Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-28 17:10:00
          “Elə bir sistem, elə bir mexanizm qurmalıyıq ki, repititorluqdan canımızı qutaraq” –Təhsil jurnalisti

 

 

AzEdu.az jurnalist Niyazi  Şərifsoyun təhsil sahəsinin əsas problemlərindən olan repititorluq institutu ilə bağlı yazısını təqdim edir:

 

İstər ənənəvi təhsildə, istərdə də distant təhsildə şagirdlərimizi məktəbdən uzaqlaşdıran, onlarda məktəbə qarşı məsuliyyətsizlik, arxayınlıq yaradan ən böyük amillərdən biri repititorluqdur Fikrimcə fərdi hazırlıqlar həm şagirdlərdə, həm də valideynlərdə arxayınlıq hissi yaradır. Onlar düşünürlər ki, onsuz da fərdi hazırlığa getməklə buraxılış və qəbul imtahanlarında nəticə əldə edəcəklər. Bu arxayınlıq eyni zamanda müəllimlərdə də yaranır. Müəllim bilir ki, şagirdləri hazırlığa getməklə təlim nəticələrini yüksəldəcək və artıq onun işi yüngülləşəcək. Beləliklə, məktəblinin hazırlığa getməyi həm tədris ocağını, həm də müəllimi məsuliyyətdən qutarır. Ümumi nəticədə isə bu arxayınlıq hissləri şagirdləri məktəbdən, məktəb mühitindən uzaqlaşdırır, fərdi hazırlıq kurslarına yönləndirir.  Bir sözlə formal təhsildən, qeyri-formal təhsilə aparır.

 

 

Etiraf edək ki, sadaladıqlarımızın nəticəsidir ki, illərdir təhsilimiz repititorluqdan asılı vəziyyətdədir. Bu gün istisnalar olmaqla orta ümumtəhsil məktəblərimizin məzunları repititor yanına getmədən ali məktəbə qəbul ola bilmir. Bilirəm, bir çoxları repititorluğun dünyanın  bir sıra ölkəsində mövcud olduğunu deyərək mənim fikirlərimə əks gedə bilər. Ancaq dünyanın bir çox ölkəsi də var ki, orada abuturientlər elə məktəbdə hazırlanır. Həmin ölkələrin təcrübəsində olduğu kimi bizdə elə bir mexanizm qura bilərik ki, repititorluqdan asılı vəziyyətə düşməyək. Məncə, bizim bu mexanizmi qurmaq üçün potensialımız var. Məgər repititorluqla məşğul olanlar Azərbaycan məktəblərinin müəllimləri deyilmi? Məgər repititor yanına gedərək yüksək nəticə əldə edən abuturientlər də Azərbaycan məktəblisi deyilmi? Bəs, bizə mane olan nədir? Niyə biz repititorluğu işıqlı, yaraşıqlı məktəblərimizə gətirməyək? Axı elə bizim repititor müəllimlər 10-12 şagirdi bir otağa yığıb həftədə cəmi 4 saat məşgul olmaqla yüksək nəticələr əldə edir. Hazırlıq kurslarında hətta 15 şagirddən ibarət qruplarda keçirilən dərslər belə öz bəhrəsini verir. Hələ özəl məktəbləri demirəm. Bu özəl məktəblər öz işlərini elə qurur ki, şagirdləri həm cəmiyyətə, həm də ali məktəbdə hazırlayır.  Fikrimcə bütün bunları etmək üçün bircə məqsəd və istək lazımdır. Qarşımıza məqsəd qoysaq, istəsək repititorluqdan yaxa qutara bilərik.  

 

Yaxşı, gəlin görək bu haqda biz düşünürükmü? Məqsəd və istəyimiz varmı ki, hazırlığı məhz məktəbə gətirək? Biz, ümumiyyətlə repitorluqla mübarizə aparırıqmı? Nə vaxt təhsil işçiləri bu məsələni geniş şəkildə müzakirəyə çıxarıb, həlli yollarını axtarıb?

 

İnsafən qeyd edim ki,  2014-cü ildə bu məsələ gündəmə gəldi. Təmayül siniflərin yaranmasına qərar verildi. Məqsəd repititorluqdan yaxa qutarmaq idi. Ilk ildə 50 məktəbdə pilot siniflər yarandı. Sonra bu siniflərin sayı daha da çoxaldı. Sonra bütün respublikada təmayül siniflər açıldı. Bu gün də məktəblərimizdə təmayül siniflər var. Ancaq düşünürəm ki, çox az istisnalar olmaqla bu təmayül siniflər formal xarakter daşıyır. Çünki düzgün təhlillərin aparılmaması,  valideynlərin bu məsələdə inamsızlığı, müəllimlərin istəksizliyi və adını çəkmədiyimiz müxtəlif problemlər məsələnin həllinə mane oldu. Beləliklə də problem yenə də öz yerində qaldı. Nəticə etibarilə biz cəmiyyət olaraq yenə də repititorluğun acı nəticələrinə qatlanmaq məcburiyyətində qaldıq.

 

Bəlkə də oxucularımız mümkün olmayan məsələni müzakirəyə çıxarmaqda məni qınayacaq, haqlı-haqsız müxtəlif arqumentlər gətirəcəklər. Amma bütün bunları nəzərə alaraq bir daha repititoruğun tədricən aradan qaldırılmasının mümkün olduğu qənaətindəyəm.

 

Gəlin biraz da fərdi hazırlığın bizə vurduğu digər ziyanlara, həmin ziyanların bir qisminə toxunaq, təhlil edək.

 

Düşünürəm ki, repititorluqdan ən böyük zərər çəkənlərdən biri də aztəminatlı valideynlərdir. Düşünəndə ki, bir evdən iki uşaq repititor yanına gedir gəlin onda həmin ailənin aylıq xərcini hesablayaq. Əgər bir evdən iki uşaq müəllim yanına gedirsə həmin ailə hər ay minimum 300-400 manat bu xərclərə pul ayırmalıdır. Deyilmi? Həmin ailənin aylıq gəliri 700-800 manat olduqda isə vay o ailənin gününə.

 

İndi keçək məsələnin digər tərəfinə. Repititorluğun bizə vurduğu ən böyük zərərlərdən biri də bu işlə məşğul olan peşəkar, savadlı, bacarıqlı müəllimlərimizin bir çoxunun məktəbə maraq göstərməməsidir. Etiraf edək ki,  repititor müəllimlərin bir qismi məktəbdə dərs deməyə bir o qədər də maraqlı deyil. Niyə? Səbəbin deyim. Bir müəllim əgər məktəbdə həftədə iki saat dərs deyib ayda bu dərslər müqabilində maksimum 60 AZN alırsa, hazırlıqda isə ən azı 6-7 nəfər uşaqla məşğul olub həmin ay ərzində 350-400 AZN qazanır. İndi siz deyin həmin müəllim məktəbdə dərs deməyə nə qədər maraqlı olar. Ona görə də həmin müəllimlərin bir hissəsi (hamıya şamil etmirəm) vaxtlarının və enerjilərinin çoxunu fərdi hazırlığa ayırmağı düşünürlər.

 

 

Bəs, repititorluqdan yaxa qutarmağın yolları necə, varmı? Əlbəttə ki, bəli. Fikrimcə, bunun üçün öncə istək, məqsəd lazımdır. Məncə repititorluqla ciddi şəkildə mübarizə aparsaq, peşəkar təhsil işçiləri məsələni ciddi şəkildə araşdırıb, təhlil etsə buna nail ola bilərik. Zənnimcə, düzgün hazırlanan mexanizm, peşəkar müəllimlərə əlavə stimulların verilməsi, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması, məktəbdə düzgün təhsil mühitinin yaranması, sağlam şəkildə qurulan valideyn-məktəb münasibətləri və sairələr bizi bu bəladan qurtara bilər.