Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-04 11:51:00
Dərsliklərin təkmilləşdirilməsi Təhsil Nazirliyinin qarşısında duran əsas məqsədlərdəndir

Dərsliklərlə bağlı Sinqapur şirkəti ilə yeni əməkdaşlığa başlanılır

 

 

Təhsil Nazirliyi tərəfindən aparılan dərslik siyasəti həm məzmun, həm də dizayn baxımından dünya təcrübəsinə əsaslanır. Təhsildə keyfiyyəti təmin etmək məqsədilə hər il dərsliklərlə bağlı aparılan araşdırmalar, həyata keçirilən layihələr ölkəmizdə dərsliklərin keyfiyyətinin artmasına, daha da təkmilləşdirilməsinə hesablanıb. Ölkəmizdə aparılan dərslik siyasətinin məqsədi məktəbliləri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir.

 

Dərsliklərlə bağlı daim yenilik axtaran, müasir tələblərə cavab verməyi qarşıya tələb kimi qoyan Təhsil Nazirliyi bu günlərdə Sinqapurun “Alston” Nəşriyyat Evi ilə uzunmüddətli əməkdaşlığa imza atıb. Əməkdaşlığın məqsədi təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir.  Qeyd edək ki, layihənin icrası Təhsil İnstitutu tərəfindən həyata keçiriləcək.

 

Nəzərə çatdıraq ki, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” təsdiq olunub. Sənədə əsasən V sinifdə “Təbiət” fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək.

 

Layihə çərçivəsində I-IV sinif “Həyat bilgisi” fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları yenilənəcək və yeni V sinif “Təbiət” fənni üzrə məzmun standartları yazılacaq. Bununla yanaşı, V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacaq.

 

Təhsil Nazirliyinin həyata keçirdiyi dərslik siyasəti və Sinqapur şirkəti ilə əməkdaşlıqla bağlı təhsil işçilərinin fikirlərini də öyrəndik. 

 

“Sinqapur təhsil sistemi ilə əlaqələrimiz  işlərimizin uğurla nəticələnməsinə etibarlı dəstək olacaqdır”

 

 

Təhsil İnstitutunun  direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov bizimlə söhbətində bildirib ki, dərsliklərin hazırlanması Azərbaycanda həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən biridir.  Ə.Abbasov ölkəmizdə islahatın ilk dövrlərindən bu məsələyə xüsusi diqqət yetirildiyini və indiyə qədər ümumtəhsil dərsliklərinin hazırlanması sahəsində xeyli təcrübə toplandığını deyir: “Təhsilin məzmun komponenti kimi formalaşdırılan dərsliklərin yaradılması sahəsində işlər bu gün də ciddi şəkildə davam etdirilir. Yaxın günlərdə  Sinqapurun  “Alston” nəşriyyatı ilə bağlanan müqavilə də məhz bunun aydın şəkildə təzahürüdür. Təhsil sahəsindəki irəliləyişlərimiz, xüsusilə nəticəyönümlü təhsil məzmununun və intellektual dərsliklərin yaradılması sahəsində vəzifələrimiz bizdən məhz Sinqapur kimi dünyanın təhsil meridianında özünün sözünü demiş bir ölkə ilə əməkdaşlıq etmək, onunla məsləhətləşmək,  təcrübə mübadilələri aparmaq zərurətini qarşıya qoymuşdur. Çünki bu ölkə özünün nəticələri ilə dünya təhsil məkanında liderlik edir”.

 

Ə.Abbasov Sinqapurun “Alston” nəşriyyat evinin bu sahədə xüsusi yeri olduğunu və dünyada orta məktəb şagirdləri üçün dərslik və dərs vəsaitlərinin hazırlanması ilə məşğul olduğunu da sözlərinə əlavə edib:  “Şirkətin riyaziyyat və təbiət elmləri sahəsində nəşr etdiyi dərsliklər yüksək keyfiyyətinə görə dünyada tanınır. Bundan əlavə, nəşriyyat riyaziyyat və təbiət elmləri üzrə çoxsaylı əlavə materiallar, o cümlədən “Bilməli olduğunuz hər şey”, “İbtidai siniflər üçün təcrübə” seriyalarından test və praktik məşğələlər üzrə əlavə informasiyalar, nümunələr və məsələlər çap edir”.

 

Ə.Abbasov onu da qeyd edib ki, ümumi təhsil pilləsinin yeni standartları və proqramları (kurikulumları) əsasında fənlərin səriştəəsaslı yeni məzmununun yaradılması istiqamətində fəaliyyətlərinin davam etdiyini, standartların, kurikulumların, dərsliklərin təkmilləşdirilməsi istiqamətində məzmun islahatlarını diqqət mərkəzində saxladıqlarını da diqqətə çatdırıb: “I-IV siniflərdə “Həyat bilgisi” fənni üzrə təkmilləşmə işlərinin aparılması, eləcə də V siniflərdə “Təbiət”  fənni üzrə yeni məzmunun yaradılması da bu qəbildəndir. Əminəm ki, Sinqapur təhsil sistemi ilə əlaqələrimiz  işlərimizin uğurla nəticələnməsinə etibarlı dəstək olacaqdır. Hesab edirəm ki, biz  bu dövlət siyasətinin həyata keçirilməsi üçün dərslik texnologiyalarının optimal variantının müəyyənləşdirilməsi, variativ modellərin hazırlanması və digər fəaliyyətlərimizdə Sinqapur təhsil sistemindən, onun uğurlu nəticələrindən yararlana biləcəyik”.

 

“Sinqapur dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahibdir”

 

Bakıdakı 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət bildirib ki, ümumi təhsil sahəsində aparılan beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsasən, Sinqapur dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahibdir. Əməkdar müəllim bu baxımdan Sinqapurun nəşriyyat evi ilə birgə əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib: Zənnimcə biz ən yaxşı nəticə ilə seçilən nümunəni tətbiq edəcəyik. Dərsliklərin yazılması prosesində məhz beynəlxalq təcrübə və 21-ci əsrin tələblərinin araşdırılması vacibdir. Təhsil naziri Emin Əmrullayevin təşəbbüsü ilə dərsliklərin hazırlanması mexanizmində müvafiq tövsiyələrə əsasən yenilənmə işlərinin aparılması təqdirəlayiqdir. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlərin keçiriləcəyi də çox vacib amillərdən biridir. Bu, tam doğru yanaşmadır. Əlbəttə ki, biz ən yaxşı dərslikləri gələcəyimiz olacaq şagirdlərimiz üçün hazırlamalıyıq. Bu imkanı və şəraiti yaradan dövlətimizə Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm”.

 

A.Həsrət onu da qeyd edib ki,  Sinqapurda yazılmış dərsliklərin modelini eynilə deyil, strukturca tətbiq etmək daha məqsədəuyğundur. O, dərsliklər yazılarkən bəzi məqamlara diqqət edilməsinin vacibliyini də sözlərinə əlavə edib. “Məncə, dərsliyi yazan müəllif bütün şagirdləri nəzərə almalıdır. Çünki dərsliyi əlinə alan həm kənd məktəblisi, həm də şəhər, rayon məktəblisidir. Dərsliklər bütün bu meyarları özündə ehtiva edə biləcək məzmunla yazılsa, daha yaxşı olar. Bir şeyi də nəzərə almaq lazımdır ki, dərsliyi yazan müəllif məzmunca bilikli olmaqla yanaşı, həm də  hər sinif şagirdinin psixologiyasını dərindən bilməlidir. Dərsliklər həm məzmun, həm də  üslub baxımından asan dildə yazılmalı, rəngarəng olmalı, yorucu olmamalıdır. Yerli məkanımıza uyğunlaşdırmaqla yanaşı ümumbəşəri məzmuna da diqqət edilməlidir. Dərsliklər internetdə yerləşdiriləndə mətn daxilində ən müasir üslublardan olan hiper keçidləri ilə də seçilməlidir. Fikrimcə, yeni dərsliklər hazırlanarkən məktəb müəllimləri, psixoloq və elm adamlarının olması da vacib amillərdəndir”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov deyir ki, Təhsil Nazirliyinin Sinqapurun “Alston” Nəşriyyat Evi ilə uzunmüddətli əməkdaşlığı dövlətimizin dərslik siyasətində yenilikdir. İ.Orucov bu əmədaşlığı yüksək qiymətləndirdiyini bildirib: “Bu, ilk növbədə Sinqapur dövlətinin təhsil sahəsindəki yüksək nailiyyətlərinin və  təcrübəsinin ölkəmizdə tətbiqi  deməkdir. Fikrimcə, dünyanın təhsiltutumlu və təhsilin səviyyəsinin yüksək olduğu ölkələrdən biri olan Sinqapurun dərsliklərlə bağlı təcrübəsinin Azərbaycanda tətbiq edilməsi uğurlu nəticələrə gətirib çıxaracaq, xüsusilə, təbiət fənləri üzrə təhsil proqramları yenilənəcək, yeni nəsil dərsliklər formalaşacaq, habelə yeni çağırışlara cavab verəcək yeni sistem qurulacaq”.

 

Sinqapurun nəşriyyat evi ilə yeni qurulan əməkdaşlığa böyük ümid bəslədiyini deyən Təhsil Şurasının məsul katibi sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, Sinqapur təhsil sistemi bir çox parametrlərinə görə dünyada lider mövqeyə malikdir, o zaman əməkdaşlığın faydalılığına dair indidən nikbin və pozitiv fikirlər söyləmək mümkündür. Təhsil sahəsində dünyadakı qabaqcıl təcrübələri öyrənmək, tətbiq etmək istiqamətində reallaşdırılan işlər bir daha onu göstərir ki, Təhsil Nazirliyi yeniliklərə, çağırışlara açıqdır. Sinqapurla imzalanan əməkdaşlıq müqaviləsində təbiət fənləri üzrə yeni tədris proqramlarının təkmilləşdirilməsi ilə bərabər, həm də  fənn mütəxəssislərimizə dərslik komplektlərinin hazırlanması məqsədilə distant təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu da yaxın gələcəkdə təhsil sahəsində aparılan müxtəlif beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrində milli təhsilimizin mövqeyinin yüksəlməsi deməkdir”.                                                

 

 

Niyazi RƏHİMOV/Azərbaycan müəllimi