Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-02 16:12:00
Repititorların təhsilimizə faydası – “Günahkar bizik, onlar yox” -MÜZAKİRƏ

 

 

Təhsil ictimaiyyətinin müzakirə etdiyi, başqa sözlə desək, problem kimi qabartdığı  mövzulardan biri də müəllimlərin repititorluq fəaliyyətidir.

 

Lakin nə qədər pislənsə də, repititorla məşğul olan müəllimlərin,  hazırlıqlara üz tutan şagirdlərin sayı gündən-günə artır.

 

Bütün mənfi cəhətlərinə rəğmən repititorluğun təhsilimizə az da olsa, töhfəsi olmamış deyil.

 

Mövzu ilə bağlı  Azedu.az-a danışan  tarixçi alim, uzun müddət Dövlət İmtahan Mərkəzinin tarix fənni üzrə ekspertlər şurasının sədri olan Kərəm Məmmədov bu fəaliyyəti pisləyənlərinin özlərinin də repititorluqla məşğul olduğunu vurğulayıb:

 

“Təhsil ekspertləri dediyimiz adamlar ən azından pedaqoji elmlər namizədi olmalıdır. Mən heç elmlər doktoru da demirəm. Hətta o böyüklükdə D. Uşinski özünə “təhsil eksperti” demirdi. Halbuki o, Rusiyadan götürülmüş Sovet pedaqogikası üçün çox mütərəqqi adam idi.

 

Repititorluq fəaliyyətinə gəldikdə isə, öyrətmək heç vaxt insana ziyan gətirməyib. Ac olmayan insan yemek bişiriləndə mədəsində aclıq hiss edər? – Xeyr! Deməli, nəsə çatmır ki, valideynlər uşaqlarını repititor yanına qoyur.  Niyə biz öz qüsurumuzu düzəltmirik,  onu bizə göstərən güzgünü sındırırıq?”

K.Məmmədov maksimum nəticə göstərən şagirdlərin repititordan asılı olmadıqlarını da vurğulayıb:

 

“700 bal toplayan şagirdlər nə repititorun, nə də məktəbinin əməyinin nəticəsi deyil. 50 % şagirdin özünün qazancıdır, 25%valideynlərinin 25 % isə müəllimlərinin əməyi var. Çünki bazası olmayan, qavramayan bir şagirdi mümkün deyil ki, repititorluqla 700 bala çatdıra biləsən. Bu mümkün deyil. Birinci növbədə şagirddən, ikinci isə onun ailəsindən və ətraf amillərdən asılıdır”.

 

Real dərslərin  olmadığı bir vaxtda şagirdlər üçün repititor yanına getmək daha önəmlidir.

 

Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin müəllimi Səltənət Qurbanova repetitorluğun şagirdlərə faydalarını öz fikrində əsaslandırıb:

 

“Düzdür, repititorluq fəaliyyətini pisləyirlər, amma düşünürəm ki, onun təhsilimizə faydası  çoxdur. Hazırkı vəziyyətdə dərslər onlayn şəkildə keçirilir.  Lakin hər kəsə məlumdur ki, onlayn dərslər o qədər də effektli deyil. Bəzən internet olmur, işıqlar sönür, istər-istəməz müəyyən problemlər yaranır. Həm də şagirdlərdə onlayn dərsə məsuliyyət daha azdır. Hazırlıqda isə müəllimlə şagird üzbəüz əyləşir, müəllim  hər bir şagirdə fərdi yanaşır.      Biz bir müəllim kimi kurikulum proqramının tələbinə uyğun olaraq onsuz da hər bir şagirdə fərdi yanaşmalıyıq. Amma etiraf edək ki, 25-30 şagirddən ibarət olan sinif otağında bu o qədər də alınmır. Yəni bir çox müəllim aktiv şagirdlərlə işləyir, onları dərs prosesinə cəlb edir, digərləri isə kölgədə qalır. Bu zaman şagirdlər repetitor yanına üz tuturlar”.

 

Səltənət müəllimin fikrincə, repititor hazırlığında müəyyən qədər sərbəstlik şagirdlərin mövzunu dərindən öyrənməsinə də müsbət təsir edir.

“Başqa bir məsələni də qeyd etmək istəyirəm. Biz məktəbdə müəyyən proqram əsasında dərs keçirik, tutalım, bir mövzuya 1 saat ayrılıbsa,həmin müddətə dərsi yekunlaşdırırıq. Bəzən elə şagird olur ki, 1 saata mövzunu dərk etmir. Bütün fənlərdə mövzular bir-biri ilə əlaqəli olur, birini bilmədikdə digərini qavramaqda şagird çətinlik çəkir.  Repetitor yanında isə sərbəstlik var. O, şagirdin hər hansı mövzunu anlamadığını gördükdə əlavə nələrsə edə bilər. Bu da şagird üçün faydalıdır”.

“Hazırda pandemiyayının qarşısını almaq məqsədilə ənəvi dərslərin olmadığı br vaxtda hazırlıq şagirdlər üçün daha çox önəmlidir”-deyə müəllim S. Qurbanova sözlərinə əlavə edib.