Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-11 13:51:00
200 Azərbaycan vətəndaşı üçün Macarıstanda təhsil    

Hökumətlərarası Təqaüd Proqramına həsr olunmuş onlayn vebinar keçirilib

 

 

Dekabrın 4-də 2021-2022-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanda təqaüd proqramına həsr olunmuş onlayn vebinar keçirilib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vebinarı açaraq Macarıstanla Azərbaycan arasında təhsil əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.

 

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov Macarıstanla Azərbaycan arasında təhsil əlaqələrinin tarixi barədə məlumat verib. O, qeyd edib ki, proqramın məqsədi azərbaycanlı gənclərə Macarıstanda təhsil almaq imkanlarının yaradılmasıdır. 2014-cü ildə iki ölkənin hökumət başçılarının birgə siyası iradəsi nəticəsində  biz bu imkanı   hazırda gerçəkləşdirə bilirik. Son 6 tədris ili ərzində minə yaxın Azərbaycan vətəndaşına Macarıstanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradılıb. İki ölkə arasında olan dostluq münasibətləri və strateji tərəfdaşlıq bu imkanın miqyasını artırıb və buna görə Macarıstan tərəfə  minnətdarlığımızı bildiririk.

 

T.Əhmədov Macarıstanın ali təhsil mühiti barədə məlumat verib. Qeyd edib ki,  bu ölkənin ali təhsil müəssisələri öz hesabına təhsil almaq istəyən vətəndaşlarımız üçün çox sevimli bir təhsil məkanına çevrilib.  Universitetlərin beynəlxalq sıralamasına (Şanxay, Times Highers) baxsaq Macarıstan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə təmsil olunduğunu görə bilərik. Bu da bir faktordur ki, tələbələrimiz istər macar,  istər ingilis, hətta digər dillərdə tədris olunan müxtəlif ixtisaslara sahib olmaq imkanı əldə edirlər.

 

Macarıstanın beynəlmiləlləşmə prosesinə kifayət qədər ciddi şəkildə diqqət ayırdığını deyən T.Əhmədov əlavə edib ki, statistik məlumatlara baxsaq, 2011-ci ildə Macarıstanda 18-20 min civarında əcnəbi tələbə vardısa, indi bu rəqəm 40 mini aşmaqdadır. “Sevindirici hal ondan ibarətdir ki, ən çox tələbə ilə  təmsil olunan ölkələr sırasına baxsaq Azərbaycan ilk beşlikdədir. Bütün bu faktorları nəzərə alaraq hər iki ölkənin, həm dövlət başçıları səviyyəsində olan isti münasibətlərdən irəli gələrək bu hədəfləri daha da irəli aparmaq niyyətindəyik. Növbəti tədris ili üçün də belə bir imkan yaradıldığını nəzərə alaraq vətəndaşlarımızı öncədən məlumatlandırmaq qərarına gəldik”.

 

Daha sonra Macarıstan səfirliyinin təhsil məsələləri üzrə nümayəndəsi  Mihaly Graber ölkəsində təhsil imkanlarına dair təqdimat edib. M. Graber ölkəsi tərəfindən  həyata keçirilən Təqaüd Proqramı (Stipendium Hungaricum Program)  barədə məlumat verib. Proqram 2013-cü ildə təsis olunub   və  Macarıstanla Azərbaycan arasında mövcud ikitərəfli əməkdaşlıq razılaşmalarına əsaslanır. Bu, tələbələrin (beynəlxalq) tam ali dərəcə və ya qısamüddətli təhsili üçün təqaüd proqramıdır. Proqram ildə bir dəfə onlayn ərizə proseduru, 28 qəbul müəssisəsi,  müxtəlif dillərdə 465 təhsil proqramını nəzərdə tutur.  Macarıstan tərəfdən ödənişsiz təhsil, qanunvericiliyə əsasən aylıq təqaüd, yataqxanada yaşayış, tibbi sığorta təmin edilir. Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.

 

M. Graber Azərbaycandan müraciət edən ərizəçilər üçün aşağıdakı təhsil sahələrinin təklif olunduğunu bildirib:

 

  • 1. Tam əyani bakalavr (BS/BSc) və magistratura təhsili (Ma/MSc): Kənd təsərrüfatı və su idarəetməsi, təbiət elmləri və davamlı inkişaf, turizm, mühəndislik, İKT, iqtisadiyyat, biznes və menecment.
  • 2. Tam doktorantura təhsili: istənilən sahədə
  • 3. Macar hazırlıq kursu: hazırlıq kursunu uğurla başa vurduqdan və ali məktəbə daxil imtahanını uğurla keçdikdən sonra macar dilində tam əyani təhsil proqramlarına müraciət etmək olar.
  •  

Daha sonra çıxış edən Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov  qeyd edib ki, artıq bir neçə ildir ki, Macarıstanla təhsil proqramı həyata keçirilir. Macarıstan tərəfin ayırdığı təqaüdlərdən azərbaycanlı gənclər yararlanır. O əlavə edib ki, indi bizim cəmiyyətin, Vətən müharibəsindən sonrakı  gəncliyimizin əsas qayələrindən biri də daha yaxşı təhsil almaq və vətənə töhfələr verməkdir. Bu baxımdan, biz gənclərə daha yaxşı təhsil imkanları verməliyik və bu proses hazırda davam etdirilir.  Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində  Macarıstanla yeni sazişin  imzalanmasının gözlənildiyini deyən  M.Həsənov təqaüd proqramına qəbul şərtləri, müraciət forması, müsahibə mərhələsində iştirak üçün əsas meyarlar barədə təqdimat edib.

 

Daha sonra nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Elçin Hüseynov tələb olunan sənədlər barədə məlumat verib.

 

Daha sonra feysbuk istifadəçilərinin çoxsaylı sualları cavablandırılıb.

 

Qeyd edək ki, Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2017-ci il dekabrın 7-də imzalanmış “2018-2020-ci illər üzrə iş proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

 

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

 

Oruc MUSTAFAYEV/Azərbaycan müəllimi