Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-13 09:29:00
“Səpələnmişdik, amma yenə də təhsil üçün əlimizdən gələni edirdik” – Laçının RTŞ müdiri

 

 

 

“Bu gün biz  bütün  keçmiş məcburi köçkün rayonlarının sakinləri kimi qürurluyuq!  Artıq məcburi köçkün adı üzərimizdən götürülür.  Ali Baş Komandanın səriştəsi, qətiyyəti, rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində 28 ildən sonra azad olunmuş doğma Laçında fəaliyyət göstərmək, bir yerə toplaşaraq doğma rayonumuzda, kəndlərimizdə fəaliyyətimizi davam etmək, nəzarət mexanizmini daha da gücləndirməyimizə səbəb olacaq”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov bildirib.

 

O, Laçın rayonunun tərkibində olan ümumtəhsil məktəbləri ilə bağlı statistikanı da bölüşdü :

 

“Laçın rayonunun artıq keçmiş  məcburi köçkünləri Respublikanın 58 şəhər və rayonunda məskunlaşıb.

 

Dövlətimiz bütün şagirdlərin təhsil  hüququnu  hər zaman təmin edir. İşğaldan əvvəl rayonumuzda 101 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar  təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bu gün isə 104 ümumtəhsil  məktəbi  və 2 məktəbdənkənar təhsil müəssisəsi Respublikanın fərqli bölgələrində fəaliyyət göstərir. Bu məktəblərin 51-i Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində, 26-sı isə laçınlı məcburi köçkünlərinin kompakt məskunlaşdığı Ağcabədi rayon Taxtakörpü ərazisində, 14-ü Bərdə rayonunda, qalan 13 məktəb isə respublikanın digər bölgələrdə fəaliyyət göstərir. Bütün bu səpələnmələrə baxmayaraq daim nəzarət mexanizmini yüksək səviyyədə həyata keçirmək üçün əlimizdən gələni edirik”.

 

“Müəllimlər müqəddəs fəaliyyətlərinə dogma Laçında davam edəcəkləri, şagirdlər isə öz doğma yurdlarında parta arxasında əyləşəcəkləri günü səbirsizliklə gözləyir”.

 

RTŞ  rəhbəri  Laçın təhsilinin qədim ənənələrə malik olmasından və böyük qayıdışdan sonrakı planlarından da danışdı:

“Hər il uğurlu nəticələrimiz bizi nə qədər şad etsə də, sanki bir gözümüz ağlayırdı. Çünki Laçın dağlıq rayon olsa da öz təhsil ənənələri olan bir rayondur. Hələ 1918-ci ildə ilk dəfə müstəqilliyimiz elan olunanda ilk nazirlərdən ikisi Laçından olmuşdur. Belə ki, Cümhuriyyətin ilk hərbi naziri Xosrov bəy Soltanov, Maarif naziri isə Nurməhəmməd bəy Şahsuvarov olub.  

 

Böyük qayıdışla bağlı planlarımız, layihələrimiz təbii ki, çoxdur. Bunları böyük  məğrurluq hissi ilə həyata keçirəcəyik. Hər zaman fərqli regionlarda təlimlərə qoşulmuşuq, konfranslarda iştirak etmişik, bir gün belə möhtəşəm tədbirlərin Laçında, Şuşada eləcə də digər işğaldan azad edilmiş bölgələrimizdə olması xəyallarımız şükürlər olsun ki, artıq gerçəkləşdi.

 

Kollektivimizdəki 2360 nəfər müəllim, məktəblərimizdə təhsil alan 13615 nəfər

 

şagirdin hər biri bir nəfər kimi Ali Baş Komandanın əmri ilə torpaqlarına qayıdacaqları günü böyük ümid hissi ilə gözləyir. Müəllimlər müqəddəs fəaliyyətlərinə dogma Laçında davam edəcəkləri , şagirdlər isə öz doğma yurdlarında parta arxasında əyləşəcəkləri günü səbirsizliklə gözləyir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları