Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-07 11:06:00
Şagird və abituriyentlərin nəzərinə: Yeni sınaq imtahanları hazırlanıb  

 

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarına hazırlaşan abituriyentlərə və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə mütəmadi olaraq https://otk.az/ portalı vasitəsilə buraxılış və qəbul imtahanlarına uyğun onlayn sınaq imtahanları keçirir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu gündən etibarən portala Azərbaycan və rus bölmələri üzrə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanının və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun yeni sınaq imtahanları əlavə olunub. Şagird və abituriyentlər bu imtahanlardan istifadə etməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.

 

9-cu sinif üzrə sınaq imtahanı buraxılış imtahanının yeni modeli əsasında, 11-ci sinif üzrə sınaq imtahanı 2020-ci ildə keçirilmiş buraxılış imtahanı modeli əsasında hazırlanıb. 9-cu sinif sınaq imtahanı məktəb proqramının 5-9-cu sinif 1-ci yarımil, 11-ci sinif buraxılış sınaq imtahanı 5-11-ci sinif 1-ci yarımil mövzularını əhatə edir.

 

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər. İmtahan başa çatan kimi iştirakçılar nəticələri əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.

 

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.