Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-22 13:10:00
MDU  tələbəsi “İlin Könüllüsü” mükafatına layiq görüldü

 

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Dağlar Babayev 5 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ Azərbaycandır! Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”nda “Pandemiya dövründə könüllülük” kateqoriyası üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.

 

AzEdu.az-ın məlumatına görə, D.Babayev “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “COVID-19” infeksiyasına qarşı mübarizə tədbirlərində, sosial həssas kateqoriyadan olan ailələrə sosial xidmətlərin göstərilməsində, pandemiya ilə bağlı maarifləndirmə fəaliyyətlərində və digər bir çox layihələrdə RİİB könüllüsü olaraq iştirak edib və yüksək fəallıq nümayiş etdirib.

 

Universitetin rəhbərliyi, kollektivi və tələbə heyəti D.Babayevin RİİB könüllüsü statusunda əldə etdiyi bu uğuru çox yüksək qiymətləndirir və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzu edir.

 

Məlum olduğu kimi, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə “Könüllülər ili” elan edilib.

 

Qeyd edək ki, regionda yerləşən ali təhsil müəssisəsi olaraq MDU tələbələrin könüllülük fəaliyyətinə fəal cəlb olunmasına böyük önəm verir və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsini diqqət mərkəzində saxlayır.