Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-30 11:06:00
Psoxoloq: Karantin rejimi insanlara stress yaşadır, psixoloji gərginlik ARTIB  

 

İlin əvvəlindən başlayan COVID-19 pandemiyası, üstəgəl 27 sentyabrdan 10 noyabradək davam edən mühribə şəraiti Azərbaycan insanının psixologiyasına təsir etməkdədir. Bu səbəbdəndir ki, insanlar adi məsələlərə çox aqressiv münasibət sərgiləyə, hətta yüksək qələbəyə kökləndiyi bir vaxtda ruhdan düşə bilir. 

 

“İnsanlar süni dustaqxana sindromu yaşayırlar”

 

AzEdu.az-ın məlumatına görə, mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandıran psixoterapevt-psixoanalitik Elmir Əkbər deyib ki, bu durumun əsas səbəbi karantin müddətində insanların sinir sisteminin çox gərginləşməsi, tarıma çəkilməsidir:

 

“İnsanı hansısa məkanda qapatmaq onun üçün cəzadır. Görürsünüz ki, insan cinayət törədəndə onun azadlığı məhdudlaşdırılır. Hazırda karantin rejimi də insanlara süni dustaqxana sindromu təsirini yaşadır. Bu da bütün dünyada insana ən ağır cəza kimi qiymətləndirilir. Çünki, digər insanı öldürən, yaxud oğurluq edən şəxslər müəyyən məkanlarda qapalı saxlanılır. Müasir Avropa dustaqxanaları adi yaşayış evlərindən geri qalmır, gözəl komforta malikdir. Təsəvvür edin ki, bir avropalı cinayət törədəndə necə ki, komfortlu cəzaçəkmə müəssisəsinə qapadılır, biz də eynilə evimizə qapanmışıq. Bu da doğrudan da insan psixikası üçün olduqca ağırıdır. Yəni ağır olmasaydı, zatən bunu ən ağır cəza kimi cinayətkara tətbiq etməzdilər”.  


Depressiya, qəzəb, intihara meyllilik...

 

Psixoterapevtin sözlərinə görə, bütün bunların nəticəsində insanlarda depressiyaların sayı, intihara meyllilik, aqressivlik, qəzəb hissi artıb:

 

“Üstəgəl sentyabrdan noyabradək davam edən müharibə əlavə stressə səbəb oldu. Ən böyük zərbə dinc əhalinin yaşadığı Gəncəyə, Tərtərə, Bərdəyə gözlənilmədən atılmış silahlar idi. Həmçinin, şəhidlərimizin olması, müharibənin özü insan psixikasına mənfi təsir edir.

 

İnkişaf etmiş müasir dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda profilaktik psixoterapeyaya gedənlər çox azdır, demək olar ki, yox səviyyəsindədir. Bizdə insanlar problem dərinləşəndən və ağırlaşandan, fəsad verəndən sonra psixoterapevtin yanına gedirlər.

 

Ona görə də Azərbaycan əhalisi bu prosesi gərgin yaşayır. Qərb ölkələrini qoyuram kənara, hansılarda ki, əhali həftədə bir dəfə psixoterapevt konsultasiyalarına gedirlər. Hətta pandemiya dövründə Rusiyada psixoterapevtlərə özəl müraciətlərin sayı 300 faiz artıb. Görün bu nə deməkdir. Bizdə isə insanlar hər zaman gözləmə mövqeyində olurlar. Ya narahatlıq öz-özünə keçir, ya da fəsadlaşmış halda həkimə müraciət edirlər. Bu, istənilən xəstəliklərdə belədir”.

 

Səhiyyə və Təhsil nazirləri bir layihədə...

 

E.Əkbər qeyd edib ki, problemin dərinləşməsinin digər səbəbi psixoloji, psixoterapevtik xidmət sahələrinin bərbad vəziyyətdə olmasıdır:

 

“Baxmayaraq ki, cənab Prezident bununla bağlı qanun qəbul edib, amma pandemiya səbəbindən hələ ki, işlək hala gətirilməyib. Yerindən duran özünü psixoloq adlandırır, onlara müraciət edən insanların durumunu daha da bərbad vəziyyətə salırlar.

İnsanlarımızın özünün könüllü şəkildə psixoterapevtə müraciət mədəniyyəti çox aşağıdır. Onlar əlacsız qalanda müraciət edirlər ki, bu isə müalicə müddətinin uzanmasına səbəb olur.

 

Karantin müddətində təkcə bizdə yox, bütün dünyada stress yaşadır. Doğrudur, bütün dünyada müharibə olmasa da, karantin demək olar ki, dünyanı əhatə edir. Amma onların durumunu yüksək səviyyədə təhsil almış, peşəkar psixoterapevtlər, klinik psixoloqlar xilas edir. Bizdə isə bu, yoxdur. Həqiqi diplomluların bilikləri kafi, qənaətbəxş deyil.

 

Bu qeyri-peşəkarlıq, özünü psixoloq kimi qələmə verənləri də bütün bunların üstünə gəlsək, bizdə bu sahədə xidmət çox bərbaddır. Hamı çox gözəl bilir ki, pandmeiya dövründə koronavirusun özündən çox, onun yaratdığı psixoloji gərginliyin fəsadları daha ağırdır. Bunu bütün dünya bilir və etiraf edir.
Yaxşı bəs, bizim insanlar bu gərginliyin qarşısını almaq üçün nə edir? Adi günlərdə idman, müxtəlif əyləncələr insanların stresdən uzaq durmasına kömək edirdi. İndi bu vasitələrin olmadığı bir vaxtda insanlara nə xilas edə bilər? Psixoterapeya. Ona isə müraciət etmirlər.


Prezidentimizin imzaladığı qanunda da onlara çox ciddi, praktik, tibbi, klinik təlimlərin keçirilməsi vacib şərt kimi göstərilib. İndilərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Səhiyyə Nazirliyinin dəstəyilə təhsil proqramına başlanılır. Artıq həqiqi psixoloqlar, psixoterapevtlər yetişəcək, təcrübə keçəcəklər, bununla da yaxşı xidmət göstərmək iqtidarında olacaqlar.

 

Yəqin ki, bu ilin sonundan artıq layihə geniş miqyas alacaq. Layihə Səhiyyə naziri OqtayŞirəliyev və Təhsil naziri Emin Əmrullayevin dəstəyilə Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbəri Rəna Şirəliyevanın rəhbəri olduğu Nevrologiya Kafedrasında həyata keçiriləcək. Bu işdə bizə yardımçı olan rektor Nazim müəllim, Vəfa Paşazadəyə təşəkkür edirik. Məhz bu layihə çərçivəsində Azərbaycanda peşəkar həkim psoxpterapevtlər yetişməsi üçün xaricdən mütəxəsisslər cəlb olunur”. 

 

“Azərbaycanda ailədaxili konfliktlər pik həddədir”

 

Psixoterapevtin sözlərinə görə, hazırda ailədaxili konfliklər pik həddə çatıb:


“Çox sayda ər-arvad boşanır, uşaqlarla yola getmirlər, uşaqlar valideynləri dinləmir, onları əsəbləşdirəcək hərəkətlər edirlər, valideynlər uşaqlara şiddət göstərir və s. Xülasə, vəziyyət bərbaddır. Amma hesab edirəm ki, bu durumda özümüzdən yeni nəsə kəşf etməyə ehtiyac yoxdur. Bütün dünya bu durumda necə davranırsa, problemi necə həll edirsə, biz də elə etməliyik. Peşəkar həkim psixoterapevtlər, klinik psixoloqlar olmalıdır, hansı ki, onlar yoxdur. Zatən elə dövlətimiz də hazırda bu işlə məşğuldur”.