Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-11 14:15:00
TIMSS nəticələri nə deyir? – TƏHLİL

 

 

AzEdu.az təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmovun TIMSS nəticələri ilə bağlı analitik yazısını təqdim edir:

 

Məlumdur ki, yaxın günlərdə 2019-cu ildə Azərbaycan məktəblilərinin iştirak etdiyi TIMSS imtahanlarının nəticələri açıqlandı. TIMSS imtahanı məktəblilərin riyazi biliklərini yoxlayan beynəlxalq qiymətləndirmə vasitəsidir. Bu beynəlxalq qiymətləndirmə nəticəsində Azərbaycan məktəbliləri(4-cü siniflər) bir əvvəlki TIMSS nəticəmizi 52 bal artıraraq 28-ci yer tutdular. Bu irəliləyiş bizə nə deyir? Məlumdur ki bundan əvvəl 2011-ci ildə Azərbaycan məktəbliləri bu imtahanda iştirak etmiş və axırıncı yerlərdən birini tutmuşdu. 2019-cu il nəticələri keçən 8 il ərzində Azərbaycanda şagirdlərinin riyazi biliklərinin yaxşılaşdığını göstərir. Bu bir uğur, müsbət nəticədir. Bu bir irəliləyişdir. Niyə? Xarici bir təşkilatın qiymətləndirməsi əlbəttə obyektiv xarakter daşıyır. Dünyanın müxtəlif ölkələrində keçirilən bu imtahan hər hansı bir olimpiada xarakteri daşımayan, yarış havasında olmayan, şagirdləri mövcud vəziyyətində yoxlayan və təhlil xarakteri daşıyan bir imtahandır. Belə olduqda əlbəttə ölkələr öz nəticələri ilə üzləşmək, təhsillərini inkişaf etdirmək üçün bu beynəlxalq imtahanlarda iştirak edirlər. PISA, TIMSS, PIRLS imtahanları beynəlxalq qiymətləndirmə sayılır və dünyada müəyyən ölkələr var ki bu imtahanlarda iştirak etmir. Ancaq bu imtahanlarda iştirak edib nəticələri ilə üzləşən, öz uğurlarını artırmağa çalışan ölkələri proqressiv ölkələr adlandırmaq olar.

 

Bəs bu uğurun arxasında hansı səbəblər dayanır? Əlbəttə, bunlardan bir neçəsini sadalamaq istəyərdik. Bunlardan birincisi 2011-ci ildən bura DİM-in qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin pedoqoji ixtisaslara yönəlməsi ola bilər. Bundan əlavə Azərbaycan Respublikası Təhsil nazirliyinin yüksək bal toplayıb pedoqji ixtisas seçən abituriyenlərə əlavə “Gələcəyin müəllimi” təqaüdünü verməsi, bununla da pedoqoji ixtisaslara yönəlməyə təşviq etməsi əsas amillərdən hesab oluna bilər. Belə bir təqaüdün verilməsi yüksək bal toplayan çox sayda abituriyentin ilk olaraq pedoqoji ixtisas seçməsinə səbəb oldu. Bunun nəticəsində pedoqoji fakültələrimizdə daha çalışqan, daha savadlı tələbələr yerləşdi və bu fakültələrdən yüksək nəticələrlə məzun oldu. SABAH qruplarının pedaqoji fakultələrinin bir qismini əhatə etməsi də bu nəticəyə müsbət təsir etmiş ola bilər. Bu tələbələr məzun olduqdan sonra obyektiv, mərkəzləşdirilmiş MİQ imtahanlarını verdikdən sonra orta məktəblərimizdə müəllim kimi çalışa bildilər. Təhsil nazirliyinin keçirdiyi müəllimlərin işə qəbul imtahanı yenə bir konkurs oldu və yenə ən yaxşı, ən uğurlu müəllimləri seçərək məktəblərə təyin olunması ilə nəticələndi. Beləliklə məktəblərimizdə müəllimlərin keyfiyyəti artmış oldu. Müəllimlərin keyfiyyətinin artmağı isə əlbəttə ki şagirdlərin daha çox öyrənməyinə, öyrəndiklərinin daha da qalıcı olmasına öz müsbət təsirini göstərdi. Bu mənada fundamental elm sayılan riyaziyyatda Azərbaycanın nəticəsinin yaxşılaşmağı heç də təəccüblü deyil, çünki PISA nəticəsində də Azərbaycanın riyaziyyat fənni üzrə nəticələri normaldır.

 

Təbiət elmlərindəki nəticəmiz  nə deyir? Belə ki, təbiət elmlərində Azərbaycanın TIMSS və PISA nəticəsi gözləntilərin altındadır. Bunun bir çox səbəbləri ola bilər. Bu səbəbləri aşağıdakı kimi sadalaya bilərik;

-       PISA və TIMSS  təbiət elmləri suallarının qoyuluş tərzinin Azərbaycan məktəbliləri üçün yeni olması,

-       Azərbaycanda təbiət elmlərinin inteqrativ tədrisi ənənəsinin zəif olması

-       Azərbaycan təbiət fənnləri dərsliklərinin  yaddaş məktəbinə istinad edir olması

-       Azərbaycan təbiət fənnləri dərsliklərinin fənnlərarası və multidisiplinar yanaşmadan uzaq olması

-       Orta məktəblərdə inkişaf etmiş ölkələrdə olan təbiət fənni dərsinin(science) tədrisinin olmaması

-       Məktəblilərimizin təbiət fənnlərində öyrənilən bilikləri gündəlik həyat təcrübələrində istifadə edə bilməməsi

-       Dərsliklərimizdə situasiya tipli sualların və problem əsaslı öyrənmə yanaşmasının tətbiq olunmaması

 

Qeyd edilən məsələlər dərsliklərdə öz əksini tapdıqda təbiət fənnlərindəki nəticələrimizin də yüksələcəyini düşünürəm. Bu zaman şagirdlərin həmin qiymətləndirmə imtahanlarında  qarşılaşdıqları sual tipləri şagirdlərimiz üçün yeni olmayacaq və beləliklə şagirdlərimiz həmin qiymətləndirmələrin öhdəsindən asanlıqla gələcək və daha yüksək nəticələr əldə edəcəklər. Bu istiqamətdə təhsil nazirliyinin riyaziyyat və təbiət fənnlərinin kurrikulumları, təlim standartları və dərslikləri ilə əlaqədar Sinqapurun iki nəşriyyat evi ilə qurduğu əməkdaşlıq ümidvericidir. Riyaziyyatda qazanılan nəticələrin təbiət elmlərində də olmağını arzulayır və bu yöndə aparılan uğurlu islahatların davam etməsini diləyirik.