Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-15 12:45:00
Biləsuvarda məktəblərdə metodik xidmət sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə reallaşdırılır - FOTO

Biləsuvar rayonunda Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş “Məktəb daxilində kafedraların yaradılması ilə metodik xidmət sisteminin təkmilləşdirilməsi” layihəsinin icrası uğurla davam edir.

 

AzEdu.az xəbər verir ki, layihə rəhbəri Mehman Əliyevin  verdiyi məlumata görə, məktəblərdə onlayn təlimlər təşkil edilib. Bu təlimləri başa vurmuş kafedra rəhbərləri də öz növbəsində təlimdə əldə etdikləri yeni bilik və bacarıqları digər müəllimlərlə bölüşəcəklər.

 

Daha sonra kafedra rəhbərləri işə başlayacaq və müəllimlərlə onlayn formada işləməyə start verəcəklər. Kafedra rəhbərləri müəllimlər ilə birlikdə müvafiq fənn üzrə illik planın, qiymətləndirmə vasitələrinin, paylama materiallarının hazırlanmasını həyata keçirəcəklər.

 

Layihə çərçivəsində, həmçinin kafedralarda işin yekunu olaraq “Zoom” proqramı vasitəsilə beş gün ərzində hər kafedra öz işinin hesabatlılıq təqdimatlarını təşkil edəcək. Bu təqdimatlarda həm kafedra rəhbərləri, həm də hər kafedradan əlavə bir aparıcı müəllim də iştirak edəcək.

 

Onlayn təqdimatların məqsədi kafedraların yekun olaraq məktəbin ümumi illik fəaliyyət planı və vahid qiymətləndirmə formasını təsdiqləmək olacaq. Bununla yanaşı, ənənəvi olaraq hər ay iki kafedra “Onlayn Peşəkarlıq Günü” adı altında təhsil sahəsində müxtəlif yeniliklər və nailiyyətləri barədə təqdimatlar edəcək.

 

Layihənin fəaliyyət planına uyğun olaraq yekunda donor tərəfə hesabat verilməsi üçün hesabatlar hazırlanacaq.(Azərtac)