Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-12 14:59:00
Sinqapur dərslikləri nəyi öyrədir? - TƏHLİL        

 

 

Bu günlərdə mətbuatda orta məktəb dərsliklərinin Sinqapur modelinə uyğunlaşdırılacağı ilə bağlı xəbərlərin dərc olunması xeyli çaşqınlıq, müxtəlif suallar yaradıb. Burada yaranan suallara aydınlıq gətirməyə və reallığı təqdim etməyə çalışacağıq.

 

Niyə məhz Sinqapur? Sinqapur ilə ölkəmizdəki yaşam və düşüncə tərzi arasında müəyyən fərqlərin olmasını nəzərə alsaq biz qabaqcıl təcrübəyə nə qədər hazırıq? Tədris proqramlarının ağır olduğu qeyd edilən Sinqapur təcrübəsi şagirdlərimizin dərs yükünə necə təsir edəcək? Ümumilikdə, Sinqapur təcrübəsinin öyrənilməsi və tətbiqi keyfiyyətə necə təsir edə bilər? 

 

Öncə bir məsələni aydınlaşdırmaqla başlayaq. Azərbaycan Respublikası Təhsil İnstitutunun Sinqapurun “Alston” Nəşriyyat Evi və Marşal Kavendiş İnstitutu ilə ayrı-ayrılıqda başlayan əməkdaşlığı riyaziyyat və təbiət elmləri dərsliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsini əhatə edir.  Belə ki, “Alston” Nəşriyyat Evi ilə qurulan əməkdaşlığın nəticəsində bir sıra müəllim təlimlərə qatılacaq və öyrəndikləri yeni təcrübəyə əsasən dərslikləri təhlil edəcəklər.  Beləcə, I-IV sinif “Həyat bilgisi” fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları yenilənəcək və yeni V sinif “Təbiət” fənni üzrə məzmun standartları yazılacaq. Bununla yanaşı, V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacaq.

 

Riyaziyyat fənninə gəldikdə isə, Marşal Kavendiş İnstitutu ilə başlayan əməkdaşlıqda eyni qaydada təhsil proqramı nəzərdən keçiriləcək və müəllimlərimiz distant təlimlərdə iştirak edəcək. Sinqapurlu mütəxəssislərin təlimləri əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil edəcək və  müasir dövrün tələbləri, beynəlxalq təcrübələr nəzərə alınacaq.  Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I–IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq.

 

İndi isə qayıdaq “niyə məhz Sinqapur?” sualına.

 

Sinqapur son dövrlərdə beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə mövqe tutan bir ölkədir. Belə ki, “TİMSS Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı 2015”-də Sinqapurun IV və VIII sinif şagirdləri təbiət elmləri üzrə birinci yeri tutublar. Həmçinin Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı PISA 2018-ci il hesabatına əsasən riyaziyyat fənni üzrə blokda Sinqapurun 15 yaşlı şagirdləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında 2-ci yerə sahib olublar.

 

O da məlumdur ki, Qərbi Avropa ölkələrinin təhsil sistemindən fərqli olaraq Sinqapur təhsil sistemi nizam-intizama daha çox üstünlük verir. Bu onu deməyə əsas verir ki, bir şərq ölkəsi olaraq, qərbin sərbəstliyə, oyuna fokuslanan təhsil praktikalarından şərqin intizama və əzmə söykənən təhsil yanaşması bizə daha yaxındır. 

 

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın Sinqapurdakı nəşriyyat evləri ilə dərsliklərin təhlili istiqamətində əməkdaşlığı Sinqapur modelinin birbaşa tətbiqini əhatə etmir. Bu təbiət elmləri və riyaziyyat dərsliklərinin təkmilləşdirilməsinə istiqamətlənən bir təcrübə mübadiləsi və müəyyən təcrübələrin adaptasiya olunması prosesidir. Ümumiyyətlə, heç bir ölkənin təhsil modeli başqa bir ölkəyə birbaşa tətbiq oluna bilməz və cari əməkdaşlıqda da bu planlaşdırılmır. 

