemidir…

 

Bu koordinat sistemi bizi  son nöqtə olaraq ağarmış saç-saqqalı, nurani siması, bu nuranilikdə əks olunan  ötkəm cizgisi və bütün bu göstəricilərlə   qədim-sirli Türküstanın, Anadolunun xanəgah şeyxlərinə bənzəyən Zəlimxan Yaquba aparır.

 

Bu yerdə şairin ömrünün son illərini, aylarını xatırlayaq: Cismani həyatının son dönəmlərində insanlar sanki  başqa Zəlimxan Yaqubla qarşılaşdılar:  hər dəfə onu gördükcə ağarmış saç-saqqalı, nurani siması, bu nuranilikdə əks olunan üzüntü, ağrı və daha çox müdrikliklə üz-üzə qalmalı oldular.

 

Zəlimxan Yaqub bu halı ilə əlində dəmir əsa, ayağında yırtıq çarıq olan, çilləsinin sonuna çatmış, mürşidləşmiş, Haqqa gedən yolun bütün koordinatlarını müəyyən etmiş bir dərviş idi…

 

Şaqraq, gur çağında yox, məhz ağrılı, ağ saçlı-saqqalı halında bu yolu, bu izi tapmışdı Zəlimxan Yaqub… Bu izlə gedirdi. Hərdən Əhməd Yasəvi, hərdən Mövlanə, hərdən Pir Sultanla, hərdən də Yunusla söhbətlər edirdi. Söhbət edə-edə uzaqlaşırdı, uşaqlaşırdı şair… Mövlanə gileylənirdi ki, Tanrıya gedən yolun hansı pillələrini fəth etdimsə, qoca türkmək şairi Yunusu qarşımda gördüm. Bizim şair isə ustadın onun qarşısına çıxmasını çox istəyirdi, bu eşqlə yaşayırdı. Çünki bilirdi ki, “mələklər dilində danışan ustad Yunus” nə zamansa qarşısına çıxsa deməli, o, öz şair səlahiyyətini, KÖZ qoruma missiyasını uğurla yerinə yetirib:

 

“Yırtıldı ayağımda geydiyim dəmir çarıq

Nə olar ki,  bir dəfə mənim də qarşıma çıx”

 

Böyrəklərindən əməliyyat olunaraq keçirdiyi ağır xəstəlik illəri əslində kimsəsiz Anadolu çöllərində, dərviş babalarının izini axtardığı illər idi… Ağrılı da olsa, xoşbəxt illər... 

 

Xəstə halı ilə bu dörd il ərzində öz içində, Analodu torpaqlarında Rum ellərində, Azərbaycan məmləkətində dərvişlərin keçdiyi izlərlə gəzdi…  Şair bəlkə nə vaxtsa xəyal etməzdi ki, içində gəzmək bu qədər çətin, bu qədər dərin bir aləmdə səyahət imiş…

 

Əslində  Zəlimxan Yaqubun ömrünün son illərində üz cizgiləri dəyişməsə idi o bəlkə də bu izləri tapa bilməzdi. Çünki Nəimi baba demiş, üz cizgilərinin dəyişməsi insanla kainat arasındakı hansısa gizli dialoqa bir işarədir.

 

Deməli, həm də bu kitab (Zəlimxan Yaqub “Seçilmiş əsərləri”)  şairin o zaman yalnız özünə bələd olan YOL XƏRİTƏSİNİN poetik sistemə köçmüş variasiyasıdır…

 

              Buludlardan üzüldüm,

              Çiçəklərə düzüldüm.

              Füzulidən süzüldüm,

             Axdım Yunusdan gəldim.

 

Od daşıyıcısı

 

Şeir, qoşma, gəraylı, poema, məqalə yazmasından asılı olmayaraq Zəlimxan Yaqub ömrünün sonuna qədər həm də  bir missiyanın daşıyıcısı olub.   Bir  şeirində dediyi kimi “dədə ocağından köz almaq” və həmin közü bu gün də sönməyə qoymamaq missiyasının:

 

  “Sözdən öz ömrümə bir heykəl yonub,

  Gözəllik önündə heyrətdən donub,

 Arıtək çiçəkdən-çiçəyə qonub,

 Dədə ocağından köz almağım var”.

