Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 11:21:00
Dövlət qulluğu təhsildən başlanır  

Dünya təcrübəsinin əyani surətdə nümayiş etdirdiyi kimi, istənilən cəmiyyətin sosial-iqtisadi inkişafının ən ümdə şərti onun dövlət idarəçiliyi sisteminin uğurlu fəaliyyət göstərməsidir. Dövlətin güclü olmasının da qarantı güclü dövlət qulluğunun olmasıdır. Ona görə də güclü dövlət, güclü idarəçilik sistemi yaratmaq bu gün dünya birliyinin ən ümdə vəzifələrindən birinə çevrilir. Zəif dövlət isə, əksinə, ən ciddi dünya problemlərinin meydana gəlməsi mənbəyinə çevrilir (F.Fukuyama). Dövlətin adından onun siyasətini həyata keçirən və başlıca iqtisadi, sosial, mədəni, siyasi problemlərini həll edən bir institut kimi dövlət qulluğu hər zaman siyasi, sosial-iqtisadi, mənəvi inkişafın mərkəzində dayanır. Dövlətin strateji hədəflərinin, onun müəyyən etdiyi yaxın məqsəd və vəzifələrin həyata keçirilməsi dövlət qulluğunu özü üçün peşə seçmiş insanların gərgin, bir çox hallarda isə fədakar əməyi nəticəsində reallaşır.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayevin AZƏRTAC-a təqdim etdiyi “Dövlət qulluğu təhsildən başlanır” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, dövlət qulluğu məzmun, mündəricat cəhətdən də olduqca mürəkkəb, çoxcəhətli bir fəaliyyət sahəsidir. O, öz gündəlik işində eyni vaxtda sosial məkanın bütün sferalarını - siyasi, hüquqi, iqtisadi, mənəvi-əxlaqi sferalarını əhatə etməli olur. Dövlətin həyata keçirmək istədiyi proqramların taleyi, bütünlükdə dövlətin özünün taleyi son nəticədə dövlət qulluğunun, həmin qulluğu icra edən insanların peşəkarlığına, mənəvi-əxlaqi potensialına bağlıdır. Dövlət üçün bundan da əhəmiyyətli xidmət sahəsi təsəvvür etmək çətindir. Vətəndaş da dövlət qulluqçusunun səviyyəsi və keyfiyyətini birbaşa dövlət orqanının özünün səviyyəsi və keyfiyyəti kimi qəbul edir. Bəzi ekspertlər hesab edirlər ki, peşəkar olmayan, səriştəsiz dövlət qulluğu dövlətin təhlükəsizliyi üçün ən ciddi təhdiddir və buna görə də milli təhlükəsizliyin amilləri sırasında kadr təhlükəsizliyi də müstəqil milli təhlükəsizlik amili kimi qəbul edilməlidir. Heç də təsadüfi deyildir ki, dünya birliyi dövlət qulluğuna, onun səmərəliliyinin artırılmasına, nüfuzunun yüksəlməsinə daim ciddi maraq göstərir. BMT, onun bir sıra ixtisaslaşmış qurumları, Dünya Bankı, Avropa Birliyinin müvafiq strukturları, Avropa Şurası dövlət qulluğunun modernləşməsi, onun dəyişən sosial şəraitə uyğunlaşması, səmərəliliyinin artması məsələlərini daim diqqət mərkəzində saxlayır. Bütün bu qeyd edilənlərin məntiqi nəticəsidir ki, BMT dövlət qulluğunun əhəmiyyətli bir sosial institut olduğunu vurğulamaq, habelə iştirakçı ölkələrdə dövlət qulluğunun yaxşılaşmasına kömək edə biləcək təcrübələri yaymaq məqsədilə təşkilatın Baş Assambleyasının 2005-ci il dekabrın 20-də qəbul etdiyi “Dövlət İdarəçiliyi və inkişaf” adlı qətnaməsi ilə iyunun 23-ünü BMT-nin dövlət qulluğu günü elan edib və eyni zamanda, üzv dövlətlərə həmin gün dövlət qulluğunun ümumi inkişafa verdiyi töhfəni əks etdirən xüsusi tədbirlər keçirmələrini tövsiyə edib. Belə günlərdə BMT xüsusi forumlar keçirir və bu forumlarda dövlət qulluğunun aktual problemlərinə dair elmi məruzələr dinlənilir, təcrübə mübadiləsi aparılır. Əvvəllər belə görüşlər Koreya Respublikası, Bəhreyn, Avstriya və digər ölkələrdə keçirilib. “Davamlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün idarəetmənin transformasiyası” mövzusuna həsr edilən builki forum isə iyunun 21-də Mərakeşdə öz işinə başlayıb. Ənənəyə uyğun olaraq, forum keçirilən günlərdə, həmçinin hər ötən ilin yekunlarına əsasən bütün dünyada dövlət qulluğunun inkişafına verdiyi töhfəyə görə üzv ölkələrin dövlət qurumlarına BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən mükafatlar da təqdim edilir.

