Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-04 17:45:00
Distant tədris zamanı hansı cəza mexanizmləri tətbiq olunmalıdır?- Təhlil

 

 

“Müharibə davam edən müddətdə internetin verilməsində məhdudluğun  yaranması, hər gün işğaldan azad olunan şəhər və kəndlərimizin sevincinin yaşanması, pandemiyanın tüğyan etməsi  məktəb təhsilində müəyyən boşluqlar yaratdı. Ona görə də şagirdlərin bəzilərinin  təhsilə qeyri-ciddi münasibət  göstərməsi   narahatlıq yaradır. Belə halda nə etmək olar? Belə laqeyd münasibətin qarşısını neçə almaq olar? Hansı cəza mexanizmini tətbiq etmək olar?”

 

Bu fikirləri şagirdlərin distant təhsilə laqeydliyi barədə danışan ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov deyib.

 

O şagirdlərə qarşı hər hansı cəza mexanizmini düzgün hesab etmir.

 

“Şagirdləri cəzalandırmaq yox, onlarda oxumağa motivasiya yaratmaq lazımdır”

 

“Bu  günlərdə Azərbaycanda çox möhtəşəm hadisələr baş verir. Millətin  30 il əvvəl itirdiyi  torpaq, yurd  nisgilinə son qoyulub. Ali Baş Komandan İ.Əliyevin hərbi və diplomatik şücaəti, müzəffər ordumuzun qalibiyyət dolu hərbi uğurları,  millətimizin birliyi nəticəsində  bu möhtəşəm qələbəyə nail olmuşuq. Bu müharibədən bütün millət alnıaçıq, üzağ çıxdı. Unutmaq olmaz ki, döyüşən əsgərlərimiz Azərbaycan məktəbinin məzunlarıdır, azərbaycanlı müəllimlərdən dərs alıblar. Deməli, Azərbaycanın məktəbi də, müəllimi də, şagirdi də bu müharibədən şərəflə çıxdı. Bütövlükdə millət yeni bir tarix yazdı:qalibiyyət, məğrurluq, qəhrəmanlıq tarixi.

 

 

 Hesab edirəm ki, indiki məqamda cəza tədbiri görmək, şagirdləri sinifdə saxlamaqla, qeyri-müvəffəq qiymət yazmaqla  qorxutmaq  qətiyyən doğru deyil.Bununla biz şagirdləri  təhsildən daha da uzaqlaşdırmış  olarıq. Belə olan məqamda  bütün məsuliyyətin ailənin və müəllimin üzərinə düşdüyünü nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir”.

 

Professor  şagirdlərdə dərsə maraq yaratmaq üçün müəllimlərin və valideynlərin xüsusi rolu olduğunu vurğulayıb.

 

“Ailələr bütün imkanlarını səfərbər etməli, uşaqlarının onlayn rejimdə dərsə qoşulması ilə bağlı şərait yaratmalıdır. Müəllimlər şagirdləri idraki fəaliyyətə, təhsilin məzmunun fəal mənimsənilməsinə   təhrik edən daxili motivlərə ciddi fikir verməlidir. Hər bir şagirdi  oxumağa sövq edən konkret niyyətlər, yəni motivlər var. Müəllimlər təlim prosesində şagirdlərin motivasiya sferasının inkişaf etdirməli, onlarda təlimə müsbət münasibət yaratmalıdır.Bu məqsədlə müxtəlif stimullaşdırıçı, həvəsləndirici tədbirlər keçirilə bilər. Konkret olaraq  düşmən üzərindəki tarixi qələbəmizi təhsillə, oxumaqla əlaqələndirmək olar. Onları başa salmaq lazımdır ki, müharəbə bitdi, amma informasiya müharibəsi hələ uzun illər davam edəcək. Dərsdə iştirak etməyən, müxtəlif bəhanələrlə oxumaqdan yayınanlar informasiya müharibəsinin qalibi ola bilərmi? Müəllimlərin onlayn rejimdə həm şagirdlərin özü, həm də  onların valideynləri ilə fərdi görüşlər keçirməsi də  səmərəli ola bilər”.

 

O hazırki vəziyyətdə müəllimlərə şagirdlə davranışda bəzi tövsiyələrini də nəzərə çatdırıb:

 

 

“Hər halda müəllimlərin  bəzi tövsiyələrə əməl etməsini məsləhət bilirəm:

Uşaqların heysiyyatına müraciət edin (şagirdlər sinifdə həmişə seçilmək, öz uğurları ilə  fərqlənmək  istəyirlər. Müəllim onların bu səyini rəğbətləndirməli və onları fəallaşdırmalıdırlar);

Şagirdə öz nailiyyətlərini  xatırladın (axı, pandemiyadan əvvəl həmin şagirdlər haqqında ciddi narahatlıq yox idi);

Şagirdlərin təhsilə cəb edilməsi üçün qeyri-standart yollar axtarın;

Şagirdə irad bildirəndə  onun halına açıdığınızı önə çəkin, ruhlandırıcı tənqid (eybi yoxdur, internet olmayıb, indiyə qədər dərsə qoşulmamısan, sabahdan dərslərində iştirak et),  tənqid-ümid  (ümid edirəm ki, sabahdan dərslərdə iştirak edəcəksən) , tənqid-narahatlıq (sən dərslərdə iştirak etmədiyinə görə mən çox  narahatam), tənqid-təəssüf (mən çox təəssüf edirəm ki, sənin kimi bacarıqlı bir şagird dərslərdə müntəzəm iştirak etmir), tənqid-təəccüb (mən təəccüb edirəm ki, sən  dərslərdə fəal deyilsən, müntəzəm iştirak etmirsən) texnologiyalarından istifadə edin və s.

  

 “Sonda onu deyim ki, uğurun hazır resepti yoxdur.Şagird kitab deyil ki, onu rahat oxuyasan, o  sirli-soraqlı bir qaladır, bu qalanın açarı isə  müəllimin əlindədir”-deyə professor F.Rüstəmov sözlərinə əlavə edib.