Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-02 07:24:33
Mətbuat katibləri təhsil yazarları haqqında: “İxtisaslaşmış jurnalist çatışmazlığı var”

Jurnalistikanın maraq dairəsində olan ən vacib sahələrdən biri də təhsildir. Təhsillə bağlı yazan jurnalistlər mütəmadi olaraq, müvafiq təhsil qurumları, universitetlərin mətbuat katibləri ilə əlaqə saxlamalı olurlar. Əlaqədar təşkilatlar isə əsas informasiya mənbəyi sayılsalar da, bəzən, onlarla iş jurnalistləri qane etmir.

Bəs, mətbuat katibləri təhsil mövzusunda yazan jurnalistlərdən razıdırlarmı? Onların yol verdiyi  hansı yanlışlarla qarşılaşıblar və jurnalistlərə nə kimi tövsiyələri var?

AzEDU saytı bir neçə universitetin mətbuat katibinin bu istiqamətdə fikrilərini öyrənməyə çalışıb:

Mənsur İbrahimov (Azərbaycan Pedaqoji Universitetinin mətbuat katibi):

“Desəm ki, təhsil sahəsindən yazan jurnalistlər məni qane etmir, mənə qarşı bəsit aqressiv olacaqlar. Desəm ki, yaxşıdırlar, o da olmur. Qısaca belə deyim: hər sahədə olduğu kimi, təhsil sahəsindən yazan jurnalistlərin də arasında kifayət qədər savadlı, təcrübəli, bu sahəni yaxşı bilənləri də var, bir qədər diletant, mövzunu kifayət qədər bilməyən də. Yəni, bəziləri məni qane edir, bəziləri isə yox.

Təhsil mövzusunda yazan jurnalist öncə bu sahədə ixtisaslaşmalıdır. Təhsil qanunvericiliyini, terminləri, baş verən yenilikləri, qəbul edilən qanun, qərar, sərəncam və fərmanları mütəmadi izləməlidir. Məsələn, ADPU-ya müraciət edirsə, orada baş verən proseslər, həyata keçirilən yeniliklər və islahatlardan məlumatlı olmalıdır ki, sual verəndə də mövzuya uyğun və konkret olsun.

Bu hal yalnız mətbuat sahəsində müşahidə olunmur. Hər sahədə diletantlar da var, peşəkarlar da. Ümumiyyətlə, təhsil geniş, çoxpilləli  anlayışdır. Bu sahədən yazan jurnalist öz üzərində daim işləməlidir. Əfsus ki, bəzən, onların bu haqda ümumi  anlayışları belə olmur. Sadəcə çalışdıqları mətbu orqana informasiya vermək xətrinə yazırlar. Redaksiyaların da vəziyyətlərini başa düşürəm. Hər sahə üzrə ixtisaslaşmış kadrlar yetişdirə bilməzlər. Amma çox yaxşı olardı ki, təhsil sahəsində ixtisaslaşmış jurnalistlər fəaliyyət göstərsinlər. Bu barədə müzakirələr aparılır, amma təəssüf ki, hələ də öz həllini tapmayıb. İstərdim, ictimai-siyasi, iqtisadi, təhsil, hərbi və s. müxtəlif sahələr üzrə ixtisaslaşmış jurnalistlər olsun”.

Günel Aslanova ( Azərbaycan Tibb Universitetinin mətbuat katibi):

“Təhsil sahəsində yazan jurnalistlərlə indiyədək hər hansı problem yaşamamışam. Azərbaycanda bu sahəni işıqlandıran media mənsubları kifayət qədər savadlıdırlar. Yəni, yazdıqları xəbərin, məqalənin, hazırladıqları süjetin mövzusunu araşdırır, məlumatlı olurlar.

Təbii ki, iş prosesində yanlışlıq qaçılmazdır. Kiçik anlaşılmazlıqlar olsa da, çox şükür ki, ciddi bir səhvə yol verən jurnalistlə rastlaşmamışam. Məsələn, bəzən hansısa professordan müsahibə almaq istəyiblər. Amma həmin professor qəti şəkildə mediaya müsahibə vermək istəmədiyini bildirib. Jurnalist də məndən inciyib. Belə anlaşılmazlıqlar olub. Halbuki, bu, məndən asılı olmayan bir məsələdir.

Tibb, səhiyyə  çoxşaxəli  sahədir. Tövsiyəm odur, media bu sahəyə daha çox diqqət ayırsın”.

Ağa Cəfərli (Azərbaycan Dillər Universitetinin mətbuat katibi):

"Hamımız təhsilin bir millət, dövlət üçün hansı əhəmiyyətə malik olduğunu gözəl bilirik. Bu baxımdan, təhsil sahəsindən yazan jurnalistlərin fəaliyyəti xüsusi diqqətə layiqdir. Onların yazıları bu sahənin inkişafı üçün böyük təkandır. Bu mənada onların hər birinə təşəkkür düşür.

O ki qaldı hansı səhvlərə yol vermələrinə, təcrübəli jurnalistlər qaydaları gözəl bilir və buna yüksək səviyyədə əməl edirlər. Ancaq gənc jurnalistlər bəzən, adamın fikirlərini kontekstdən çıxarırlar. Hətta yazılı şəkildə verdiyin açıqlamanı da doğru-düzgün yazmırlar. Bəzi jurnalistlər isə təhsil sahəsi, mövcud qanunvericiliyi bilmədikləri üçün qəribə suallarla müraciət edirlər.

Bu problemlərin aradan qaldırılması üçün isə hər bir jurnalist sadəcə öz üzərində işləməlidir. Başqa heç nə...”

Nicat Abdullayev (Azərbaycan Texniki Universitetinin mətbuat katibi)

“Bizdə ixtisaslaşmış jurnalistika yoxdur. Təhsil, idman və ya iqtisadiyyat üzrə olsun, fərq etmir. Amma təhsil sahəsi biraz çətin sahə olduğuna görə, bu sahədə bilmədən yazmaq olmaz. Redaksiyalarımız qismən təhsil yazarlarıformalaşdırıblar. Artıq bir neçə ildir ki, təhsil mövzularından eyni  yazarlar yazırlar.

Mən onlardan müəyyən mənada razıyam. Amma təəssüf ki, boşluqlar da olmamış deyil. Təhsil yazarları ilə aramızda zaman-zaman anlaşılmazlıqlar olub ki, bu da ixtisaslaşma olmadığından irəli gəlir. Mən  jurnalistika fəaliyyətimdə idmandan da,  sosial problemlərdən də, siyasətdən də yazmışam. Amma təhsil sözün bitdiyi bir sahədir. Burada yazarın hədəf kütləsi təhsil adamlarıdır. Təhsil adamları isə səhvi qəbul etmirlər. Ona görə də bu sahə tam dəqiqlik tələb edir. Bəzən universitetlə bağlı yazı hazırlayanda fikrimizi öyrənmədən qərəzli yazıların verilməsinin şahidi oluruq. Zəng vurub iradımızı dedikdə isə söyləyirlər ki, siz öz mövqeyinizi bildirin. Başa düşmürlər ki, artıq materialı qərəzli şəkildə yayımlanıb. Mənim bundan sonra verdiyim informasiya sadəcə yenidən o qərəzi gündəmə gətirəcək.

Bizdə təhsil ekspertləri tükənmək üzrədir. Yeni ekspertlər kəşf olunub ortaya çıxarılmır. Jurnalistə təşəbbüskar olub təhsil müəssisələrinə getməli, yeni insanlar tanımalıdırlar. Başa düşürəm, buna vaxt sərf etmək lazım olur. Amma mətbuat xidmətləri ilə danışıb həmin universitetin aparıcı alimləri, aparıcı müəllimləri, təhsil adamları ilə görüş təşkil etmək lazımdır. Həmin görüşdə jurnalistlər söhbət əsnasında yaxşı həmsöhbətlər tapa, ekspertlər kəşf edə bilərlər. Düşünürəm ki, bu, təhsilimizə çox böyük töhfə vermiş olar. Mən təhsil sahəsindən yazan jurnalistlər hər birini universitetdə görmək istəyirəm. Jurnalistikanın bir qolunu da vətəndaş jurnalistikası təşkil edir. Biz vətəndaş olaraq əlimizdəm gələni etməliyik. Təhsilimizi inkişafına xidmət göstərməliyik”.

Lamiyə Süleymanlı