 

Köz dediyin əslində dədələrdən, babalardan qalan və milli yaddaş sistemimizi formalaşdıran həqiqət toplusudur. Zəlimxan Yaqub nə yazdı, nə yaratdısa hamısı elə o KÖZ üçün idi. Yunus Əmrədən, Mövlanədən, Dirili Qurbanidən,  Şah Xətaidən, Miskin Abdaldan, Hacı Bektaşdan, Qaracaoğlandan, Dədə Ələsgərdən şölələnə-şölələnə gələn KÖZ üçün…

 

1950-ci ilin yanvarında Borçalıda dünyaya göz açıb  2016-cı ilin yanvarında dünyaya göz yuman şair bu açmaqla-yummaq arasındakı intervalda Zəlimxan Yaqub olmağın düsturlarını da o dədələrin hesabına çözə bildi.

 

 Ruhani işığında söhbət

 

“Xalq Əmanəti” layihəsinin bu buraxılışadək olan bütün təqdimatlarında böyük izdiham yaşanıb.  İctimai, mədəni, elmi kütlənin öncül nümayəndələri, KİV əməkdaşları, yazarlar  bundan əvvəlki 19 təqdimatda iştirak ediblər. Amma məlum pandemiya səbəbindən çox məhdud çevrədə  yalnız kitabın tərtibçiləri, rəyçiləri və şairin övladı  iştirak edirdi. Sanki  Zəlimxan Yaqubla  bağlı bu kitabın təqdimatında da qəribə bir mistika hökm sürürdü.  Orta əsrlər Azərbaycanında, Anadolusunda sufi  təkkələrində  dərvişlər şeyxin ətrafında necə dairəvi formada yığılıb, onu dinlərdilərsə,   elə bil bu məhdud çevrənin insanları da Zəlimxan Yaqub işığının başına o cür yığışmışdılar.  Və… Onları arxa fonda cismani qulaq tərəfindən eşidilməyən bir SƏDA, ilahi şifrələr toplusu- Ruhani havası müşahidə edirdi.

 

Pandemiyanın hətta ən dar çevrədə də  bir-birindən aralı əyləşməyə məcbur etdiyi məclis əhli – akademiklər Nizami Cəfərov, İsa Həbibbəyli, şairin övladı Bəhlul Yaqubov, ədəbiyyatşünas Azər Turan, şair Səlim Babullaoğlu, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu – müzakirələri davam etdirdikcə deyəsən şairin özü də onlarla ünsiyyət qururdu; özü də vardığı məqamın (Yunus yolçuluğunun sonucu, koordinat sisteminin məntiqi axırına əsasən) dilində - “Ruhani” şivəsində…

 

Mövlana təbirincə desək,  “hamdan” “bişdim”ə aparan yolun koordinat sistemi,  şifrəli xəritəsi olan kitab yuxarıda adları çəkilən şəxslər tərəfindən Azərbaycan dilində tərtib olunsa da, ilahi bir fəhmlə batini naxışlarla, “Ruhani dili” ilə hörülüb.

 

Məclisin əsas “iştirakçı”larından olan  böyük şair Zəlimxan Yaqub da onu batini qata vararaq, məhz “Ruhani” dilində oxumaqda idi… 

 

Bu yerdə təqdimatda Azərbaycan dilində  səslənən iki sitat:

 

Bəhlul  Yaqubov (şairin oğlu): “İnanıram ki, bu kitabda əks olunan şeirlər oxucuya Zəlimxan Yaqubun hansı amallara xidmət etdiyini, hansı arzularla yaşadığını əyani şəkildə çatdıracaq və  gələcək nəsillərə xoş bir ərmağan olacaqdır”.

 

Nizami Cəfərov (akademik): “Şübhə etmirəm ki, bu kitab Zəlimxanın yaradıcılığını öyrənənlər, araşdıranlar sevənlər üçün ən gözəl mənbələrdən biri olacaq. Əminəm ki, o bizim üçün hər zaman bir dəyərli ziyalı olaraq qalacaq”.

 

P.S. “Ruhani dili”ndə deyilənləri  çatdırmaq isə bizim bacarığımız xaricindədir… Lakin əlimizdə bu dilin danışıq kitabçası rolunu oynayacaq və  hər zaman istifadə edəcəyimiz bir mənbə var – “Xalq əmanəti” layihəsinin XX buraxılışı  - Zəlimxan Yaqubun  “Seçilmiş əsərləri”

 

P.S.S. “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Tağı Tağıyev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görmüşdür.