Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-15 14:45:00
Distant dərslər keçən müəllim: “Vatsapdan bildiriş gələndə bədənimə titrəmə düşür”

“Məktəbin qurduğu cədvəl əsasında “Microsoft Teams “proqramında onlayn dərslər keçirəm.  Sözün əsl mənasında zülm çəkirəm.  Birincisi, şagirdlərin hamısı dərsdə iştirak etmir.  Səhər saat 8-də nəzərdə tutulan dərsə uşaqlar qoşulmurlar, yatırlar.  Bacı-qardaş olan uşaqlar isə dərsə növbəli qoşulurlar, evdə

əlavə telefon yoxdur”. 

 

Bu sözləri Azedu.az-a danışan Ağdam rayon 51 saylı məktəbin müəllimi Aytən Əfəndi deyib.  Müsahibimiz onlayn dərslərin keyfiyyətindən danışmağın heç bir mənası olmadığını bildirib.

 “Hər salama görə dərsi dayandırmalı oluram”

 

“İki-üç nəfər şagird qoşulubsa, onla salamlaşırıq, sonra bir-bir uşaqlar dərsə qoşulduqca hərəsi bir dəfə salam verir və mən hər salama görə dərsi dayandırmalı oluram.  Tək problem telefon, kompüter deyil, texniki imkanları olan şagirdlər də dərsə məsuliyyətsiz yanaşırlar, gah səsi, gah görüntünü bağlayırlar. Neçə dəfə bunu irad tuturam, açın deyə tələb edirəm, sanki məni eşitmirlər, şəbəkədən çıxırlar.   Soruşanda da deyirlər ki, internetdə problem yarandı çıxdıq. Amma mən bununla razı deyiləm. Valideynlər də nəzarət etmir. 500 şagirddən 10 nəfər  valideyn nəzarət edə ya etməyə. Bir sözlə zülm çəkirəm.

  Nəzərinizə çatdırım ki, hələ mən şəhər məktəbində dərs keçirəm, kənddə müəllim qohumlar var ki, dərs keçə bilmirlər.   Yəni dərsin keyfiyyətindən söhbət gedə bilməz”.

 

“Vatsapdan bildiriş gələndə bədənimə titrəmə düşür”

Aytən müəllim dərslərlə yanaşı, tədbirlərin də müəllimlərin vaxtını aldığını vurğulayıb. O, hazırkı vəziyyətin səhhətinə də ziyan verdiyini bildirib:

 

“Kaş sutka 24 saat yox, 48 saatdan ibarət olaydı. Bütün günü telefon əlimdə, kompüterin qarşısında oturmalı oluram,  sanki müəllimin başqa işi-peşəsi yoxdur.  Mənim körpə uşağım var, mövcud şəraitə görə bağçalar da bağlıdır. Heç nəyə çatdırmaq olmur, son günlər əsəbdən məndə  təzyiq yaranıb. Bu tək mənim dərdim deyil, mənim kimi fikirləşən xeyli müəllim var.

Dərslərdən başqa məktəb tədbirləri var. Tədbirlərin keçirilməsi üçün bəzən bütün günümüzü sərf edirik.   Tədbirlər dərslərdən çox vaxtımızı alır.  Vatsapdan bildiriş gələndə bədənimə titrəmə düşür.Bizim distant təhsilə keçməyimiz üçün ilk növbədə cəmiyyət olaraq  beyinlərimizi alışdirmalıyıq”.

Qeyd edək ki,  müəllimlər sosial şəbəkələrdə şagirdlərin və validyenlərin dərslərə laqyedliyini tez-tez vurğulayırlar.