Dövlət qulluğu sahəsində ən mötəbər mükafat sayılan bu mükafata ölkəmizin dövlət qulluğu sistemi iki dəfə layiq görülüb. Birinci dəfə 2007-ci ildə bu mükafatla Azərbaycan Respublikasının Dövlət Neft Fondu dövlət qulluğunda şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılmasına görə təltif olunub. İkinci dəfə isə 2015-ci ildə bu mükafat “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək yerə layiq görülmüş digər bir dövlət orqanına - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilib. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı günü” təsis edilib və elə həmin vaxtdan etibarən hər il iyunun 23-ü bayram kimi qeyd olunur. Hər il bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilən tədbirlər planına uyğun olaraq DİA-da dövlət qulluğunun aktual məsələlərinə həsr edilən elmi-praktik konfranslar, yerli icra hakimiyyətlərində xüsusi tədbirlərlə keçirilir, kütləvi informasiya vasitələri dövlət qulluğu sisteminin mahiyyəti, ictimai inkişafdakı rolu barədə ictimaiyyəti məlumatlandırır. Peşə bayramı ərəfəsində qabaqcıl dövlət qulluqçularının əməyi layiqincə qiymətləndirilir, onlar “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Əməkdar dövlət qulluqçusu” fəxri adı, habelə ölkənin digər orden və medalları ilə təltif olunurlar.

Dövlət qulluğunun belə nüfuzlu və əhəmiyyətli sosial instituta çevrilməsinin başlıca amillərindən biri, bəlkə də birincisi, təhsildir - dövlət qulluğu təhsili. Amma təəssüf edilməli haldır ki, bu amilə nə elmi ədəbiyyatda, nə də maarifləndirmə işində lazımi diqqət yetirilmir. Halbuki dünyanın hər yerində dövlət qulluğu məhz təhsildən başlanır. Dünya dövlət qulluğunun keçdiyi tarixi yol da bunu əyani surətdə nümayiş etdirir.

Tarixi tədqiqatlar göstərir ki, dövlət qulluğu xüsusi fəaliyyət sahəsinə, dövlət qulluqçusu isə xüsusi sosial qrupa çevrildikdən sonra dövlət idarəçiliyinin insan resurslarına artan ehtiyaclarını ödəmək, qulluqda nəsillərin əvəzlənməsini təmin etmək üçün onların xüsusi hazırlıq keçmələrinə zərurət yaranır, bu işin peşəkarlığını təmin etmək üçün dövlət məmurunun qulluqda uğurlu fəaliyyət göstərməyə hazırlanması dövlətlərin əsas qayğılarından birinə çevrilir.