 

Sinqapur dərslikləri niyə öyrəndiyimizi də öyrədir

 

Yeri gəlmişkən, dərsliklərin mövcud vəziyyəti və Sinqapur təcrübəsi ilə bağlı bu yaxında təşkil etdiyimiz müzakirəmizdə iştirak edən Sinqapurun "Alston" nəşriyyatının icraçı direktoru Wee Chee Sim və "Marshall Cavendish" nəşriyyat evinin Mərkəzi Asiya üzrə bölgə direktoru Khairi Sallehudin Bin Abdullah Sinqapurun təbiət elmləri və riyaziyyat dərsliklərinin fərqinə toxunarkən qeyd etmişdilər ki, bu dərsliklər hər şeyi bilməyi yox, düşüncə tərzini aşılayır. Məqsəd əzbərə söykənən yox, uşaqlara gündəlik həyatda qarşılaşdıqları və irəlidə qarşılacaqları problemləri həll etməyə kömək etmək, real həyatla əlaqəni əhatə etməkdir. Kitabdakı tapşırıqlar da bu prosesi dəstəkləyir. Xarakterlər, əhvalatlarla zənginləşdirilən kitablar dünyagörüşün artırılmasına xidmət edir. Kitablar interaktiv və rəngarəngdir. İnsanda oxumağa həvəs və maraq yaradır. Sinqapur dərsliklərinin əsas fərqi şagirdləri kəşfə dəvət etmək və müasir çağırışlara cavab verməkdir. Nədir bu çağırışlar? Müstəqil qərar verən, yaradıcı və tənqidi düşünən, təhlil və analiz qabiliyyəti yüksək olan, məsuliyyətini dərk edən və dövrün tələblərinə çevik uyğunlaşa bilən, ömür boyu öyrənməyi dəstəkləyən, mükəmməlliyə can atan, düzgün qərarlar qəbul edən, komanda ilə işləmə bacarıqları yüksək təşəbbüskar fərdlərin yetişməsi. Bu, Sinqapur dərsliklərində arzu edilən nəticədir. Bu dərsliklərə əsasən prosesin aparıcı qüvvəsi müəllim yox, şagirdlərdir.  Sinqapur dərsliklərində məlumatlara aclıq, iştah formalaşdırılır, düşüncəni həvəsləndirən yanaşma əsas götürülür. Məsələn, riyaziyyat dərsliyində həyat bacarıqları həmin fənlə aşılanır və riyaziyyata intelektual səriştənin formalaşdırılması üçün bir vasitə kimi baxılır. Məntiq, analtik və abstrak düşüncənin formalaşdırılmasına çalışılır. Çətinlik səviyyəsini artıraraq tədris etmək əsas götürülür. Kitablar rəqəmsallaşdırılıb, interaktiv formatdadır. Ayda bir dəfə tədrisin online təşkil olunması şagirdlərin İKT-dan istifadə  bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır. 

 

Bizim dərsliklər

 

Təsadüfü deyil ki, təhsil naziri cənab Emin Əmrullayev jurnalistlərlə müsahibəsində 3 məsələyə diqqət yetirməli olduğumuzu vurğulayıb: məzmun, tədris (müəllim) və qiymətləndirmə. Təbii ki, məzmunun yer aldığı əsas mənbə dərsliklərdir. Dərslik tədrisin forma və üsulu, qiymətləndirmə ilə birbaşa əlaqəlidir.

 

Bu məqamda dərsliklərin mövcud vəziyyətinə toxunmaq yerinə düşər. Yuxarıda qeyd etdiyimiz müzakirədə iştirak edən Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva dərsliklərin mövcud vəziyyətinə toxunaraq bildirib ki, şagirdlərimiz qazandığı bilikləri real həyatda tətbiq etməkdə çətinlik çəkirlər. Çünki öyrənmə tam olaraq real mühitə uyğunlaşmayıb. Ü. Babayeva qeyd edib ki, dünyanın hər yerində kəsir, faiz və s. anlayışlar eynidir, amma məsələ bunu necə tədris etdiyimiz, məzmunda bunun necə əks olunmasıdır. Sinqapur dərsliklərində konseptual, vektoral və abstrakt düşüncə tərzləri formalaşdırılır. Riyazi düşüncə tərzi inkişaf etdirilir. Məsələlərə sadəcə tapşırıq kimi baxılmır, məzmun həyatın mərkəzinə gətirilir.  Şagird “Niyə bunu öyrənirik? Gələcək həyatımızda bu bizə necə kömək edəcək?” sualları haqqında daha aydın təsəvvürə malik olur.

Həmin müzakirədə iştirak edən riyaziyyat müəllimi Vüqar Musayev də bu məqamları xüsusi vurğulayaraq təsdiqləyir ki, şagirdlər onlara təqdim edilən məlumatı niyə öyrəndikləri ilə maraqlanır, zövq almaq istəyirlər. Buna görə birlikdə öyrənmə, komanda ilə iş bacarıqları inkişaf etdirilməli, dərsliklərdə dil daha sadə olmalı, tapşırıqların nəyi aşılayacağı aydın olmalıdır.

Kimya müəllimi Elmir Manafov da düşünür ki, öyrəndiyimiz məlumatları gündəlik həyatda necə istifadə etməyimizi bilməli və öyrətməliyik. E. Manafovun dərsliklərin mövcud vəziyyəti ilə bağlı fikirləri özünəməxsusdur: Kitablarımızda nəzəri yük çoxdur. Xarici kitablarda reaksiyalar bizdən 5-10 dəfə azdır. Şriftlər, rəngarənglik, şəkillər, vizuallıq keçmişi əks etdirir. Sanki müasir dövrdə heç bir yenilik yoxdur kimi təsəvvür yaradılır. Halbuki dərsliklər inkişafı göstərməlidir. Ardıcıllığa xüsusi diqqət edilməlidir. İndiki situasiyyada şagird aşağı sinifdən öyrəndiyi məlumatı 11-ci sinifə qədər yaddında saxlamalıdır. Bunun yerinə fasiləsiz öyrənmə təmin edilməli, yanaşma dəyişilməlidir. Tədqiqata maraq yaradılmalıdır. Virtual labarotoriya ilə iş bacarıqları da aşılanmalıdır. Bir sözlə, mövzu və bilik verməkdən çox fənni sevdirmək ön planda olmalıdır.

İnkişaf etmiş ölkələrdə belə dərsliklərin 5-6 ildən bir yeniləndiyini diqqətə çatdıran və Sinqapur ilə əməkdaşlığı yüksək qiymətləndirən kimya müəllimi Elmir Manafovun bildirib ki, bu əməkdaşlığın bir töhfəsi də o olacaq ki, biz Sinqapurun buraxdığı səhvləri təkrarlamayacağıq: “Onlar hansı səhvləri buraxıblar? Bu səhvlərdən nə öyrəniblər? Sinqapur təcrübəsini öyrənməklə, biz həmin səhvlərə yol verməyəcəyik”.

Məqsəd nədir?

Biologiya müəllimi Həsən Həsənov da mövcud dərslikləri təhlil edərkən “Dərsliklərdən nə gözləyirik? Məqsəd nədir?” sualının əsas olduğunu bildirib və maraqlı məqamlara toxunub. Onun fikrincə, orta məktəb təhsilinin məqsədi yalnız ali məktəbə hazırlıq deyil. Burada biz hətrətəfli şəxsiyyət yetişdirik. Onları gələcəyə hazırlayırıq. Bu gün beynəlxalq imtahanlara nəzərə yetirdikdə şagirdlərə elementlər olan cədvəl təqdim edilir, onların kalkulyatordan istifadə etmələrinə imkan yaradılır.  Yəni bu onu göstərir ki, dünya praktikası əzbərdən uzaqlaşır. Məlumatlardan necə istifadə etmək öyrədilir. Biologiya dərsliklərimizi müəkəmməl bilən və bu kitablarla beynəlxalq fənn olimpiadlarına hazırlaşan şagirdlərimiz çətinliklə üzləşirlər. Sanki bütün dünya başqa biologiya öyrənir, biz başqa. Halbuki biologiya dəqiq fənndir.  Biologiya dərsliklərdinə iş dəftərinin olmaması hələ də bir çətinlikdir. Amma Sinqapur təcrübəsini öyrənməklə biz daha da təkmilləşirik. Yeni dərsliyin hazırlanmasında tənqidi düşüncəyə imkan verilməsi, hazırlanacaq dərsliyin fəlsəfəsini dəqiqləşdirilməsi olduqca yaxşı haldır. Fənlərin inteqrasiyası üçün fənn müəllimləri arasında uğurlu işbirliyi qurulub.

 

Fizika müəllimi Yalçın İslamzadə də “Təbiət” fənninin tədris olunmasının üstünlüklərindən danışaraq mövcud vəziyyətə toxunub. Onun sözlərinə görə, şagirdlərdə fizika fənninə maraq istənilən səviyyədə deyil. Məzmun onlara darıxdırıcı gəlir. Fizika ilə öz həyatları arasında əlaqə görmürlər.  Çünki real həyatdan götürülmüş nümunələr azdır. Dərsliklərdə informasiya çoxdur. Kontent ağırdır. Bu qədər məzmunu qısa müddətdə öyrənmək üçün əzbərçilik ehtiyacı yaranır. Belə olduğu halda, onlar fizikanın praktik tərəfini başa düşmür, öz həyatları ilə əlaqə qura bilmirlər. Çıxış yolu nədir? Aşağı siniflərdən elmi məlumatın əldə edilməsi istiqamətində onları həvəsləndirmək. Elmin onların həyatındakı rolu, elmi məlumatın əldə etməsi prosesini göstərməklə sevgi yaratmaq. Bu baxımdan aşağı siniflərdə təbiət fənninin tədris olunması dərsliyin yükünü azaldacaq, uşaqlarda sevgi aşılanacaq. Bu şagirdə olan münasibəti də dəyişəcək. Daha şagird mərkəzli bir təhsil olacaq. Şagirdin nə öyrəndiyi əsas alınacaq.

Yuxarıdakı fikirlərdən də aydın olduğu kimi dərsliklərimizdə yenilənməyə ehtiyac var. Müəllimlər mövcud dərsliklərlə bağlı müəyyən şikayətlər edirlər. Bu isə bütün dünyada müntəzəm və normal olan dərslik islahatını lazımlı edir. Bu mənada ölkəmizdə də dərsliklərin təkmilləşdirilməsi istiqamətində atılan addımlar normal bir hadisədir. Azərbaycanda dərslikləri yerli mütəxəssislər yazır və yazacaq. Cari əməkdaşlıqda dərsliklərin tərcüməsi planlaşdırılmır. Sadəcə əməkdaşlıq çərçivəsində dərsliklərin və kurrikulumların təhlili nəzərdə tutulur. Bu layihə çərçivəsində keçirilən distant təlimlər vasitəsilə dərslik yazan yerli mütəxəssislərimizin inkişaf etdirilməsi planlaşdırılır. Təbii ki, gələcəkdə həmin yerli mütəxəssislər yenidən dərslik yazdıqda bu təcrübə və yanaşmalar öz bəhrəsini verəcək. Bu da gözlənilən və arzulanandır. 

 

Sinqapur dərsliklərinin ağır olduğu, şagirdlərimizin çətinlik çəkəcəyi məqamına gəldiksə isə, burada yerli kontekst nəzərə alınacaq və dərs vəsaitləri yerli mühitə adaptasiya olunacaq. Axı yuxarıda da qeyd edildiyi kimi, heç bir ölkənin təhsil modeli başqa bir ölkəyə olduğu şəkildə tətbiq oluna bilməz.   Mövcud fənn kurrikulumları və məzmun standartları nəzərə alınaraq təkmilləşdirilməsi planlaşdırılan dərsliklərdə çətinlik olacağını demək pessimist bir proqnozdur. Bizi daha rəngarəng, inteqrativ, fənlərarası, əlvan, həvəsləndirici, düşüncə tərzi aşılayan dərsliklər gözləyir. Çünki “Science” adı ilə tədris olunan Sinqapur, İngiltərə, Amerika, Finlandiya dərsliklərində bu məqamlar xüsusi müşahidə olunur. 

 

Ümumiləşdirmə aparsaq Sinqapur təcrübəsinin öyrənilməsi və bu çərçivədə təhlillərin aparılması mövcud vəziyyəti təhlil etməyə və buna uyğun lazımi addımların atılmasına töhfə verəcək. Sinqapurlu mütəxəssislər və yerli həmkarlar ilə keçirilən müzakirədən əldə etdiyimiz təəssüratla bu əməkdaşlığın faydasını belə sıralaya bilərik:

 

  • Riyaziyyat və təbitət elmləri dərsliklərimiz ümumi olaraq beynəlxalq kurrikulumların standarlarları ilə səsləşəcək;
  • Dərsliklər yaddaş məktəbindən təfəkkür məktəbinə keçəcək;
  • Şagirdlər kəşfə sövq ediləcək, təhlil qabiliyyəti, yaradıcı və tənqidi düşüncə bacarığı inkişaf edəcək;
  • Onlar nəyi niyə öyrəndiklərini biləcək;
  • Təlimlər vasitəsi ilə dərslik yazan müəlliflər yeni təcrübələr qazanacaq;
  • Dərs kitabları daha əlvan və rəngarəng olacaq;
  • Fənlərarası, multidisiplinar yanaşma dərsliklərdə öz əksini tapacaq;
  • Dərsliklərdə həyati situasiyalarla və gündəlik problemlərin həlli ilə öyrənilən materiallar yer alacaq;
  • Şagirdlərimiz üçün PISA, TIMSS kimi imtahan suallarının quruluşu yeni və təəccüblü olmayacaq.

Bir sözlə, Sinqapur ilə əməkdaşlıq yalnız inkişaf, irəliyə doğru addım və müasir çağrışlara uyğunlaşmaq deməkdir.

 

T-network komandası adından

Cəfər Mənsimi

Qoşqar Məhərrəmov