Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-07 12:28:00
“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Tofiq Hacıyev  

 

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir. 

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, layihənin növbəti siması görkəmli alim, akademik Tofiq Hacıyevdir (1936-2015). Dilçi, türkoloq-alim Tofiq Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. O, təkcə Azərbaycanda deyil, bütün türk dünyasında nüfuzlu dilçi alim kimi tanınıb. Akademik Tofiq Hacıyevin həyat yoluna nəzər saldıqda onun milli təəssübkeş ziyalı, təpədən-dırnağa qədər əsl elm adamı olduğunu görürük. Sağlığında elmi məktəb yaratmış alimlərdəndir. O, müəllim-pedaqoq kimi də sevilib. Türkiyəli alim Yavuz Donat “Hocaların hocası” məqaləsində akademik Tofiq Hacıyevdən bəhs edərkən Azərbaycanda ona “Hocaların hocası” (“Müəllimlərin müəllimi”) kimi xitab olunduğunu haqlı olaraq vurğulayır.

Tofiq Hacıyev məktəbinin nümayəndələri müxtəlif sahələrdə tədqiqatlar apararaq dilçiliyimizi inkişaf etdirirlər. Alim 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) müəllim və dosent vəzifələrində çalışıb, 1968-ci ildən isə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətini davam etdirib. Nəsimi adına Dilçilik İnstitutunun direktoru işləyib. 1984-cü ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışıb. Təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

 

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.