Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 14:47:00
Azərbaycan İlahiyyat İnstitutunda alimlərlə görüş olub  

Azərbaycan İlahiyyat İnstitutunda ölkəmizdə fəaliyyət göstərən ilahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib. Bu barədə  institutdan məlumat verilib.

AzEdu.az xəbər verir ki,  institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin həmin siyasəti böyük uzaqgörənliklə və uğurla davam etdirdiyini söyləyib. O, ölkəmizdə bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu, dini təhsil müəssisələrinin yaradıldığını, dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrıldığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə böyük işlər gördüyünü və bir çox uğurlu layihələrə imza atdığını vurğulayıb.

Rektor, həmçinin Azərbaycan Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu qeyd edib. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

Ceyhun Məmmədov müasir dövrdə Harvard, Oksford və Kembric kimi bir çox aparıcı universitetlərdə dünya dinlərinin akademik səviyyədə öyrənildiyini və tədqiq edildiyini diqqətə çatdıraraq ölkəmizin təhsil müəssisələrində və dövlət qurumlarında da dərin dini və dünyəvi biliklərə malik kadrlara böyük ehtiyac olduğunu bildirib. O, yeni yaradılmış institutda təkcə Quran, hədis, təfsir, fiqh, kəlam və s. İslam dininin tədrisinə dair ənənəvi fənlərin deyil, eyni zamanda, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin də tədris olunacağını qeyd edib. Rektorun sözlərinə görə, ölkədə mövcud olan digər aparıcı dinlər - xristianlıq və yəhudiliklə bağlı fənlərin, həmçinin başda ərəb və ingilis dili olmaqla müxtəlif dillərin də İlahiyyat İnstitutunda tədrisi nəzərdə tutulub.

Rektor institutun fəaliyyətində müxtəlif dünya ölkələrində mövcud olan aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacaqlarını bildirib. O, görüş iştirakçılarından institutun fəaliyyətinə dair təkliflərini onlara təqdim etmələrini xahiş edərək, bu təkliflərin dəyərləndiriləcyini qeyd edib. Rektor institutda bir çox sahədə fəaliyyət göstərən alimlərin iştirakı ilə mütəmadi olaraq konfrans, seminar və “dəyirmi masa”ların təşkil olunacağını vurğulayıb.

Ceyhun Məmmədov, həmçinin hazırda institutda ilahiyyatla bağlı araşdırma aparan mütəxəssislərin elektron bazasının yaradıldığını bildirərək görüş iştirakçılarından öz CV-lərini elektron qaydada instituta təqdim etmələrini xahiş edib.

Rektor 2018-2019-cu tədris ili üçün Azərbaycan İlahiyyat İnstitutuna ilk dəfə həyata keçiriləcək tələbə qəbulunun Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçiriləcəyini qeyd edib. İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla ümumilikdə 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. İslamşünaslıq ixtisası üzrə minimum keçid balı 200 bal müəyyən edilib. Ceyhun Məmmədov dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədə fəaliyyət göstərən elmi-pedaqoji müəssisələrin, islamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına veriləcəyini bildirib.

Daha sonra görüşdə iştirak edən Mehman İsmayılov, Mirniyaz Mürsəlov, Mail Yaqub, Aygün Kərimova, Əsədulla Qurbanov, Fuad Quliyev, Səbinə Mirzəyeva, Ağa Hacıbəyli və digər dinşünas mütəxəssislər, eyni zamanda, Qurban Yaquboğlu, Kənan Rövşənoğlu, Natiq Rəhimov, Rəsul Mirhəşimli və Gülnarə İnanc kimi dini mövzularda yazan jurnalistlər institutun fəaliyyəti ilə bağlı fikir və təkliflərini bildiriblər. Qərara alınıb ki, belə görüşlər mütəmadi olaraq təşkil olunsun və hər görüşdə müəyyən bir məsələ ətrafında müzakirələr aparılsın.