Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-27 12:42:00
Müəllimlərin ləngiyən sertifikasiyası – Qaydalar, qərarlar, gözləntilər

Müəllimlərin ləngiyən sertifikasiyası – Qaydalar, qərarlar, gözləntilər

 

Bu il müəllimlərin gözlədiyi əsas məsələlərdən  biri də bilik və bacarıqların qiymətləndirilməsi üçün sertifikatlaşdırma prosedurunun həyata keçirilməsi ilə bağlı idi.

 

Lakin koronavirus pandemiyası ilə əlaqədar sertifikasiyanın keçirilməsi ləngiyir.

 

AzEdu.az sertifikatlaşdırmanın tətbiq edilməsi üçün ölkəmizdə həyata keçirilən tədbirləri təqdim edir:

 

2019-cu il aprelin 7-də müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən mətbuat konfransında müəllimlərin sertifikasiyası qaydalarının hazırlandığı təsdiqini tapdı.

 

"Təhsil haqqında" Qanuna edilən dəyişikliyə əsasən, məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi müddəası nəzərdə tutulub.

 

Elə həmin il dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edildi.

 

Bununla əlaqədar Baş Nazir Əli Əsədov qərar imzalayıb. Bu qayda dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.

 

Belə ki, sertifikasiya 2 mərhələdən ibarətdir: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi. Test mərhələsindən keçid 30, müsahibə mərhələsindən keçid isə 20 bal təşkil edir. Sertifikatlaşdırmadan keçmiş müəllimlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər.

 

Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

 

Sertifikatlaşdırmaya cəlb olunan şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

 

Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

 

-hamilə qadınlar;

 

-uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

 

-ilk dəfə işə qəbul olunanlar, 5 il müddətində;

 

-azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

 

Sertifikatlaşdırma Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bu prosesin təşkili məqsədilə nazirlik tərəfindən sədr daxil olmaqla 7 üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılır. Şuranın fəaliyyəti nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.

 

2020-ci ildən isə  Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacağı elan edildi.

 

Lakin COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə  3 martdan etibarən ölkəmizdə tədris və buna bağlı bütün məsələlərin dayandırılması ilə əlaqədar sertfikasiyanın 2021-ci ildə keçirilməsi nəzərdə tutulur.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları