Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 15:41:07
Bağçada üzü yanan körpə ilə bağlı qəribə həkim RƏYİ

Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin üzündən aldığı xəsarətlə bağlı həkim rəyi açıqlanıb.

AzEdu.az "report"a istinadən məlumat veririk ki,  uşaq cərrahı Leyla Əhmədova üzündən zədə alan Sara İsmayılovanı müayinə etdiyini bildirib. 

Həkim körpənin üzündəki xəsarətin dişləmə zamanı yarandığını və hansısa başqa zədə izinin olmadığını deyib: "Müayinə nəticəsində hər hansısa bir yanıq izi və dağ basma xəsarəti görünməyib. Dişləmə zamanı yaranmış xəsarətdir. Uşağa yardım göstərilib və evə buraxılıb".

31 saylı uşaq bağçasının müdiri Günay İsmayılova isə hadisəni ictimailəşdirdiyinə görə S.İsmayılovanın valideynlərini qınayıb: "Onun sosial şəbəkələrdə yaydığı məlumat isə düzgün deyil. Yəqin ki, əsəbi halda həmin xəbəri paylaşıb. Valideyin də bununla bağlı təkzib paylaşacaq".

Onun sözlərinə görə, körpə S.İsmayılovanın üzünü digər körpə Əliyev Hüseyn Cəmil oğlu dişləyib. Müdir qeyd edib ki, körpələr evinin tibb bacısı uşağa ilkin olaraq su ilə kompres qoymuş, sonra uşaq xəstəxanaya aparılıb: "Saraya orda ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb. Körpələr evinin tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı, sanitar və bağçanın sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı isə işdə buraxdıqları səhlənkarlığa görə işdən azad edilib. Uşağın valideyni ilə münasibətimiz yaxşıdır. Onun sosial şəbəkələrdə yaydığı məlumat isə düzgün deyil. Əsəbi halda olaraq yazıb yaqin ki, valideyində təkzib paylaşacaq bununla bağlı." 

Qeyd edək ki, sosial şəbəkədə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında Sara İsmayılova adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. 

Hadisəyə görə bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə yol verdikləri səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən çıxarılıblar.

Bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.