Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-24 10:32:00
ABŞ universitetinə qəbul olan 17 yaşlı Züleyxa: “Uğur qazanıb, ölkəmə geri dönəcəm” - MÜSAHİBƏ + FOTO

Son günlər sosial şəbəkələrdə sürətlə paylaşılan məlumatlardan biri də 17 yaşlı həmvətənimizin dünyanın ən məşhur universitetlərindən birinə qəbul olmasıdır. Gənc xanım qəhrəmanımız S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu Züleyxa Kişiyevadır.

Beynəlxalq SAT (1560 bal ) və IELTS ( Overall 7.5 ) imtahanlarına hazırlaşaraq, rəsmi imtahanlarda yüksək nəticələr əldə edən 17 yaşlı Z.Kişiyeva ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biri olan Pensilvaniya Universitetinin Wharton Biznes məktəbində tam təqaüd ilə təhsil almaq imkanı əldə edib.

- İmtahanlara hazırlaşarkən ən çox nələrə diqqət edirdiniz?

  • Qəbul imtahanlarına hazırlaşdığım müddətdə mənim üçün ən önəmli olan dərslərimə birmənalı fokuslanmaq olub. Sosial şəbəkələrin diqqətimi dağıtdığını gördüm və vaxtımı məhsuldar keçirmədiyim üçün bütün sosial platformalardan ayrıldım. Öyrəndim ki, eyni anda bir neçə istiqamətə fokuslananda - məsələn, dərslər və sosial media - ən asan bir iş belə saatlarla vaxt alır. Bu da enerjimizi itirib, daha az məhsuldar olmağımıza gətirib çıxarır. Fikrimcə, sosial mediadan bir müddətlik ayrılmaq təhsil həyatımda verdiyim ən yaxşı qərarlardan biri idi.

- Xaricdə təhsil almaq öz fikriniz olub, yoxsa ailəniz seçimdə sizə istiqamət göstərib?

- Ölkədən kənarda təhsil almaq haqqında ilk öncə özüm məlumat toplamışam. Düşünürdüm ki, Amerikanın öndəgedən universitetlərində təhsil daha yüksək səviyyədə təşkil olunur. Belə bir qərarın müsbət və mənfi tərəflərini götür-qoy etdikdən sonra valideynlərimlə məsləhətləşdim. Onlar da mənim qərarımı dəktəklədilər.

GENIUS olimpiadasında qalib olduğunuz Click Energy adlı layihəniz haqqında danışın.

- 2018-ci ilin sonlarında həmkarlarım Zəhra Qasımzadə, Nofəl Qədimli və Ülvi Musayev ilə birlikdə alternativ enerji ilə öz-özünü təmin edə bilən klaviatura düzəltmək ideyamızı layihələşdirdik. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu bizə inkubasiya dəstəyi təqdim etdi. Ölkə üzrə bəzi uğurlar qazandıqdan sonra qlobal programlar və müsabiqələri araşdırdıq, tapdıq və müraciət etdik. “GENİUS” olimpiadası da onlardan biri idi. Bu yarışın biznes kateqoriyasında birinci yeri tutub, hər birimiz Roçester Universitetindən 20.000 dollar dəyərində mükafata layiq görüldük. Bizim üçün qürurverici netice oldu.

- Pensilvaniya Universitetinin bakalavr pilləsində təhsil almaq şansını əldə edən yeganə Azərbaycanlısız. Bu necə hissdir?

- Universitetin 2020-ci il sinifində Azərbaycanı təmsil etmək həm çox məsuliyyətli, həm də qürurverici bir hissdir. Pensilvania Universitetində həmvətənlilərimizin sayı azdır. Ona görə də mənim məqsədim qarşımdakı dörd ili bacara bildiyim qədər uğurlu bitirib, ölkəmizin bayrağını universitet birinciləri sırasında qaldırmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəcəm. 

- Donald Tramp, İvanka Tramp, İlon Mask, Uarren Bafet kimi bir çox məşhur şəxslər məhz bu universitetdə təhsil alıb. Onlar sizin seçimlərinizə təsir edən amillərdən biri ola bilərmi?

Açığı universitet seçəndə oranın tanınmış məzunları varmı deyə araşdırmıram - çünki mənə görə uğur qazanmaq hansı universitetdə oxuduğumuzdan daha çox şəxsi fərasətimizdən asılıdır. Pensilvaniya Universitetini seçməyimin əsas səbəbi oranın qabaqcıl mütəxəssisləridir. Bizə dərs deyəcək professorlar dünyanın ictimai mühitinə təsir edən adamlar olacaq.

- Həmyaşıdlarınıza tövsiyələriniz nədir?

- Məncə mənim kimi yeniyetmələrin xatırlamalı olduğu ən önəmli məqam odur ki, təhsilimiz həyatımızın digər sahələrindən daha önəmlidir. Yeniyetməlik yaşında həyatımızda dəyişikliklər çox olur - özümüzü daha yetişkin, məsuliyyətli hiss edirik, yeni dostluqlar və münasibətlər yaradırıq. Və bu “qalmaqal”-ın arasında təhsilimiz asanlıqla ikinci plana düşə bilər. Halbuki bir az irəlini görməyə çalışsaq anlayarıq ki, bizi irəli aparan əsas amil təhsildir. Ona görə də, bütün yaşıdlarımı təhsili hər şeydən üstün tutmağa səsləyirəm.

- Son olaraq təhsilinizi bitirdikdən sonra ölkəyə geri dönməyi düşünürsünüz mü?

- Bəli, Azərbaycana qayıtmaq fikrindəyəm. Müəyyən qədər iş təcrübəsi əldə etdikdən, Amerikanın finans və bank sistemini öyrəndikdən sonra vətənə qayıdıb öyrəndiklərimi tətbiq edəcəyəm. Fikrimcə, ölkəmizin rifahını artırmağa çalışmaq hər bir Azərbaycanlının vətəndaşlıq borcudur.(oxu.az)