Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-15 15:21:00
BMU-da işğaldan azad olunan regionların bərpa strategiyası müzakirə edilib

Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə kafedrasının təşkilatçılığı ilə “İşğaldan azad olunan regionların bərpa strategiyası” adlı onlayn seminar keçirilib.

 

Universitetdən AzEdu.az - a verilən məlumata görə, tədbir universitetin Maliyyə kafedrasının müdiri,  i.ü.f.d. Füzuli Əliyevin moderatorluğu ilə baş tutub. Kafedra müdiri Prezident cənab İlham Əliyevin işğaldan azad olunan rayonların sürətli bərpasının həyata keçiriləcəyini, dirçəldiləcəyini vurğuladığını nəzərə çatdırıb. F.Əliyev bərpa məsələlərinin elmi müzakirələrinin vacibliyini fikirlərinə əlavə edib.

 

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov belə bir aktual mövzunu müzakirəyə çıxarılmasının önəmini vurğulayıb. Prorektor 44 gün ərzində Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə ölkə rəhbərliyi başda olmaqla, əsgərləri və xalqımızı təbrik edib. E.Süleymanov illərlə erməni vandalizminə məruz qalan ərazilərimizdə hazırda ortaya çıxan problemlərin həlli yollarını və təkliflərini təqdim etmək öhdəliyi kimi məsuliyyətli işin iqtisadçıların üzərinə düşdüyünü bildirib. O, ermənilərin vurduğu zərər barədə müxtəlif hesablamaları iştirakçıların diqqətinə çatdırıb.

 

Daha sonra  BMU-nun Maliyyə kafedrasının professoru Saleh Məmmədov məruzə ilə çıxış edərək, erməni işğalının ölkəmizə vurduğu iqtisadi və maliyyə zərərlərindən ətraflı danışıb. Bununla yanaşı, məruzəçi Şuşada smart şəhərin yaradılması, tarixi abidələr, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə və turizmin  bərpası istiqamətində görülə biləcək işlərdən ətraflı bəhs edib, Şuşa rəqəmsal universitetinin yaradılması və xaricdəki iş adamlarının bu işə cəlb olunmasının zəruriliyini diqqətə çatdırıb.

 

Tədbirdə məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.