Tarixdə ilk dəfə belə bir tədris-təlim ocağının nə vaxt təşkil edildiyini söyləmək çətindir. Çox güman ki, tarixin ən qədim dövlətçılik mərkəzləri olan Qədim Misir, Şumer kimi sivilizasiyalarda dövlət idarəçiliyi sahəsində bilik və bacarıq aşılayan mexanizmlərin olması ehtimalı böyükdür. Bunsuz onların belə uzun müddətli yaşarlığını təmin etmək mümkün olmazdı. Amma hər halda elmi ədəbiyyatdan bəlli olan məlumatlar dövlət idarəçiliyi üçün kadr hazırlığına ən qədim zamanlardan ciddi diqqət yetirildiyini söyləməyə tam əsas verir. Dövlət qulluğuna hazırlığı həyata keçirən ilk belə təlim mərkəzləri haqqında məlumatlara Çin tarixinə dair mənbələrdə rast gəlirik. Bu ölkədə artıq eramızdan əvvəl II əsrdə məmurların dövlət qulluğunda vəzifə tutmaları üçün çoxpilləli imtahan verməsi, imtahan vermək üçünsə elm adamlarının yanında xüsusi təlim keçməsi praktikası var idi. Çin imperatoru Vu hələ o zamanlar dövlət idarəçiliyinin fəaliyyətinə peşəkarlıq vermək, ona ən istedadlı insanları cəlb etmək məqsədilə islahatlar keçirir, məmur xidmətində özünəməxsus “karyera pilləkəni” tətbiq edir və bununla da dövlət idarəçiliyini taqətdən salan köhnə qaydaları məhv edir, dövlət qulluğuna heç bir mülkiyyət və senzlərlə bağlı olmayan qulluq praktikasını gətirirdi. Məqsədi isə ən istedadlı insanları üzə çıxarıb dövlət işinə cəlb etmək, xüsusi təlim almış insanlardan ibarət peşəkar dövlət idarəçiliyi sistemi yaratmaq, dövlətin uzunömürlülüyünü təmin etmək idi. O zamandan etibarən dövlət haqqında, onun idarə edilməsi haqqında bilikləri öyrənmək, bu bilikləri nümayiş etdirmək üçün imperatorun tətbiq etdiyi çoxpilləli qəbul imtahanlarında iştirak etmək Çin mədəniyyətinin ayrılmaz atributuna çevrilir. Bu təcrübə artıq çox qədimlərdən dövlət qulluğu üçün “öncə təhsil” prinsipinin qəbul edildiyini göstərir. Məhz bu ənənəyə sadiqlik sayəsində imperatorların dəyişməsindən asılı olmayaraq Çin dövlətçiliyi uzun əsrlərboyu yaşaya bilmişdir. Bu gün də dünyanın bütün bölgələrində dövlət idarəçiliyi xüsusi təhsil görmüş insanlar tərəfindən həyata keçirilir və həmin insanların dövlət qulluğuna hazırlanması, onların qulluğunun uğurlu keçməsini təmin etmək məqsədilə xüsusi təhsil sistemi yaradılıb və ya yaradılmaqdadır.

