Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-07 15:57:00
MİQ-in onlayn müsahibə mərhələsi,distant təhsil-Təhsil İcmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:
 

Yola saldığımız həftədə 30 noyabr-6 dekabr tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:


Azərbaycanda distant təhsilin müddəti uzadıldı


Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarında dəyişiklik edilib.
 

Bununla bağlı Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb.


Summativ Qiymətləndirmələr bu formada keçiriləcək


Bu il COVİD-19 pandemiyası ilə əlaqədar tədrisin distant formada olması Böyük Summativ Qiymətləndirmənin (BSQ) onlayn keçirilməsi məsələsini gündəmə gətirib.
 

Təhsil Nazirliyindən BSQ-nin bu il keçirilib-keçirilməyəcəyi , hansı formada təşkili ilə bağlı bildirilib ki, Böyük Summativ Qiymətləndirmə tədris yarımilinin sonunda keçirilir:
 

“Tədris ilinin birinci hissəsi (I yarımil) yanvar ayının sonunda bitir. Həmin vaxt epidemioloji vəziyyət nəzərə alınmaqla müvafiq qərar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.


Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik veriləcək?-RƏSMİ


Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və XI sinfi cari ildə bitirən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılır.


Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.


MİQ-in müsahibə mərhələsinə start  verilir


Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək.
 

Namizədlər dekabrın 4-dən onlayn müsahibələrdə iştirak etmək üçün şəxsi səhifələrində təlimatla tanış ola bilərlər.  6 dekabr saat 23:59-dək isə elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.


Təhsil naziri rektorlarla onlayn görüşüb


Dekabrın 3-də təhsil naziri Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.
 

Nazirlikdən verilən məlumata görə, görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri və bunun üçün mövcud resurslardan istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib.


İndi isə ötən həftənin əsas təhsil sitatlarını təqdim edirik:


Nazir məktəb direktorlarının dərsləri qeyri-düzgün bölməsindən danışıb


 
“Qeyri-mərkəzləşdirilmiş sistem etimad və inama bağlıdır. Hazırda məktəb direktoru seçmə məsələsi bir tərəfə qalsın, hansı məktəbdə hansı fənni neçə saat dərs demək lazım olduğunu da Təhsil Nazirliyi müəyyən edir. Çünki hətta bu şərtlər çərçivəsində belə biz hər il bir neçə məktəb direktorunun həmin saatları qeyri-düzgün bölməkdə, paylamaqda problemlərini görürük”.


Bu fikirləri Təhsil naziri Emin Əmrullayev deyib.
 


“Müəllim maaşı son illər ən çox artan əməkhaqqılar sırasındadır”-Emin Əmrullayev


“Müəllim maaşı son illər ən çox artan əməkhaqqılar sırasındadır”.
 

Bunu Təhsil naziri Emin Əmrullayev Real TV-nin efrinə qonaq olarkən səsləndirib.
 

O,qeyd edib ki,son illər müəllim əməkhaqqısında əsaslı dəyişikliklər əldə edilib.
 
 
“Müəllim maaşı demək olar ki, orta aylıq əməkhaqqına çatır. Onların nəvaciblərinə təsir edən faktorları düzgün başa düşməliyik. Çünki bizim təhsil sistemimiz Sovet dövründən qalma “stavka” ilə işləyir. Maaş saata bağlı olduğuna görə bəzi müəllimlər aşağı nəvacib alırlar. Son illərdə təhsildə iki böyük uğura imza atmışıq. Şagird və müəllim nisbəti ölkədə yaxşılaşıb. İndi hər şagirdə düşən müəllimin sayı artıb. İkinci məsələ isə müəllimlərə tətbiq edilən motivasiya tədbirləridir”.


“Uşaqları lazımsız yerə repetitor yanına göndərirlər” - Nazirdən irad

 

"Valideynlər elə düşünür ki, uşaqlar nə qədər çox oxusalar, bir o qədər yaxşıdır. Bəzi hallarda uşaqları lazımsız yükləyirlər, repetitor yanına göndərirlər".
 

Bunu Təhsil naziri Emin Əmrullayev şagirdlərin ev tapşırıqlarının çox olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
 

"Bəlkə də, uşaq özü boş qalsa, daha çox öyrənər. Əslində öyrənmə başadüşmə ilə bağlıdır. Bir şeyi çox tez və yaxud çox çətin, uzun yol ilə öyrətmək olar. Bu artıq müəllimlərin bacarığından asılıdır. Bizim tədrisin məzmunu ilə bağlı böyük müzakirələrə ehtiyacımız var. Məktəbi yükləməyimizdə əsas səbəb odur ki, çox hallarda uşaqlardan soruşmadan məzmun yazılır. Öyrənmə həm də əyləncə formasında olmalıdır. Xüsusilə də aşağı yaşlarda ki, motivasiya olsun. Bu formatlara keçmək daha çox müəllimlə bağlıdır", - deyə nazir bildirib.

 

“Valideyn məktəbə pul ödəyə bilər” - Nazirdən açıqlama


Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Amma eyni zamanda valideynin məktəbə kömək etmə hüququ və səlahiyyəti var. Bu həmişə o qədər də xoşagəlməz hal kimi qiymətləndirilməməlidir”.
 

Bunu Təhsil naziri Emin Əmrullayev məktəblərdə əlavə pulların yığılması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
 

Nazir qeyd edib ki, adətən məktəblər hansısa məqsəd müəyyən edir, istər valideynlərə, istərsə də öz icmasına müraciət edir:
 

“Məsələn, biz idman meydançasını təmir etməliyik. Bunun üçün bizə on min manat pul lazımdır. Artıq həmin məktəb istər valideynlərə, istər həmin icmada olan biznesə, istər məzunlarına, istərsə də idman sahəsindəki QHT-lərə müraciət edir. O pul toplanır, hesabat verilir və nəticə etibarilə idman meydançası təmir edilir. Bu, yeni terminologiyada fandreyzinq adlandırılır. Hətta məktəb direktorlarına fandreyzinq necə həyata keçirilir - bununla bağlı təlimlər keçirilir. 
 

Bizim kontekstdə ana prinsip bu olmalıdır ki, hər hansı valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu, səhvdir. Hər il buna görə bir neçə direktor işindən azad edilir”.


Ali təhsil iqtisadi faktordur"-Təhsil naziri


Ali təhsil alanlar bilməlidir ki, onlar adi kağız parçası əldə edəcəklər,yoxsa bilik və bacarıq”.
 

Bunu Təhsil naziri Emin Əmrullayev Real TV-nin efrinə qonaq olarkən səsləndirib.
 

O,qeyd edib ki,ali təhsil özlüyündə iqtisadi faktordur.
 

“Təhsilin hansı formada qurulmasından aslı olmayaraq, biz sonda qiymətləndirməyə önəm veririk. Tələbələr qiyabi və distant şəkildə də təhsil ala bilərlər, lakin yekunda onların bilikləri qiymətləndiriləcəkdir”.


"İctimai müzakirəyə açıq olmalıyıq ki, düzgün strategiya seçək"-Emin Əmrullayev


Təhsil naziri Emin Əmrullayev media nümayəndələri ilə birlikdə bir sıra mühüm məqamlara aydınlıq gətirib
 
 
"Təhsil" Televiziyasının  dekabrın 2-də yayımladığı  "Təhsil naziri ilə söhbət"in  qonağı olan Təhsil naziri Emin Əmrullayev bir sıra mühüm məqamlara aydınlıq gətirib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun  aparıcısı olduğu verilişdə İctimai Televiziyanın əməkdaşı Vüsalə Məmmədova və 1 news. az informasiya agentliyinin baş redaktoru Rəhman Hacı iştirak ediblər.     


"İmtahandan kənar işə qəbul cəhdləri olur" - Emin Əmrullayev


7 ildir müəllimlərin işə qəbulu mərkəzləşmiş qaydada keçirilsə də, aparılan yoxlama nəticəsində ildə çox olmasa da, az sayda imtahandan kənar işə qəbul cəhdləri olur.
 
 
Bu fikirləri Təhsil naziri Emin Əmrullayev deyib.


Müharibədə iştirak edən gənclər təhsil haqlarından azad ediləcəkmi?    


Müharibədə iştirak edən gənclərin təhsil haqlarından azad edilmələri üçün hər hansı addımların atılıb-atılmaması ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi ölkələrdə bu qəbildən olan şəxslər üçün müəyyən güzəştlər var:
 

“Düşünürəm ki, hazırda ölkəmiz prosesin hələ ortasındadır. Zəfər əldə edilib, ancaq prosesin nəticələri qiymətləndirilir. Azərbaycan dövləti hər zaman vətəndaşı üçün müvafiq şərait yaradır. Təbii ki, müharibə veteranlarının da layiqli şəkildə əməyinin qiymətləndirilməsi məndə heç bir şübhə yaratmır. Qazilərlə bağlı məsələyə status kimi baxmalıyıq. Həmin vətəndaşlarımızın hansı statusa malik olması və nə kimi güzəştlərə sahib olması müəyyənləşdirilməlidir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları