Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-18 12:27:00
Andria Zafirakou: “Şagirdlər üçün təmin etdiyim mühit dəstəkləyici və rahatdır”  



The Global Teacher Prize müsabiqəsinin qalibi olaraq 2018-ci ildə “İlin ən yaxşı müəllimi” seçilən və bir milyon dollar mükafat qazanan Andria Zafirakoudan “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi müsahibə alıb. “Azərbaycan müəllimi” həmin müsahibəni təqdim edir.

          

“Təhsilin Nobeli” olaraq bilinən “1 milyon dollar”lıq hekayənin qəhrəmanı Andria Zafirakou 13 ildir ki, İngiltərədəki Alperton Community School’da  tekstil sənəti müəllimi və incəsənət kafedrasının müdiri vəzifəsində işləyir.  

        

Andria Zafirakounun dərs dediyi məktəbin yerləşdiyi ərazidə cinayət faizi yüksək, şagirdlərin dərsə davamiyyəti zəif olsa da o, öz metodları ilə bu problemlərin azalmasına nail olub. Necə? Bu barədə özü danışacaq.

 

- Andria xanım, ən yaxşı müəllim kimdir, o hansı keyfiyyətlərə sahibdir? “Ən yaxşı müəllim” olmaq üçün nə etmək lazımdır?

- Yaxşı müəllim olmaq üçün öncə bu peşənin saat 9-dan 5-ə (iş qrafiki) qədər davam edən bir iş olmadığını anlamaq lazımdır. Bu, bir yaşam tərzidir, peşəyə duyulan ehtirasdır. Bunu anladıqdan sonra siz öz işinizi sevəcəksiniz. İkincisi, şagirdlərlə qurulan ünsiyyət çox önəmlidir. Onları  tanımalı, haradan gəldiklərini, ailələrinin vəziyyətini, nələrdən ilhamlandıqlarını bilməlisiniz. Beləliklə, aranızda qarşılıqlı inam yaranacaq. Üçüncüsü, isə şagirdlərin sizin keçdiyiniz dərsin ən gözəl dərs olduğunu anlamalarını təmin etmək, öz dərsinizi nəyə görə sevdiyinizi onlara göstərməkdir.  Bununla onlar, uzunmüddətli bir öyrənmə prosesi və buna duyulan sevgi ilə tanış olacaqlar. Bu, onların həyatında çox önəmli olacaq.

 

- Kommunikasiyada qarşımızdakının maraq dairəsini tapmaq, güvən formalaşdırmaq üçün nəyə diqqət etməliyik? Siz bu baxımdan nə edirsiniz?

- Ünsiyyətdə olduğumuz şəxsin  müəyyənləşdirdiyi yol xəritəsinə, bazasına xüsusi diqqət etməliyik. Bununla birlikdə, kommunikasiyanı, əməkdaşlıq çərçivəsində qursaq, təsirli nəticə əldə edə bilərik. Həmçinin, ortaq maraq dairələri tapmalı, mədəni fərqlilikləri başa düşməli və nəzərə almalıyıq. Bunun üçün dəstəkləyici ünsiyyət, müşahidə və suallar önəmlidir. Beləliklə, güvən qazanmış olarıq.

 

- İşlədiyiniz məktəbdə  35 müxtəlif dildə danışan şagirdlər var. Haqqınızdakı məlumatlarda deyilir ki, siz şagirdlərinizin diqqətini çəkmək, onların ailələri ilə ünsiyyətdə olmaq üçün 35 dildə salamlaşmağı öyrənmisiniz… Bunu necə bacarmısınız? 

- Mən immiqrant ailəsində böyümüşəm. Buna görə də bir mədəniyyətə sahib olub, başqa bir mədəniyyətdə yaşamağın nə demək olduğunu anlayıram. Qeyri-müəyyən bir mühitə daxil olmağın onlar üçün nə qədər qorxulu olduğunu başa düşə bilirəm. Ailələrin bir çoxu təhsilli deyil. Onları bir kəlmə də olsa öz dillərində salamlaya bilmək, bir növ “sizin burada olmağınızdan məmnuniyyət duyuruq, sizi burada istəyirik” mənasına gəlir. Həmçinin, üzünüzdəki təbəssüm ilə onlara qucaq açdığınızı göstərirsiniz. Onları öz dilində salamlamaqla müəllim kimi öz üzərində işlədiyini də xatırladırsan. Məncə, bu çox önəmlidir.

 

- Uşaqların potensiallarının fərqinə varması, öz istedadını kəşf etmələri üçün nə edirsiniz?

-  Bu baxımdan olduqca şanslıyam, çünki uşaqlara incəsənəti öyrədirəm. Burada onlar hər hansı bir proqramla məhdudlaşdırılmayıblar, öz istedadlarına əsaslanırlar. Sadəcə əmin olmağa çalışıram ki, onlara təmin etdiyim mühit dəstəkləyici və eyni zamanda rahatdır. Beləliklə, bu mühit onların zehinlərini açır, onlara imkanlar tanıyır. Şagird belə bir mühitdə özünü əmin-aman hiss edir və azad şəkildə ifadə edə bilir. Yaradıcılığa gəldikdə isə, burada düzgün ya da səhv cavab yoxdur. Bu sadəcə sualın səni hansı istiqamətə aparacağını görməklə bağlıdır.

 

- Çalışdığınız məktəbin yerləşdiyi ərazidə cinayət faizi yüksəkdir. Belə bir iş yerində sizin motivasiyanızı artıran nədir? 

- Kasıb olmaq, valideynlərinin onları tərk etməsi, həyatlarında pozitiv rol modellərinin olmaması uşaqların günahı deyil. Məncə, bunu özümüzə xatırlatmaq lazımdır. Məktəb ümid, inam yeridir. Ona görə də məktəblər  bu ərazidə olan ən önəmli bina, ən önəmli qurumdur. Çünki məktəblər bizim şagirdlərə hörmət, tolerantlıq, bilik, bütün insanlığa şəfqət toxumları əkdiyimiz yerlərdir.

 

Həm də xaraktercə çətin situasiyaları həll etməyi sevirəm.

 

- Tədris proqramını etnik qrupları göz önünə alaraq yenidən dizayn etmisiniz.  Boks və kriket klubu açmısınız. Yoqa dərsləri  təşkil etmisiniz. Məktəbi paltaryuyanla təmin etmisiniz… Şagirdlərin evlərini ziyarət edirsiniz… Bütün bunları edərkən qarşınıza çıxan çətinlikləri necə dəf edirsiniz? Həmkarlarınızın dəstəyini qazanmaq və komanda ruhu formalaşdırmaq üçün nə edirsiniz?

- Cəmiyyətdə  belə bir stiqma var ki, incəsənət, yaradıcılıq önəmli deyil. Mən öz keçmişimdən deyə bilərəm ki, ailəm incəsənətlə məşğul olmağımı istəmirdi. Bu, məni bir dönəm çox narahat edirdi. Mən hazırda valideynlərə onların övladlarının qeyri-adi istedada sahib olduğunu və bu istedadın onları çox yaxşı yerlərə götürə biləcəyini izah etməyə çalışıram. Valideynlərin ən böyük narahatçılığı incəsənətlə məşğul olan uşaqlarının gələcəkdə hansısa işə yiyələnə bilməyəcəyi ilə bağlıdır. Problemin əsas səbəblərindən biri də bu haqda onların biliyinin az olmasıdır. Yoxsa hər bir valideyn öz uşağı üçün ən yaxşısını istəyir. Siz incəsənətlə məşğul olanda təkcə rəssam, sənətkar olmaqla qalmır, başqa xüsusiyyətlərə də yiyələnmiş olursunuz. Məsələn, problemləri həll etmə bacarağı, dayanıqlı olma, kommunikasiya, başqaları ilə birgə çalışma, səhvlər edib, bu səhvlərə həll üsulu tapmaq kimi müxtəlif bacarıqlara yiyələnirsiniz. İnanıram ki, bu, çox önəmlidir. Nəyəsə nail olmaqdan çox, buna aparan yolda öyrənilənlər vacibdir. Bu şagirdləri gücləndirir və onların gördüyü işlərdə də öz əksini tapır.

 

- Gələcəyin insan münasibətləri haqqındakı proqnozlarınız necədir?

- Uşaqlar və gənclər kompüter oyunlarından həzz alır. İnternet beləcə uşaqları ön dünyasına çəkir və bu, məni həyəcanlandırır. Axı bu halda uşaqlar öz xüsusiyyətlərini, öz istedadlarını itirirlər. Sosial tərəflərini, digərləri ilə real qaynaşmanı, dialoqu dəyərləndirmirlər. Şagirdlər üçün özlərini ifadə edəcək, danışıq bacarıqlarını göstərəcək və komanda ruhuna sahiblənəcək mühit yaratmasaq, məsələ daha da qəlizləşəcək. Bir nüans da var ki, onlar fərdi çalışmağa üstünlük verir, müstəqil olmağa çalışırlar. Deməli, biz həm də onları sosiallaşmağa cəsarətləndirməliyik. Bunun üçün interaktiv fəaliyyətlər təşkil edilməlidir.  İdman, musiqi və s. kimi. Yəni onlara hiss etdirməliyik ki, fərqli bir dünya da var. Beləliklə, onları öz qabıqlarından çıxartmalıyıq.

 

- Qazandığınız 1 milyon dollar nəyi dəyişdi?

- Həmin bir milyon dollar ilə “Artist in Residence” adlı xeyriyyə cəmiyyəti açdım. Bu cəmiyyət təhsildə yaradıcılıq və incəsənətin artırılması üçün işlər görür. İncəsənət adamları məktəblərə gedərək şagirdlərə dərslər verir, onlara ilham tapmaları, kreativ, özünə inamlı olmaları üçün yol göstərirlər. Həmçinin, məktəbdəki müəllimlərə kömək edir, onlara yeni metodlar öyrədir, kurikulumdan əlavə  işlər görürlər.

 

- Həyatın sizə öyrətdiyi əsas dərs nədir?

- Heç vaxt heç vaxt demə. İnsanları xarici görünüşlərinə, danışıq qabiliyyətinə, keçmişinə, ətraf mühitinə görə qınama, çünki onlar hər an səni təəccübləndirə bilərlər.

 

Qayğıkeş ol. Bunun mükafatı böyükdür.

 (Azərbaycan müəllimi)