Müasir dövlət idarəçiliyi, dövlət qulluğu təhsili çox geniş əhatəli bir şəbəkədir. Buraya hər şeydən əvvəl hüquqşünaslar, menecerlər, iqtisadçılar, kompüter elmləri və s. sahələrdə bakalavr, magistr və doktor proqramlarını keçən çoxlu sayda universitetlər daxildir. Onların fundamental nəzəri biliklər almış məzunları müxtəlif dövlət hakimiyyəti və idarəçiliyi orqanlarında bu və ya digər vəzifəni tutur və dövlət qulluğunda çalışırlar. Bununla yanaşı, bir sıra aparıcı universitetlərdə bilavasitə inzibati elita hazırlığı ilə məşğul olan dövlət idarəçiliyi üzrə xüsusi fakültələri, məktəbləri və institutları fəaliyyət göstərir. ABŞ-da Harvard Universitetinin Con Kennedi Dövlət İdarəçiliyi Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsi, Kanadanın Karlton Universiteti nəzdindəki Dövlət İdarəçiliyi İnstitutu və s. kimi fərqli dəyərlər sistemi, müxtəlif elmi məktəblər və təhsil texnologiyaları bazasında fəaliyyət göstərən bu geniş miqyaslı təhsil şəbəkəsi davamlı olaraq dünyanın dövlət idarəçiliyi sistemini yaxşı təhsil görmüş mütəxəssislər ordusu ilə təchiz edir. Lakin bu da hələ haqqında söhbət gedən şəbəkə haqqında tam təsəvvür vermir. Dövlət qulluğu təhsilinin nüvəsini dövlət hakimiyyəti və idarəçiliyi orqanlarının ehtiyaclarına maksimal dərəcədə uyğunlaşdırılmış təhsil müəssisələri təşkil edir ki, onlar artıq dövlət qulluğuna qəbul edilmiş mütəxəssislərin yenidən hazırlanması, ixtisasartırması ilə məşğul olurlar. Müxtəlif ölkələrdə bu mühüm dövlət əhəmiyyətli vəzifələrinin yerinə yetirilməsində iştirak edən mərkəzlərin sayı çoxdur. Amma bütün hallarda onların arasında bir aparıcı mərkəz tanınır. MDB ölkələrində bu funksiyanı müvafiq ölkə Prezidenti yanında fəaliyyət göstərən Dövlət İdarəçiliyi və ya Dövlət Qulluğu akademiyaları yerinə yetirir. Mərkəzi, Qərbi və Şərqi Avropa ölkələrinin hamısı və Asiyanın əksər ölkələrində kontingenti çox ciddi surətdə seçilən Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası (Rusiya Federasiyası), ENA (Fransa), Federal Dövlət İdarəçiliyi Akademiyası (Almaniya), TODAİE (Türkiyə), Li Kuan Yu adına Dövlət Siyasəti Məktəbi (Sinqapur) və s. xüsusi statusa malik təhsil ocaqları kimi fəaliyyət göstərir. Hətta tarixən dövlət qulluqçularının əlavə təhsili sahəsində mərkəzləşmiş sistemi olmayan ölkələr də sonralar bu tipli müəssisələr yaradırlar. Məlumdur ki, kontinental Avropadan fərqli olaraq Böyük Britaniyada dövlət qulluqçularının yenidən hazırlanması, ixtisasartırması sahəsində mərkəzləşmiş bir sistem olmayıb. Dövlət idarəçiliyi, dövlət qulluğu sahəsində təhsil isə London Universitetinin nəzdindəki London İqtisadiyyat və Siyasət İnstitutunda, Oksford, Kembric və digər universitetlərdə həyata keçirilib. Lakin Böyük Britaniya hökuməti də 1970-ci ildə orta və yüksək səviyyələrdə çalışan dövlət qulluqçularının hazırlığını təşkil etmək üçün aparıcı təhsil müəssisəsi kimi Dövlət Qulluğu Kollecini təsis edib. Haqqında bəhs olunan bu milli dövlət idarəçiliyi elmi, tədris, təlim mərkəzləri regional və beynəlxalq şəbəkələrdə birləşərək dövlət qulluğu sisteminin inkişafına güclü təsir göstərmək imkanına malik qlobal qüvvəyə çevrilirlər. Bu gün BMT-nin strukturunda fəaliyyət göstərən dövlət idarəçiliyi şəbəkəsi (UNPAN), UNESCO/UNİTVİN kafedraları şəbəkəsi, Beynəlxalq Dövlət İdarəçiliyi məktəbləri və institutları şəbəkəsi (İASİA), Mərkəzi və Şərqi Avropa dövlət idarəçiliyi institut və məktəbləri şəbəkəsi (NİSPA), Milli Dövlət İdarəçiliyi və Dövlət Qulluğu Akademiyaları və İnstitutlarının Avrasiya Assosiasiyası və s. birliklər çərçivəsində aparılan araşdırmalar və təlim texnologiyalarını nəzərə almadan dünya miqyasında dövlət idarəçiliyi sahəsində cərəyan edən dinamik dəyişiklikləri izah etmək mümkün deyil. Eyni sözləri Avropa İttifaqı çərçivəsində üzv dövlətlərin dövlət qulluğu kadrlarının hazırlanması sahəsində görülən genişmiqyaslı işlər haqqında da demək olar.

Azərbaycan da dövlət qulluqçularının təhsili sahəsində özünəməxsus təcrübəyə malikdir. Sözün geniş mənasında, dövlət qulluğunda çalışanların xüsusi hazırlıq keçməsinin təşkilinə ilk cəhd bu il 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə olub. Lakin Cümhuriyyətin süqutu bu işin davamlı olmasına imkan vermədi. Bir qədər sonra 1921-ci ilin dekabrında Bakıda Mərkəzi Türk Sovet Partiya Məktəbi fəaliyyətə başlayır. Bu məktəbə Azərbaycan, Gürcüstan, Dağıstan, İran və Hindistandan 131 dinləyici qəbul edilir. Növbəti ilin sonunda isə məktəbin ilk buraxılışı olur və məzunlar qarşısında ozamankı respublika rəhbəri Nəriman Nərimanov çıxış edir. Lakin Sovet İttifaqının yaradılması ilə bu praktika da davamlı ola bilmir. İttifaq dönəmində müxtəlif forma və adlarla, kurs, institut, məktəb adları ilə davam edən kadr hazırlığı yalnız Bakı Ali Partiya Məktəbi təsis ediləndən sonra sabit xarakter alır.

Həmin dövrdə müxtəlif profilli məktəb və institutlar mövcud olsa da, kadr hazırlığı işinin nüvəsini Bakı Ali Partiya Məktəbinin fəaliyyəti təşkil edirdi. Cənubi Qafqazda yeganə belə mərkəz olan bu məktəbdə təkcə qonşu respublikalar üçün deyil, Rusiya Federasiyasının, Ukrayna və Belarusun bir neçə vilayəti üçün də kadr hazırlanırdı. Müxtəlif vaxtlarda burada Özbəkistan, Türkmənistan və Dağıstandan partiya-sovet işində çalışan dinləyicilər də təhsil alıblar. Həmin illərdə, xüsusilə də ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdə Bakı Ali Partiya Məktəbi məzunlarının rolu danılmazdır. Azərbaycan KP MK-nın ozamankı Birinci katibi Heydər Əliyev məktəbin inkişafına daim qayğı göstərib. 1972-ci ilin iyun günlərində o, burada olub, Bakı Ali Partiya Məktəbinin 25 illiyinə həsr olunan təntənəli iclasda çıxış edib.

1991-ci ilin iyununda hələ ittifaqın dağılması rəsmiləşməmiş, SSRİ Ali Təhsil Komitəsi sədrinin əmri ilə keçmiş SSRİ ərazisində fəaliyyət göstərən 14 ali partiya məktəbinin hamısı, o cümlədən Bakı Ali Partiya Məktəbi Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna çevrildi. Az sonra Sovet İttifaqının süqutu və Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi nəticəsində yaranmış yeni şəraitdə institut müstəqil dövlətimizin maraqlarından çıxış edərək, öz ənənələrinə və Avropa təcrübəsinə əsaslanmaqla yeni dövlət idarəçiliyi təhsilinin yaradılması istiqamətində müəyyən addımlar atdı. Lakin dövlət qulluqçularının hazırlığının yeni sisteminin əsası bir qədər sonra - 1999-cu il yanvarın 3-də ulu öndər Heydər Əliyevin yeni ildəki ilk fərmanı ilə qoyulmuş oldu. Həmin fərmanla keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təsis edildi və onun nizamnaməsi təsdiqləndi. Nizamnamə Akademiyanın əsas funksiyasını dövlətin idarəçilik və icra hakimiyyəti orqanları üçün mütəxəssislərin hazırlanması və əlavə təhsili sahəsində aparıcı metodik tədris, elm və analitik informasiya mərkəzi kimi müəyyən edir, ona ölkədə fəaliyyət göstərən 50-dən artıq universitet və akademiya arasında Prezident yanında olan yeganə ali təhsil müəssisəsi statusunu verirdi. Əgər nəzərə alsaq ki, bu fərman 1998-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında Prezident fərmanı elan edildikdən sonra Ulu Öndərin dövlət idarəçiliyi ilə əlaqədar imzaladığı ilk fərman idi və dövlət qulluqçularının xidməti fəaliyyətinin normativ-hüquqi əsaslarını müəyyənləşdirən bütün qanunlar, hətta “Dövlət qulluğu haqqında” Qanunun özü də ( 21 iyul 2000-ci il-də) bundan xeyli sonra qəbul edildi, o zaman onun dövlət qulluqçularının təhsilinin təşkilinə necə böyük əhəmiyyət verdiyi tam aydın olar.

Akademiya artıq 19 ildir ki, o zaman Ulu Öndərin imzası ilə təsdiq edilən Nizamnaməsində müəyyən olunmuş şərəfli vəzifələrini uğurla yerinə yetirir, respublikanın kadr potensialının inkişafına öz töhfəsini verir. Bu gün dövlət idarəçiliyinin ən yüksək səviyyələrində - qanunvericilik və icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, hüquq-mühafizə orqanlarında, diplomatik xidmətdə, bank sistemində, KİV-lərdə, elm, təhsil, mədəniyyət müəssisələrində addımbaşı Akademiyanın məzunlarına rast gəlmək mümkündür. Ötən illər ərzində Akademiya elmi-pedaqoji potensialı, tədris-metodik səriştəliliyi, mənəvi keyfiyyətləri ilə cəmiyyətimizin dərin rəğbətini qazana bilib, təhsilə təcrübəyönümlü, nəticəyönümlü innovativ yanaşmaları, yeniliklərə açıqlığı, demokratik mühiti ilə özünün peşəkarlıq səviyyəsini, ünsiyyət və davranış bacarıqlarını artırmağa çalışan dövlət qulluqçularının, sosial elmlərin və texnologiyaların sirlərinə dərindən yiyələnmək istəyən istedadlı gənclərin can atdığı cazibədar bir təhsil məkanına çevirilib.

Əldə edilən nailiyyətlər bu təhsil müəssisəsinin banisi və memarı olan Ulu Öndərin, onun zəngin siyası və idarəçilik məktəbinin ardıcıl və layiqli davamçısı olan Prezident İlham Əliyevin DİA-nın inkişafına göstərdiyi daimi diqqət və qayğının sayəsində mümkün olub. Xüsusilə də, Prezidentin son illərdə imzaladığı iki Fərman – “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” 2014-cü il 11 dekabr tarixli və “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsində dəyişiklik edilməsi haqqında” 2017-ci il 22 sentyabr tarixli fərmanlar Akademiyanın qarşılaşdığı ciddi çətinliklərin aradan qaldırılmasında həlledici rol oynayıb.

Professor Ə.Abdullayev məqaləni bu sözlərlə tamamlayır: “Təbii ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçuları təhsilinin yeganə ünvanı deyil. Ölkədə bir sıra nazirlik, komitə və digər dövlət orqanları öz daxili ehtiyaclarını ödəmək üçün müvafiq ali təhsil müəssisələri, təlim mərkəzləri təsis edib. Akademiya kimi onlar da dövlət qulluğu təhsili şəbəkəsinin fəal üzvüdür və Azərbaycanı dünyanın ən yüksək templərlə inkişaf edən ölkələrindən biri etmiş səmərəli dövlət idarəçiliyi sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. Odur ki, rəsmən dövlət qulluqçusu kimi tanınan həmvətənlərimizlə yanaşı, onlara da dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik payı düşür və bu gözəl fürsətdən istifadə edərək böyük məmnuniyyətlə dövlət qulluğu ilə bu və ya digər dərəcədə bağlı olan hər bir kəsi səmimi qəlbdən təbrik edirəm.

Bayramınız mübarək, əziz dostlar!”