Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-04 17:03:00
Xaricdə  təhsillə bağlı  təqaüd proqramına bu müraciətlər nəzərə alınmayacaq        

 

Macarıstanda təhsil almaq üçün təqaüd proqramına müraciət edənlər sənədlərini Təhsil Nazirliyinə poçt və ya elektron poçt vasitəsilə göndərsələr onların müraciəti nəzərə alınmayacaq.

 

AzEdu.az-ın məlumatına görə, bunu Macarıstanda təqaüd proqramına həsr olunan onlayn vebinarda Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov deyib. O bildirib ki, seçim prosesində yalnız sənədlərini Macarıstan təqaüd proqramının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemləri vasitəsilə təqdim etmiş şəxslərin sənədlərinin qiymətləndirilməsi aparılacaq.

 

Xatırladaq ki, Macarıstanda 2021-2022-ci tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir.

 

Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2017-ci il dekabrın 7-də imzalanmış “2018-2020-ci illər üzrə iş proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

 

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.

 

Təqaüd proqramına sənəd qəbulu 2021-ci il yanvarın15-i saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilən elanda verilib.