Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-27 09:40:00
Şagirdlərə keçirilməyən onlayn dərslər necə kompensasiya edilməlidir? – Problem və təkliflər

 

 

 

Hazırda COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ölkəmizdə dərslər onlayn formada keçirilir. Lakin respublikamızın elə bölgələri var ki, həmin yerlərdə internetin verilməsində problemlər yaşanır və bu da onlayn dərslərin keçirilməsinə mane olur. Belə halda ən vacib məsələ həmin keçirilməyən dərslərin kompensasiya edilməsdir.

 

AzEdu.az-a danışan təhsil işçiləri keçirilməyən dərslərin necə kompensasiya edilməsi üçün təklif və fikirlərini irəli sürüblər.

 

Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov distant təhsillə bağlı fikirlərini ifadə edib:

 

“Əlçatanlığı təmin etmək üçün öz təcrübəmizə uyğun bir çox vasitələrdən istifadə edirik. Əgər internet yoxdursa  və “Virtual Məktəb” platformasından yararlanmaq mümkün deyilsə, o zaman sinif rəhbərləri üçün  “Whatsap” sosial şəbəkəsində qruplar yaradır. Həmin  qruplara  fənn müəllimləri şagirdləri  əlavə edir və onlara  mövzuları izah edir.  Hazırda teledərslər   şagirdlər tərəfindən izlənilir və müəllimlər onların başa düşmədiyi hissələri yenidən anlatmağa çalışırlar.

 

İnternet olmayan ərazilərdə isə  yeni yanaşma ortalığa qoymağa çalışmışıq. Belə ki, A4 formatında kağızlarda teledərslərin hansı vaxtda keçiriləcəyi şagirdlərə çatdırılır. Bu proses  könüllülər tərəfindən həyata keçirilir. Elə kəndlər var ki, orada internet bağlantısı yoxdur. Həmin yerlərdə könüllülər  şagirdlərə qaranlıq qalan məqamları qeydə alırlar. Bu məqamlar müəllimlərə çatdırılır  və onlar şagirdlərə kömək edirlər. Yəni, müəllim və şagird  internet olmadan bir-birləri ilə ünsiyyət saxlayır. Həmçinin, telefon danışığından da istifadə edilir.  Demək olar ki, telefonu olmayan ailə yoxdur. Ən azından, ağıllı telefon olmasa belə, normal telefon demək olar ki, bütün ailələrdə var”.

 

Ağdam rayon 91 nömrəli orta məktəbin direktoru Nemət Rüstəmli cəbhəyanı ərazilərdə tədrisin təşkilindən söz açıb:

 

“Hazırda cəbhəyanı ərazilərdə yerləşən məktəblərdə ən böyük problemlərdən biri də internetlə bağlıdır. Bunu yaşayan 10 direktordan biri də mənəm. Şagirdlərin çoxu buna görə dərsdən qalır. Müəllimlərin əksəriyyəti isə “ZOOM”-a daxil ola bilmir.

 

Nazirlikdən  bizə siyahı göndərilib  ki,  bəzi dərslər proqramdan çıxarılsın. Məsələn, 11-ci sinif dərsləri böyük ehtimal ki, qəbul imtahanına düşməyəcək, 9-cu sinif dərsləri isə buraxılış imtahanına salınmayacaq.

Biz məsələ ilə bağlı tam olaraq çıxış yolu tapmamışıq. Daha aşağı siniflərə gəldikdə isə keçirilməyən  dərsləri kompensasiya etməyin yolu  əyani dərslər başladıqdan sonra keçirilməyən mövzuları yenidən izah etməkdir. Məsələn 7-ci sinifdirsə, 6-cı sinifə aid dərsləri təkrar etmək lazımdır və ya bir fənnə həftə ərzində 3 saat vaxt verilirsə, onun bir saatını ötən il keçirilməyən dərslə əvəz edilməlidir. Növbəti tədris ilindən belə edilsə, daha effektiv nəticə əldə etmək olar. Bizim onlayn təhsil sistemimiz  10 faiz yararlı ola bilər. Onun genişmiqyaslı  elmi bilik ötürməsi hələ ki, mümkün deyil. İnternet digər ərazilərdə açılsa belə bu effekt verməyəcək.

 

Çünki elə qruplar var ki, şagirdin biri daxil olub qrupun səsini batırır, digəri isə dərsi tərk edir və başqalarını da buna etməyə təhrik edir”.

 

Göygöl rayon Çaylı kənd tam orta məktəbinin müəllimi Səltənət Qurbanova kənd məktəblərində distant təhsilin çətinliklərindən söz açıb:

 

“Hazırda çalışdığım məktəbdə  dərslərin keçirilməsində müəyyən problemlər yaranır. Onun qarşısını almaq üçün bir çox üsullardan istifadə edirik. Bunun  nə dərəcədə yaxşı alındığını deyə bilmərəm, lakin heç yoxdan yaxşıdır. Kənd məktəbi olduğu üçün burada 110 şagird təhsil alır. Hər sinifdə 7-8 şagird olur. Onları yarımqruplar şəklində  bölmüşük. Telefonla 4-5 nəfər şagirdi  qoşub, onlarla videokonfrans formatında danışıq aparırıq. Onlara mövzuları izah edir, çalışmalar verir və test tapşırıqları edirik. Sonra isə növbəti yarımqrupu qəbul edirik.

 

Onlayn təhsilin güclü effekti olduğuna inanmıram. Bu bütün dünya üçün qlobal problemlərdən biridir. Keçilməyən mövzuları və onlayn dərsdə mənimsənilməyən fənləri  təkrar proqrama daxil etmək olar”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları